Eldəniz Səlimovun kamera yoldaşları kimlərdir?backend

Eldəniz Səlimovun kamera yoldaşları kimlərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda restoranda polisi döyməkdə ittiham edilərək həbs olunan deputat Eldəniz Səlimov hazırda Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.

NOCOMMENT bizimyol.info-ya istinadən xəbər verir ki, deputatın olduğu kamerada ondan başqa daha 7 nəfər var. Onlardan biri də ilahiyyatçı Taleh Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovdur. Bu barədə Razi Hümbətovun vəkili Cavad Cavadov məlumat verib.

“Kamerada səkkiz nəfər saxlanılır. Kamera yoldaşlarından biri də maraqlı insandır – deputat Eldəniz Səlimovdur. Razi Hümbətov kameranın sahəsini dəqiq demədiyinə görə bunun qaydalara uyğun olub-olmadığını araşdırmasız deyə bilmərəm. Lakin düşünürəm ki, yenə də adam sayı çoxdur. Dövlət orqanlarının həbsdə olanların saxlanılma şəraiti ilə bağlı qaydalara əməl etməsi zəruridir”, – deyə vəkil bildirib.

Razi Hümbətov iyulun 7-də yaşadığı Ceyranbatan qəsəbəsində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. İki gün sonra məlum olub ki, onu saxlayanlar Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Lakin o, ittihamı rədd edir, narkotikin ona aidiyyəti olmadığını bildirir.

Müsəlman Birliyi Hərəkatı da Razi Hümbətovun narkotikdən uzaq biri olduğunu, əksinə, bu problemə qarşı aktiv mübarizə apardığını bəyan edib. Onun həbsini sosial şəbəkələrdəki paylaşımları ilə əlaqələndirir.

Deputat Eldəniz Səlimov isə avqustun 3-dən həbsdədir. O, haqqındakı həbs qərarından apellyasiya şikayəti versə də, sonradan geri götürüb.

45 yaşlı deputat iyulun 29-da Xaçmaz rayonunda “Starıy dvor” restoranında Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etmə vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham irəli sürülüb.

Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Eldəniz Səlimov avqustun 2-də səhv etdiyini bildirərək üzr istədi. Yaydığı açıqlamada onu da vurğuladı ki, baş verənlərə gətirib çıxaran səbəblər olub: “Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək”.

Eldəniz Səlimov həbs olunsa da, deputat mandatı qüvvədədir. Konstitusiyanın 89-cu maddəsinə əsasən, bu cür hallarda deputat ya özü könüllü qaydada mandatdan imtina etməlidir, ya da onun təqsirliliyinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır.