Əməyin Mühafizəsi Mərkəzi publik hüquqi şəxsi xidməti nəqliyyat vasitələrinin alınması ilə bağlı tenderin qalibini müəyyən edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,tenderin qalibi “Toyota-Bakı Mərkəzi” MMC olub və 455.000 manat dəyərində müqavilənin bağlanması gözlənilir.
Satınalma çərçivəsində biri yüksək texniki göstəricilərə malik olmaqla, ümumilikdə 12 ədəd xidməti minik avtomobili alınacaq. Avtomobillər 2025-ci il istehsalı olacaq, hər biri üçün 3 il və ya 100.000 km rəsmi zəmanət nəzərdə tutulur.
Alınacaq avtomobillər benzin və ya hibrid mühərriklə işləyir, CVT transmissiyaya, ön ötürücüyə, təhlükəsizlik və komfort baxımından isə ABS, VSC, zolaqda qalma köməkçisi, toqquşmadan əvvəl əyləcləmə sistemi, kruiz kontrol, klimat kontrol, start-stop, simsiz şarj, USB Type-C portlar, multimedia sistemi, yağış sensorları, hava yastıqları və digər funksiyalarla təchiz olunacaq.
Avtomobillərin biri 190 at gücündə yüksək performanslı model, digərləri isə 140 at gücünə malik, əsas xidməti məqsədlər üçün nəzərdə tutulmuş modellər olacaq.
Bildirək ki, qalib şirkətin nizamnamə kapitalı 200 AZN, qanuni təmsilçisi Pərviz Qafarlı Mahmud Oğludur.
Əməyin Mühafizəsi Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyindədir.