Ekspert: Tarif Şurası niyə yanacağın qiymətini dəyişdi?backend

Ekspert: Tarif Şurası niyə yanacağın qiymətini dəyişdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif Şurasının açıqlamasında qeyd edilib ki, iki seqmentə dəstək olunacaq. Bunlar kənd təsərrüfatı və nəqliyyat sektorlarıdır. Ümumiyyətlə, insanları da ən çox narahat edən məsələ bu və onlara bağlı sahələrdə yaşana biləcək ehtimal qiymət artımıdır. Lakin yanacaq qiymətlərinin artırılması həm kənd təsərrüfatına ayrılacaq subsidiyalarda, həm də nəqliyyat sahəsinə tətbiq ediləcək dəstək paketində öz əksini tapacaq.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban Tarif Şurasının növbəti iclası və verilən qərarlar haqda danışarkən deyib.

Ekspert bildirib ki, Tarif Şurası ilk dəfədir verdiyi qərarları belə geniş bir izahda təqdim edir: “Qəbul edilən bütün qərarların səbəb və nəticələri barədə ətraflı və geniş şəkildə məlumat verilib. Xüsusilə benzinin qiymətinin artırılmasındakı faktorlar və SOCAR-ın hansı səbəbdən belə bir təkliflə müraciət etməsi izah edilib.

Bununla belə, mənim diqqətimi çəkən məsələ ölkədə yanacağın keyfiyyətinin artırılması və Heydər Əliyev adına Neft Emalı zavodunun modernləşməsi oldu. Bu işlərin görülməsi üçün kapital lazımdır. Bu vəsait ya dövlət tərəfindən, ya da daxili bazarın gəlirindən təmin edilməlidir. Hazırkı vəziyyətdə daha məqbul variant daxili bazarın maliyyə resurslarından istifadədir. Çünki qiymət artımı bir məhsulun daha qənaətcil istifadəsinə gətirib çıxarır”.

Ekspert bildirib ki, Tarif Şurasının qiymət artımına getməsində digər faktor ekoloji vəziyyətdir: “Şəxsi qənaətimə görə, dizelə tələbatı çox azaltmaq doğru deyil. Ekoloji vəziyyəti düşünməli olsaq da, dizelə tələbat da qalmalıdır. Lakin bir reallıq da var ki, son illərdə ölkədə avtomobil sayının kəskin artması ekoloji vəziyyətə təsirsiz ötüşməyib. Bu mənada ekoloji tarazlıq bərpa olunmalıdır”.