Əliyevin Nyu-York səfəri nə ilə yadda qaldı?backend

Əliyevin Nyu-York səfəri nə ilə yadda qaldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri həm diplomatik, həm də Azərbaycanın beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər yalnız ənənəvi iştirak xarakteri daşımır, eyni zamanda, Azərbaycanın post-münaqişə dövründə bölgədə yaratdığı yeni reallıqları, sülh gündəliyini və qlobal problemlərlə bağlı fəal mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün geniş platforma funksiyasını yerinə yetirir.
İlham Əliyevin Nyu-Yorkda keçirdiyi ikitərəfli görüşlər də böyük önəm kəsb edir. Onun müxtəlif ölkələrin liderləri, beynəlxalq təşkilat rəsmiləri və nüfuzlu şirkət rəhbərləri ilə apardığı danışıqlar Azərbaycanın qlobal miqyasda artan əhəmiyyətini nümayiş etdirir.
NOCOMMENT.az xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bakupost.az -a açıqlamasında bildirib ki, bu səfər həm ölkəmiz, həm də təşkilat üçün tam yeni səhifədir. O, əlavə edib ki, tarixin heç bir dövründə heç bir Azərbaycan lideri BMT-nin mənzil-qərargahında beynəlxalq hüququn aliliyini təmin etmiş qalib qismində qonaq olmayıb:
“Eyni zamanda bütövlükdə təşkilatın tarixində dünyanın heç bir dövlət başçısı mütləq hərbi-siyasi qələbənin müəllifi kimi BMT toplantılarına qatılmayıb. Əlbəttə, sirr deyil ki, təşkilat II Dünya müharibəsi qaliblərinin formalaşdırdığı nizam əsasında yaradılıb, lakin unutmamalıyıq ki, II Dünya müharibəsindəki qələbə kollektiv mübarizənin nəticəsi idi və heç bir dövlət sonuncu cahan savaşının nəticələrini təkbaşına mənimsəyə və özünü yeganə mütləq qalib hesab edə bilməz. Azərbaycan Prezidenti isə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına yalnız Ermənistan yox, onun çoxsaylı havadarları üzərində mütləq hərbi -siyasi zəfər qazanmış və beləliklə də eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələrinin icrasına təkbaşına nail olmuş lider kimi təşrif buyurdu.
Məlumdur ki, Azərbaycanın beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakı hesab edir ki, beynəlxalq təşkilatlar, o cümlədən də BMT Azərbaycanın üzləşəcəyi mümkün təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb etmək üçün əlverişli forum rolunu oynayır. O cümlədən də ölkəmiz BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub saxlanmasında əvəzsiz rol oynadığını qəbul edir. Bu mənada əminliklə demək olar ki, Prezident İlham Əliyev yeni reallıq yaradan lider kimi 150-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi Baş Assambleyanın 80-ci sessiyasında arzuolunan qonaq qismində iştirak edir. Sessiyadan öncə qarşı tərəflərin müraciətləri ilə nəhəng biznes koorparasiyalarının rəhbərləri ilə görüşlər, sessiya çərçivəsində isə təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında elə ilk gündəcə İraq, Keniya, Finlandiya prezidentləri, Yunanıstanın Baş naziri və Avropa Şurasının Baş katibi ilə görüşlər və cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirakı, habelə ABŞ Prezidenti Donald Trampın xüsusi qonaqpərvərlik və diqqətində ifadə olunan münasibət deyilənləri bir daha təsdiq edir”.
Milli Məclisin deputatı Vüqar İsgəndərov Bakupost.az-a bildirib ki, Prezident İlham Əliyevin ABŞ-də keçirdiyi görüşlər Azərbaycanın gələcək inkişafı üçün mühüm qapılar açır:
“Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri bir çox vacib və maraqlı məsələlərlə yadda qaldı. Həmişə olduğu kimi, dövlət başçısı ölkəmizin hərtərəfli inkişafı, onun müsbət imicinin formalaşdırılması üçün vacib görüşlər planlaşdırıb və onların bir çoxu baş tutub. Görüşlərdə dövlət başçısı sürətlə inkişaf etməkdə olan ölkəmiz üçün çox faydalı əməkdaşlıq məsələlərini müzakirə edir. Çünki görüş keçirilən şirkətlər dünyada iqtisadi səmərəliliyinə və maliyyə portfelinə görə lider sıralardadırlar və onlarla ölkəmizin, Azərbaycan Dövlət Neft Fondunun birgə əməkdaşlığı və gələcək perspektivlər müzakirə edilir. Ölkə başçıları ilə ikitərəfli görüşlərdə isə Azərbaycan və həmin ölkələr arasında siyasi, iqtisadi, humanitar və s. sahələrdəki münasibətlər müzakirə edilir.
Düşünürəm ki, Prezident İlham Əliyevin Nyu-Yorka işgüzar səfəri və BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirdiyi görüşlər ölkəmizin hərtərəfli inkişafı üçün faydalı olacaq. Bu, iktərəfli və çox tərəfli münasibətlərimizin daha yüksək səviyyədə inkişafı üçün həm dövlətlərə, həm bizə, həm bölgəmizə çox geniş perspektivlər vəd edir. Düşünürəm ki, cənab Prezident Nyu-Yorkda keçirəcəyi digər görüşlər və humanitar yönümlü tədbirlərdə Azərbaycanın maraqlarını ən yüksək səviyyədə təmsil edəcək”.
Beləliklə, Azərbaycanın BMT tədbirlərində iştirak etməsi yalnız rəsmi prosedur deyil, həm də dövlətimizin dünyada artan siyasi çəkisinin göstəricisidir. İlham Əliyevin bu platformada iştirakı Azərbaycanın dünyada güclənən səsinin ifadəsidir.
Bütün bunlarla yanaşı, Prezidentin ABŞ-yə səfəri Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərdi. Bu etimad son illərdə Azərbaycanın fəal xarici siyasəti, müstəqil mövqeyi və balanslaşdırılmış diplomatik xətti sayəsində qazanılıb.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
Bakupost.az