Son günlər aktual olan mövzulardan biri də 110 ölkənin iştirak etdiyi Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasının yekun nəticələri ilə bağlıdır. Nəticələrə əsasən, olimpiada da ilk yerdə Çin (6 qızıl), ikinci yerdə ABŞ (5 qızıl, 1 gümüş), üçüncü yerdə isə Cənubi Koreya (4 qızıl, 2 gümüş) qərarlaşıb.
Türkiyə (2 qızıl, 3 gümüş, 1 bürünc) bu olimpiada da 10-cu yerdədir. Təəssüf doğuran isə odur ki, Azərbaycan bu olimpiada da heç bir medal qazanmayıb.
Beləliklə, olimpiadanın nəticəsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Bu gün doğurdanmı ölkədə riyaziyyat sahəsinə maraq göstərən istedadlı gənclər yoxdur?
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, istər olimpiadalar, istər yarışlarla bağlı bizim bütün olimpiadalarda qalib olmaq kimi bir öhdəliyimiz yoxdur və bundan panikaya düşməyə ehtiyac görmürəm:
“Bu məsələnin bir tərəfidir. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycan elm və təhsil naziri təyin olunarkən, yəni Emin Əmrullayevin nazir kimi təqdimatı verilərkən başqa bir əsas gətirə bilmədilər. Dedilər ki, istedadlı uşaqlarla iş məsələsində, xüsusilə də olimpiadalarda yaxşı nəticələri olub.
Ancaq zamanla Emin Əmrullayev məhz onun nazir olmasına təkan verən istedadlı uşaqlarla iş sahəsində heç nə etmədi. Birincisi, olimpiadaların təşkili ilə bağlı əvvəlki şəffaf mühit yoxdur. Ona görə də beynəxalq olimpiadalarda uğur qazana biləcək o şagirdlərlə işləyən müəllimlər də ruhdan düşüb.
İkincisi, lisey və gimnaziyalara qəbul tamamilə bazara dönüb. Yəni nazirin ETN-nə gətirdiyi şəxslər təhsil yox, daha çox qısa müddətdə qazanc əldə edirlər. Təhsilin bütün sahələrində, o cümlədən istedadlı uşaqlarla iş sahəsində bərbad vəziyyətdir.
Beynəlxalq riyaziyyat olimpiadası elədir ki, son 15 il ərzində elə il olmayıb ki, bizim şagirdlərimiz orada uğur qazanmasın. Ancaq son hadisə bir daha göstərir ki, ölkədə təhsil sisteminin bütün sahələri, o cümlədən istedadlı uşaqlarla iş sistemi artıq tamamilə nəzarətdən çıxıb”.
Ekspertin sözlərinə görə, səbəb odur ki, təhsilin bütün sahələrinə, o cümlədən istedadlı uşaqlarla iş sisteminə kommersiya, biznes gözü ilə baxılır:
“Nümunə üçün deyim ki, ölkənin riyaziyyat olimpiadalarında medal gətirən, uğur qazanan fizika-riyaziyyat-informatika təmayüllü lisey 1 ildir ki, direktorsuzdur. Lisey və gimnaziyaların idarə edilməsində, uşaqların qəbul edilməsində elə addımlar atılır ki, bunu may ayında da gördük. Təhsil İnstitutu təhsil sahəsində elmi araşdırmalar aparmaq əvəzinə imtahanlar keçirməklə məşğuldur. Eləcə də ETN ölkənin təhsil islahatını həyata keçirmək əvəzinə imtahanlar, təlimlər keçirməklə məşğuldur.
Elm və təhsil nazirinin səriştəsiz, təhsilə kommersiya gözü ilə baxan komandanın özünəməxsus idarəetməsinin acı nəticəsidir ki, ölkədə təhsilin bütün sahələrində, o cümlədən istedadlı uşaqlarla iş sahəsində fiaskodur. Düşünürəm ki, bundan sonrakı olimpiadalarda da 5-10 il bundan öncəki nəticələrimiz sürətlə aşağı düşəcək. Çünki istedadlı uşaqlarla iş məsələsi bərbad vəziyyətdədir.
Onun acı nəticəsidir ki, yalnız riyaziyyat olimpiadası deyil, digər olimpiadalarda da nəticələrimiz sürətlə aşağı düşməkdədir. Yəni 5-10 il bundan öncə beynəlxalq olimpiadalarda ildə 150-170 medal qazana bilirdiksə, indi geniş yayılmış olimpiadalarda 1 medal belə qazana bilmirik”.