Əli Əhmədov: Bu tarixin yaradılmasına şəhadət edirikbackend

Əli Əhmədov: Bu tarixin yaradılmasına şəhadət edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov özünün rəsmi feysbuk səhifəsində “Azərbaycan Qarabağı azad etməklə Cənubi Qafqaza sülh, bütün dünyada haqqı pozulanlara ümid və inam bəxş edir” sərlövhəli məqalə yayımlayıb.

NOCOMMENT-in məlumatına görə, Ə.Əhmədov məqaləsində qeyd edir ki, 30 il Azərbaycan hüququn gücünə inandı, dözdü, səbrlə gözlədi: “Lakin dünyanın hər addımda bəhs etdiyi hüququn gücünün onun haqq işinə heç bir faydası olmadı. Ermənistanın bütün beynəlxalq hüquq normalarını pozmaqla havadarlarının köməyi ilə zəbt etdiyi ərazilərimiz işğaldan azad edilməmiş qaldı.

Erməni silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, digər mötəbər beynəlxalq təşkilatların qərar və bəyanatlarına, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasına rəğmən münaqişəyə son qoyulması, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, bir milyon məcburi köçkünün öz yurd-yuvalarına dönməsi istiqamətində səylər gözlənilən nəticəni vermədi. Həyat göstərdi ki, müasir beynəlxalq münasibətlərin əsasını təşkil edən beynəlxalq hüquq heç də həmişə hüququn gücü missiyasını yerinə yetirə bilmir və ya sadəcə bunu istəmir.

Hüquq, ən sadə şəkildə desək, hamı üçün ümumi və yerinə yetirilməsi zəruri olan davranış çərçivələrinin müəyyən edilməsidir. Onun seçmə qaydasında tətbiq edilməsi apriori hüquq sisteminin çökməsi deməkdir. Eynilə də, beynəlxalq hüququn seçmə qaydasında tətbiqi qədər onun gücünə inamı sarsıdan ikinci nəyisə düşünmək çox çətindir. Lakin beynəlxalq hüququn seçmə qaydada tətbiq edilməsi müasir dünyanın acı reallığına çevrilib.

Nəticə isə göz qabağındadır: bütün dünyada baş alıb gedən terrorizm, separatizm, işğalçılıq, etnik təmizləmə, ölkəsi və yurd-yuvası dağılan yüz minlərlə günahsız insanın acınacaqlı qaçqın həyatı, saysız hesabsız insan faciələri, şiddət və zorakılıq.

Beynəlxalq hüququn seçmə qaydada tətbiqinin fəsadlarını Azərbaycan 30 il öz təcrübəsində yaşamalı oldu. Və bundan düzgün nəticə çıxardı. Pozulmuş hüquqlarını bərpa etmək, işğal olunmuş ərazilərini geri qaytarmaq, əhalisinin təhlükəsizliyini təmin etmək, ədaləti bərqərar etmək üçün özünə, öz gücünə, Ali Baş Komandanının qətiyyəti və müdrikliyinə, xalqın iradəsinə və dəyanətinə, Qəhrəman Ordusunun sücaətinə sığındı. 30 il beynəlxalq hüququn gücünə inanmaqdan fayda görməyib öz gücünün hüququnu həyata keçirməli oldu. Zira, hər kəsin özünü müdafiə haqqı olduğu kimi, hər xalqın da hüquqlarını, torpaqlarını və təhlükəsizliyini təmin etmək haqqı var.

Sentyabr ayının 27-dən etibarən Azərbaycan xalqı tarixinin yeni mərhələsini yaşayır, qədim və möhtəşəm tarixinin yeni şərəf və ləyaqət səhifəsini yazır. Müasir tariximizin yeni xilaskarlıq mərhələsi başlayır. Onun adı Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq və Qurtuluş missiyasının davamı olan Prezident İlham Əliyevin Qarabağın azadlığı missiyasıdır. İndiki nəsillərə xalqımızın taleyində ən həyəcanlı və ən əhəmiyyətli anları yaşamaq xoşbəxtliyi nəsib olur. Gözlərimizin önündə Azərbaycan xalqının yeni qəhrəmanlıq epopeyası yaradılır. Milli ruhu alov püskürən xalqını inamla və qətiyyətlə müqəddəs Qələbəyə aparan Liderin, onun tarixinin böyük, möhtəşəm, əzəmətli və əyilməz milli qəhrəmanına çevrildiyinin şahidi oluruq.

