Elə o şəxs də cinayətlə əlaqəlidir – Nərminin ölümünün 3-cü ili…backend

Elə o şəxs də cinayətlə əlaqəlidir – Nərminin ölümünün 3-cü ili…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın meyitinin tapılmasından 3 il ötür.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, 2020-ci il yanvarın 6-da kənddə cəsədi yandırılmış halda tapılan uşağın qətli ilə bağlı hələ də yekun qərar yoxdur.

2009-cu il təvəllüdlü kənd sakini N.Quliyeva 19 noyabr 2019 tarixində itkin düşmüş, düz 47 gün sonra elə həmin kənddə meyiti tapılmışdı. Belə ki, Nərmin 19 noyabrda əmisigilə getmiş, oradan qayıdarkən yoxa çıxmışdı. Onu əmisigilə atası Şərif Quliyev gödəkçə götürməyə göndərmişdi. Noyabrın 27-də Nərminin ailəsi “Səni axtarıram” verilişinə çıxaraq qızlarının qaçırıldığını iddia etmişdilər.

2020-ci il yanvarın 6-da Dondar Quşcu kəndində indi sözügedən iş üzrə təqsirləndirilən İlkin Süleymanovun evinin yaxınlığında yandırılmış meyit tapılması xəbəri yayıldı. Bundan sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşları kəndə ezam olundu. Yanvarın 9-da ovaxtkı Baş prokuror Zakir Qaralov Prezident İlham Əliyevin hadisəni xüsusi nəzarətinə götürdüyünü açıqladı. Yanvarın 10-da isə 1973-cü il təvəllüdlü kənd sakini İlkin Süleymanov şübhəli şəxs qismində saxlanıldı. İstintaq zamanı Süleymanovun cinayəti etiraf etdiyi və “psixoloji problemləri” olduğu bildirildi. Hüquq-mühafizə orqanlarının qənaətinə görə, meyit yandırılmazdan 5 gün əvvəl öldürülmüşdü, başında xəsarət izləri var idi.

Düz il yarım iş üzrə istintaq davam etdi. Nəhayət 2021-ci ildə iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Məsələyə hüquqi qiymət verilməsi üçün iş təcrübəli hakim Dadaş İmanova həvalə olundu.

Xatırladaq ki, məhkəmə dövründə iş üzrə bir sıra ziddiyyətli məqamlar ortaya çıxıb. Süleymanov və ailəsi isə cinayət ittihamlarını qəbul etmir. Təqsirləndirilən şəxsin bacısı İlhamə Süleymanova qardaşının əməli “işgəncə altında” etiraf etdiyini deyir. Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edir.

Qeyd edək ki, Nərminin atası ilə İlkin Süleymanov sinif yoldaşı olublar. İlkin heç vaxt ailə qurmayıb. İttihama əsasən, İlkin sinif yoldaşı Şərifin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib.

Məhkəmə araşdırması davam etdirilir.

Bu günlərdə İlkinin atası İbrahim Süleymanov müraciət yayımlayıb. Həmin müraciətdə də iş üzrə ziddiyyətli məqamlar olduğu bildirilib: “6 yanvar 2020-ci il tarixində bizim evimizin qarşısında yanan vəziyyətdə meyit aşkar olunub. Meyiti ilk görən şəxs oğlum İlkin olub. Buna görə həmin gün o, Tovuz RPŞ-yə aparılıb. Oğlum 6 yanvar 2020-ci ildə həbs olunsa da, həbsin tarixi saxtalaşdırılaraq 10 yanvar göstərilib. Yəni İlkin 4 gün Tovuz RPŞ-də saxlanılıb. Dözülməz işgəncələr verilməklə qətl oğlumun boynuna zorla qoyulub. Bu cinayət işinin saxta olmasına və əsl cinayətkarları qorumaq məqsədi ilə oğlumun şərlənərək həbs olunmasına dair kifayət qədər faktlar var.

Bakıdan gəlmiş ekspertlər meyiti və hadisə yerini müayinə edərək meyitin üzərində və hadisə yerində aşkar olunan bütün əşyaların fotolarını çəkib və protokallaşdıraraq götürüb. Bundan sonra meyit morqa göndərilib və orada da meyitin üzərində olan yanmış paltarlar yenidən qeydə alınaraq çıxarılıb, fotoşəkilləri çəkilməklə götürülüb. Sonradan hadisə yerindən, meyitin üzərindən çıxmış həmin paltarlar və əşyalar qablaşdırılıb, möhürlənib və müayinə üçün Bakıya ekspertiziya göndərilib. İstintaq işi ilə tanış olan zaman biz müəyyən etdik ki, müayinəyə göndərilən, meyitin üzərindən çıxmış paltar kimi təqdim olunan paltarların arasında müəmmalı şəkildə “göy rəngli cins şalvar” peyda olub. Hansı ki, bu şalvar meyit tapılan zaman üzərində və ətrafında şəkilləri çəkilərək götürülən və siyahısı tutulan paltarlar arasında yoxdur.

Valideyinlərin müstəntiqlərə verdiyi ifadələrinə görə də Nərmin itən zaman onun əynində cins şalvar olmayıb. Görəsən bu göy cins şalvar haradan və necə ortaya çıxıb? Bu şalvar kimin əli ilə meyitin üzərindən çıxmış paltar kimi təqdim olunmağa çalışılıbsa, elə o şəxs də birbaşa cinayətlə əlaqəli olan şəxsdir.

Bu şəxs hər kimdirsə, istintaqa müdaxilə etmək imkanına sahib olan bir şəxsdir. Həmin şalvarın üzərindən guya İlkinin gödəkçəsinin lifi aşkar edilib. Amma İlkin həbs olunduğu tarixdən 2 gün sonra – 8 yanvarda polis kapitanı Vüqar Hüseynov bizə gələrək İlkinin isti paltarlara ehtiyacının olduğunu bildirdi. Bu səbəbdən digər oğlum Bəhruz Tovuz bazarından bir dəst isti alt paltarı alaraq birbaşa Tovuz RPŞ-yə apardı və İlkinə çatdırılmasını xahiş edib. Bu faktı paltarı satan şəxs Müslüm Əliyev də məhkəmədə təsdiq edib. Qəribədir ki, lifli materialların ekspertiza rəyində həmin isti alt şalvarın üzərində Nərmin Quliyevaya məxsus paltarların liflərinin aşkar olunduğu qeyd olunub. Bu isti alt paltar bazardan alınanda Nərminin cəsədi 2 gündür tapılmış, dəfn olunmuş və İlkin 2 gündür həbs olunmuşdu. Necə ola bilər ki, meyit aşkar olunduqdan 2 gün sonra bazardan alınmış isti alt paltarının üzərindən Nərminin paltarına məxsus lif aşkar edilsin?

İttiham aktında qeyd edilir ki, guya oğlum, mərhumun başında əmələ gələn xəsarətlərdən ətrafa qan axmasının qarşısını almaq məqsədilə evdə olan qırmızı rəngli yorğan üzünün bir hissəsini mərhumun baş nahiyəsinə qoyaraq qanın ətrafa yayılmasının qarşısını alıb və sonra meyiti evimizin qarşısına ataraq yandırıb. Onda yanmış vəziyyətdə tapılan meyitin saçlarının yanmadığını da nəzərə alsaq, həmin yorğan üzü mərhumun başından mütləq aşkarlanmalı idi. Ancaq nə meyitin hadisə yerində müayinəsi zamanı, nə də morqda müayinəsi zamanı, nə də hadisə yerindən belə bir qırmızı parça tapılıb. Bu, istintaq işində də əksini tapıb”.