Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (“AzDrama”) aktrisası, Əməkdar artist Mehriban Xanlarova işdən çıxıb.
Aktrisa işdən ayrılmasına səbəb kimi “AzDrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadənin yarıtmaz idarəçiliyini göstərib.
Sənətçi NOCOMMENT.az -a Mədəniyyət Nazirliyi ilə bağlı bildiyi faktları açıqlayıb.
Əməkdar artistin fikirlərini olduğu kimi təqdim edirik:
“Mədəniyyət sahəsində baş verən proseslərin mərkəzində Fərəh Əliyeva dayanır. Cənab Nazir Adil Kərimli də daxil olmaqla bir çox incəsənət adamları ondan çəkinir və heç kəs onun adını açıq şəkildə çəkməyə cəsarət etmir. Fərəh Əliyeva illərdir öz dostlarını, rəfiqələrini, tanışlarını Mədəniyyət Nazirliyi və teatr sahəsində yüksək vəzifələrə yerləşdirərək bütün nəzarəti öz əlində cəmləşdirib.
Həmin şəxslərdən biri də Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadədir.
Teatrla bağlı saysız-hesabsız şikayətlər olmasına baxmayaraq, cənab nazir onu vəzifədən azad etmək gücündə deyil, çünki Fərəh Əliyeva onun vəzifədə qalmasını müdafiə edir. Cənab Prezident dəfələrlə çıxışlarında vurğulayıb ki, məmur özbaşınalıqlarına qarşı ictimai nəzarət güclənməli, problemlər mətbuat vasitəsilə ictimai müzakirəyə çıxarılmalıdır.
Mən də Prezidentimizin bu çağırışını əsas tutaraq mədəniyyət sahəsindəki bütün özbaşınalıqları ictimaiyyətə çatdırmaqda qərarlıyam.
Lazım gələrsə, səsimizin ölkə rəhbərliyinə çatması üçün teatrın qarşısında aclıq aksiyası keçirməyə hazıram”.