Qarabağ addım-addım azadlığına qovuşur. Düşmən nə qədər təxribatlar törətməyə çalışsa, yalnız münaqişə bölgəsində deyil, ondan çox-çox uzaqlarda olan yaşayış məskənlərini və dinc sakinləri hədəfə alsa da, prosesin qarşısını kəsmək qeyri mümkündür.

Qarabağın işğaldan azad edilməsi, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası, ədalətin təntənəsi deməkdir. Lakin, Azərbaycanın öz haqq işi uğrunda müqəddəs savaşının tarixi mənasını yalnız bununla məhdudlaşdırmaq düzgün olmazdı. Bu savaş daha böyük məna və dəyər kəsb edir. Azərbaycan Qarabağı işğaldan azad etməklə, əslində Cənubi Qafqazda sülh və əmin-amanlığın daha etibarlı dayaqlar üzərində qərar tutmasına əhəmiyyətli töhfə verir. Azərbaycanın azadlıq savaşı, həmçinin bütün dünyada haqqı tapdalanan xalqlara inam və ümid bəxş edir.

Müasir dünyada nə qədər insanların və xalqların haqqı pozulur, ölkələr viran qoyulur, dövlətlər çökdürülür. On minlərlə günahsız insan, uşaqlar, qadınlar, qocalar qətlə yetirilir. Nəinki beynəlxalq hüquq, hətta insana xas olan yaşamaq hüququ ayaqlar altına atılır, tapdalanır. Beynəlxalq təşkilatlar isə ya susur, ya da ən yaxşı halda kəsərsiz bəyanatlar verməklə öz işini bitmiş hesab edir. Buna görə də Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda apardığı ədalətli və uğurlu savaşı əvvəla, bütün haqqı pozulan xalqlara inam və ruh verir. İkincisi isə, beynəlxalq təşkilatların dünyada sülh və təhlükəsizliyin qorunması sahəsində fəaliyyətində, bütövlükdə beynəlxalq təhlükəsizlik konsepsiyasında ciddi dəyişikliklərin aparılmasını obyektiv zərurətə çevirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi həqiqət anıdır. İndi kimin haqq, kimin nahaq olduğu bütün çılpaqlığı ilə üzə çıxır. İndi kimin dost, kimin düşmən olduğunun sübuta yetirildiyi zamandır. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “bir millət, iki dövlət” formulu növbəti dəfə tarixin sınağından ləyaqətlə çıxır.

Qarabağın azadlığı uğrunda şərəf və ləyaqət savaşında qardaş Türkiyənin Azərbaycanın yanında olması, ona siyasi və mənəvi dəstək verməsi gücümüzü daha da artırır. Bu birlik və həmrəylik habelə torpaqlarımızı işğal edənlərə və onların havadarlarına mesajdır: Azərbaycan tək deyil, onun haqq işini müdafiə edən neçə-neçə dövlət var. Pakistan, Ukrayna, Əfqanıstan və digər dövlətlər qəti və birmənalı şəkildə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizəsini dəstəkləyiblər.

İndi eyni zamanda özünü ədalətin, beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatların, dünya düzəninə təsir edə bilən dövlət liderlərinin öz missiyalarına sədaqətinin sınağa çəkildiyi tarixi məqamdır. Nə yazıq ki, heç də hamı bu sınaqdan üzüağ çıxa bilmir.

30 ilə yaxındır ATƏT-in Minsk Qrupu BMT-nin mandatı əsasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğuldur. Dağlıq Qarabağın məhz rəşadətli Azərbaycan Ordusunun sayəsində addım-addım öz azadlığına qovuşması vasitəçilərin “fəaliyyətinin” (yəni fəaliyyətsizliyinin) ən bariz ifadəsi sayıla bilər. Həyat göstərir ki, bu illər ərzində BMT-nin üzvü olan müstəqil dövlətin ərazilərinin 20 faizinin işğal altında qalması, bir milyon Azərbaycan vətəndaşının məcburi köçkün həyatının məhrumiyyətlərini yaşamağa məhkum olması onları azacıq da olsa narahat etmirmiş. Azərbaycan öz gücü ilə Qarabağ torpaqlarını azad etməyə başladıqda isə vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərdən biri olan Fransanın prezidentinin narahatlığı özünü çox gözlətmədi. Düşünmək olardı ki, o bu vaxta qədər münaqişənin nizama salınmamasından vicdan əzabı çəkərək buraxılmış imkanları bərpa etməyə çalışacaq.

