Əməkdaşlıq üçün yeni istiqamət – Azərbaycan-Afrika əlaqələri daha geniş sahələri əhatə edəcək – ŞƏRHbackend

Əməkdaşlıq üçün yeni istiqamət – Azərbaycan-Afrika əlaqələri daha geniş sahələri əhatə edəcək – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoşulmama Hərəkatı (QH) Azərbaycanın təmsil olunduğu təşkilatlar sırasında xüsusi yerə və statusa malikdir. Azərbaycan hərəkat daxilində azsaylı ölkələrdəndir ki, üzv olduqdan sonra qısa zamanda sədr statusu qazanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 2011-ci ildə Hərəkata tamhüquqlu üzv olan Azərbaycana 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşündə sədrlik keçib. Bu sədrlik 2022-ci ilə qədər olub. Vətən müharibəsi dövründə Hərəkat Azərbaycana dəstəyini bəyan edib. Hərəkatdakı dost ölkələrin verdikləri siyasi və mənəvi dəstək 44 günlük Vətən müharibəsində özünü qabarıq göstərdi.

Müharibədə qələbənin əldə olunmasında həmin dəstəyin rolu olub ki, bu da səbəbsiz deyil. Azərbaycan qurumun fəaliyyət istiqamətlərinin genişlənməsinə, ideyalarının təşviqinə sanballı töhfələrini verib. Məhz bu fəaliyyətin nəticəsidir ki, bu gün Qoşulmama Hərəkatında Azərbaycana dərin hörmət bəslənilir. BMT-dən sonra ən böyük beynəlxalq təşkilat tərkibində 120 dövləti birləşdirir. 2021-ci ildə QH üzvləri Azərbaycana müraciət ünvanlayıb və sədrliyinin əlavə bir il müddətinə artırılmasını xahiş ediblər. Şübhəsiz ki, bu qərar Hərəkat üzvləri tərəfindən Azərbaycan rəhbərliyinin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Neokolonializmlə mübarizə

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dönəmində əsas diqqət yetirdiyi məsələlər sırasında neokolonializmlə mübarizə mühüm olub, az qala bu sahədə geniş cəbhə açması ilə yadda qalıb. Prezident İlham Əliyev QH-nin Bakı Sammitində vurğulayıb ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Müstəmləkəçi dövlət Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırıb.

Bəli, məhz Fransanın müstəmləkəçilik siyasətinin 500 illik tarixi var və Yelisey sarayı işğallar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə salmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Ancaq Fransa həmin ölkələrə yaxşı heç nə gətirməyib, əvəzində müstəmləkələrində utanverici izlər qoyub, hərbi cinayətlər törədib, insanların ölümünə rəvac verib. Seneqal, Qvineya-Bisau, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır.

Afrika ölkələri ilə sıx əməkdaşlıq bəhrə verir

Çoxvektorlu siyasət yeridən Azərbaycan Afrika ölkələri ilə sıx əməkdaşlıq edir. Qarşılıqlı səfərlər, qəbul edilən birgə bəyanatlar və əməkdaşlıq göz önündədir. Bu yaxınlarda Azərbaycanda səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud ilə görüşən İlham Əliyev də bu məsələyə toxunub. Bildirib ki, təhsil, müdafiə sənayesi, kənd təsərrüfatı, sərmayə, dövlət xidmətləri sahələrində əməkdaşlıq ediləcəyinə ümid edir. Prezident qeyd edib ki, Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda Somali ilə qarşılıqlı dəstəyi birmənalı olaraq davam etdirəcək.

Qeyd edək ki, hazırda Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və “ASAN xidmət” modelinin Afrika ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

“Azərbaycanla əlaqələri yeniləmək üçün burdayam”

Yeri gəlmişkən, Somali liderinin ardınca Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo da bu gün Azərbaycana səfər edib. Danışıqlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər. Qvineya-Bisau Respublikasının Prezidenti bildirib ki, Azərbaycanla əlaqələri yeniləmək üçün burdadır:

“Əminik ki, bu səfər Sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq”.

O, əlavə edib ki, təkbətək görüşdə beynəlxalq münasibətlərə aid çox məsələlər müzakirə edilib: “Bir-birimizi dəstəkləməklə bağlı razılığa gəldik. Düşünürəm ki, bu, daha vacibdir. Birgə işləmək üçün hədəfləri müəyyən edə bilərik. Əl-ələ verib ölkələrimizi daha yaxın etmək üçün işləyə bilərik”.

Azərbaycanın dövlət başçısı əmin olduğunu bildirib ki, tərəflər ümumi məxrəcə gəlib çıxacaqlar. Dövlət başçısı afrikalı həmkarının səfərini tarixi adlandırıb: “Bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür və onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik”. Dövlət başçısının toxunduğu önəmli məqamlardan biri də odur ki, iki ölkə beynəlxalq təsisatlarda bir-birini dəstəkləyir.

Sonda dövlət başçısı bildirib ki, afrikalı həmkarının onu ölkəsinə səfər dəvətini məmnunluqla qəbul edir.

Onu da qeyd edək ki, Azərbaycan ilə Qvineya-Bisau arasında əlaqələr əsasən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində davam etdirilir. İƏT çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamələrə Qvineya-Bisau dəstək göstərib. Azərbaycan koronavirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində yardım göstərib.

Beləliklə, sadalanan faktlar onu deməyə əsas verir ki, Azərbaycanın əməkdaşlıq üçün yeni istiqamət olan Afrika ölkələri ilə əlaqələri gələcəkdə daha geniş sahələri əhatələyərək dinamik inkişaf edəcək.

Bizim Telegram kanalımıza abunə olun