KoronaVirus İnformasiya Portalı
Əli Həsənov dindiriləcək: Pullar hara xərclənib?backend

Əli Həsənov dindiriləcək: Pullar hara xərclənib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb.

Yayılan informasiya ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Açıqlamada konkret olaraq Əli Həsənovun adı çəkilməyib. Qeyd edilib ki, hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.

Əli Həsənov isə yayılan xəbərə belə münasibət bildirib: “Mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, on-on beş günə Azərbaycana qayıdacağam”.

Bildirək ki, bu mövzu cəmiyyətdə, xüsusilə də media camiəsində geniş müzakirə olunur və diqqətdə saxlanılır.

Mövzu ilə bağlı suallar yaranır ki, Əli Həsənov hansı halda cinayət məsuliyyətinə cəlb oluna bilər? Əli Həsənova hansı halda ölkədən çıxış qadağası qoyula bilər?

NOCOMMENT xəbər verir ki, bu barədə musavat.com-a danışan tanınmış vəkil Fariz Namazlı əvvəlcə Baş Prokurorluğun rəsmi açıqlamasına münasibət bildirib: “Baş Prokurorluğun məlumatında göstərilir ki, intensiv və zəruri istintaq hərəkətləri aparılır.

Bu istintaq hərəkətləri həm KİVDF əməkdaşlarının şahid qismində dindirilməsi, zəruri olarsa ekspertizaların təyin olunması, rəylərin alınması və ya əlavə şəxslərin dindirilməsi ola bilər. Burada əvvəlcədən kiminsə məsuliyyət daşıdığını demək çətindir. Belə bir fikir demək üçün istintaq sənədləri ilə tanış olmaq lazımdır”.

Fariz Namazlı Əli Həsənovun hansı halda istintaqa cəlb oluna biləcəyi haqda bunları deyib: “Ola bilsin ki, KİVDF əməkdaşları ifadələrində əsas məsuliyyəti kimin daşıması, əsas qərarı kimin verməsi ilə bağlı məlumat versinlər. Bu ifadələr, digər zəruri sənədlər, ekspertiza rəyləri əsas təqsirləndirilən şəxslərin kimlər olduğunu müəyyən edəcək”.

Fariz Namazlı Əli Həsənovun başlayan cinayət işi üzrə şahid qismində dindirilib-dindirilməməsinin mümkünlüyü haqda da danışıb: “İfadələr və toplanmış sübutlar əsasında hansısa bir şəxsin şübhəli şəxs və ya təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi mümkündür. Həmin şəxsi şahid yox, birbaşa təqsirləndirilən şəxs qismində də istintaqa cəlb etmək mümkündür.

Cinayət işi fakta görə başlayır. Yəni prokurorluğa KİVDF-də yeyintilər, vəzifə səlahiyyətlərini aşma kimi məlumat daxil ola bilər və bunun əsasında cinayət işi başlaya bilər. Ola bilsin ki, Əli Həsənov şahid qismində dindirilib”.

Vəkil bildirib ki, Əli Həsənov təqsirləndirilən şəxs qismində cəlb olunsaydı, onun ölkədən çıxışına qadağa qoyulmalı idi: “Şahid qismində dindirilən şəxslərin ölkədən çıxışına qadağa qoyulmur. Yalnız şübhəli və təqsirləndirilən şəxslərin ölkədən çıxışına qadağa var.

Əgər Əli Həsənov Türkiyədə olduğu müddətdə onun təqsirləndirilən şəxs qismində cəlb olunması məsələsi ortaya çıxarsa, onun barəsində axtarış elan olunacaq”.

Qeyd edək ki, fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Daxil olmuş materiala əsasən, fondun “Xərclər smetası”nın icrasına, KİV-in fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-ə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.

Eyni zamanda jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda araşdırmalar aparılır.