Lakin bütün sağlam məntiqin əksinə olaraq, Makron açıq şəkildə işğalçının yanında olduğuna heç bir şübhə yeri qoymayan mövqe sərgilədi. Nə qədər təəccüblü və inanılmaz görünsə də, Fransa prezidenti sərgilədiyi bu anlaşılmaz mövqeyi ilə fransa inqilablarından bəşəriyyətə miras qalmış bərabərlik, humanizm, ədalət ideyalarına xəyanət etdiyinin, vasitəçilik missiyasına xas olan tərəfsizlik və qərəzsizlik prinsipinə olümcül zərbə vurduğunun fərqində belə olmadı. Anlamaq belə istəmədi ki, onun açıq şəkildə işğalı və işğalçını dəstəkləməsi Minsk Qrupuna ölüm hökmü oxumaqdır.

Qarabağ münaqişəsinin nizama salınması kimi haqq işinə məsul edilənlər, müxtəlif beynəlxalq təşkilatlar və sairlər on illər ərzində unutdular ki, Azərbaycan heç zaman müharibə ideologiyasının daşıyıcısı olmayıb və deyil. Əksinə, Ermənistanın müharibə partiyasının hədəfinə çevrilib, böyük məhrumiyyətlər yaşamalı olub. Ancaq indi zaman artıq dəyişib. Onların 30 il boyunca etməli olduğu, lakin etmədiyi işi ordumuz edir və Ermənistanın müharibə partiyasına layiq olduğu dərsi verir və verəcək.

Azərbaycanın Qarabağın azad edilməsi uğrunda mübarizəsi Ordumuzun rəşadət nümunələri olmaqla yanaşı, xalqın milli ruhunun və iradəsinin təntənəsi kimi tarixə düşmək şansına sahibdir. Azərbaycanın müasir tarixində heç zaman indiki qədər milli birlik və həmrəylik müşahidə olunmamışdır.

Bu birlik və həmrəylik Azərbaycanın və onun Silahlı Qüvvələrinin erməni qəsbkarlarına qarşı ləyaqət və şərəf savaşının zəfər ruhunun nüvəsini təşkil edir. Millətin özünə inamını və bu inamdan qaynaqlanan böyüklüyünü, əzəmətini nümayiş etdirir.

Yenilməz dağı, püskürən vulkanı xatırladan milli birliyin və həmrəyliyin kökündə Qarabağın azadlığı kimi hamılıqla dərk olunan vahid milli maraqlarımızın və Prezident İlham Əliyevin şəxsində hamının qəbul etdiyi və ətrafında sıx birləşdiyi milli Liderimizin dayandığı ayrıca vurğulanmalıdır. Yaşadığımız günlərdə Liderin bütün xalqı milli ideya ətrafında yumruq kimi birləşdirmək qüdrətinin canlı şahıdı oluruq. Həqiqi tarix yaşayır, bu tarixin yaradılmasına şəhadət edirik.

Cəbrayılın işğaldan azad olunması münasibəti ilə Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi, biz indi tariximizin ən şərəfli anını yaşayırıq. Biz yeni tariximizi yazırıq. Biz tarixi ədaləti bərpa edirik. Biz Azərbaycan xalqının ümidlərini doğrulduruq.

Xalqımız, hər bir azərbaycanlı Azərbaycan Ordusunun zəfər yürüşünün Qarabağın işğaldan tam azad edilməsi ilə nəticələnəcəyinə dərindən inanır. Bu inam Ali Baş Komandanın müdrikliyindən və qətiyyətindən, əsgərimizin Vətən sevgisindən qidalanır.

İrəli, igid əsgər, irəli. Sən tarix yazırsan. Tarix isə sənin adını öz əbədi səhifəsinə yazır”.