Eldar Əzizov kimdir? – Mehmandarovların davamçısı…backend

Eldar Əzizov kimdir? – Mehmandarovların davamçısı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, lent.az “Bioqrafiya” rubrikasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovdan bəhs edir.

– Eldar Əzizov harada və nə zaman anadan olub?

Əzizov Eldar Əziz oğlu 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub.

– Eldar Əzizov ali təhsilini harada alıb?

Eldar Əzizov 1979-cu ildə Bakıda Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

– Eldar Əzizovun karyera yolu necə başlayıb?

O, 1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.

– Eldar Əzizov deputat olub?

Bəli. O, 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.

– Eldar Əzizov başqa hansı vəzifədə çalışıb?

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

2000-ci ilin iyun ayından Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub.

2015-ci ilin sentyabr ayında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

– Eldar Əzizov nə zamandan Bakı Şəhər İcra Hakimiyyəti başçısıdır?

O, 2018-ci ilin noyabr ayında indiki vəzifəsinə təyin edilib.

– Eldar Əzizov hansı fəxri mükafatları alıb?

1980-ci ildə “Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib.

– Eldar Əzizov ailəlidir?

Bəli. Ailəlidir, 2 övladı var. Oğlu Şamil Əzizov Heydər Əliyev Mərkəzinin direktorunun köməkçisidir.

– Eldar Əzizov tanınmış nəslin nümayəndəsidir?

Bəli. O Mehmandarovlar nəslinin davamçısıdır.

– Eldar Əzizov 2 gün öncə Bakıda yaşanmış yağış fəlakətini necə qiymətləndirib?

“Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normadan artıq yağıntı olub.

İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək”, – Eldar Əzizov vurğulayıb.

O qeyd edib ki, Bakı sürətlə inkişaf edir, yeni binalar tikilir. Buna paralel olaraq kanalizasiya sistemi də inkişaf etməlidir: “Bu isə bəzən alınır, bəzən yox. Hər halda problemlər mövcuddur. Kanalizasiya sisteminin problemi müəyyən mənada gündəlikdədir və tədbirlər görülür. Bilirsiniz ki, bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəzifəsidir, amma biz də bu prosesdə iştirak edirik, özümüzü kənarlaşdırmırıq. Hər halda təhlillər aparıldıqdan sonra rəsmi məlumat verəcəyik”.