İsrailin Suriyadakı hava zərbələrinin hədəfi hava hücumundan müdafiə qüvvələri üçün nəzərdə tutulmuş Türkiyə istehsalı olan raket və hərbi texnikanın olduğu anbarlar olub.
NOCOMMENT.az xəbər verir ki, Dubaydan yayımlanan “Al Hadath” telekanalına İsrail təhlükəsizlik güclərindəki mənbə bildirib.
Onun məlumatına görə, Suriya tərəfinə ötürülən türk silah və texnikası Homs şəhəri yaxınlığında (Dəməşqdən 165 km məsafədə) Suriyanın hava hücumundan müdafiə obyektində yerləşdirilib.
Mənbə bildirib ki, İsrail Suriya ilə təhlükəsizlik sazişi üzrə danışıqlar aparır, lakin “lazım gələrsə, gücə əl atacaq”. O, iddia edib ki, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara guya “xarici təzyiq altındadır” və hələ də İsraillə “ciddi razılaşmalara” maraq göstərməyib.
Mənbə yəhudi dövlətinin Türkiyə ilə qarşıdurmadan qaçmağa çalışdığını vurğulayaraq, “Suriyada istənilən hədəfi, harada olursa olsun, İsrail üçün təhlükə yaradarsa, onu vuracağıq” dedi.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr çərşənbə axşamı gecə Homs və Palmira yaxınlığında, eləcə də liman şəhəri Latakiyanın şimalında bir neçə hərbi obyektə hücum edib. Hava hücumlarından biri Suriyanın mərkəzindəki eyniadlı vilayətin paytaxtı Homs şəhərinin cənubundakı Maskanda Suriyanın hava hücumundan müdafiə bazası və məktəbinin yerləşdiyi ərazini hədəf alıb. Hava hücumunun nəticələri barədə məlumat verilməyib.
Ərəb Respublikasının Xarici İşlər Nazirliyi İsrailin Latakiya və Homs əyalətlərindəki hərbi obyektlərə aviazərbələr endirməsini qətiyyətlə pisləyib və BMT Təhlükəsizlik Şurasını bu təcavüzkar hərəkətlərə son qoymağa çağırıb.