8 avqustda Vaşınqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması baş tutub və bu, iki ölkə arasında münasibətlərin normallaşmasına doğru mühüm irəliləyişdir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov “I24 News” telekanalının fransız redaksiyasına müsahibəsində bildirib.
Elçin Əmirbəyov qeyd edib ki, bu mərhələdə söhbət yalnız paraflanmadan gedir, yekun imzalanmadan yox: “Belə ki, sülh sazişinin imzalanması və həyata keçirilməsi üçün Ermənistan tərəfi hələ də konkret addımlar atmalıdır. Xüsusilə də, Ermənistan Konstitusiyasında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd olan, qəbuledilməz ərazi iddialarını ifadə edən müddəalar hələ də qalmaqdadır. Buna görə, davamlı sülhün bərqərar olunması üçün, Ermənistanın əsas qanunu hər iki ölkə tərəfindən artıq paraflanmış sülh sazişin mətni və ruhu ilə uyğunlaşdırılmalıdır.
Bununla belə, sazişin paraflanması özü-özlüyündə böyük irəliləyiş sayılır. Bu, ikitərəfli formatda aparılmış konstruktiv dialoqun, hər iki tərəfin siyasi iradəsinin və əlbəttə ki, bir sıra beynəlxalq tərəfdaşların konstruktiv dəstəyinin nəticəsidir. Xüsusi olaraq, ABŞ Prezidenti Donalrd Trampın şəxsi töhfəsini və səylərini yüksək qiymətləndiririk. Əgər bu proses ciddi və qətiyyətlə davam edərsə, Cənubi Qafqaz tarixində əməkdaşlıq, sabitlik və ortaq rifaha əsaslanan yeni bir səhifə açıla bilər”.\\KONKRET.az