Emin Əmrullayevi niyə başa düşmürük…backend

Emin Əmrullayevi niyə başa düşmürük…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayevin çıxışları bəzən birmənalı qarşılanmır və yerli-yersiz tənqidlərə tuş gəlir.

Əslində nazirin çıxışlarına diqqət yetirsək görərik ki, o, təhsil sistemindəki problemləri ictimaiyyətdən gizlətmir, hər dəfə müxtəlif nöqsanların və çatışmazlıqların olduğunu insanların diqqətinə çatdırmağa çalışır, eyni zamanda problemlərin həllinə tərəfdar olduğunu söyləyir. Lakin Emin Əmrullayevin səmimi etirafları nədənsə çox vaxt tənqid obyektinə çevrilir, hətta bəziləri illərdir yığılıb-qalan təhsil problemlərini onun ayağına yazmağa çalışır.

Bəs buna səbəb nədir? Niyə Əmrullayevin etiraflarını tənqidlə qarşılayırıq?

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı modern-ə danışan Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib ki, elm və təhsili irəli aparmaq istəyiriksə, mütləq problemlərin kökünü axtarmalıyıq: “Əgər problemləri yaradan səbəbləri bilməsək, biz elmi və təhsili irəli apara bilmərik. Buna görə də təhsil sahəsində olan problemlərin açıq şəkildə söylənilməsini müsbət hesab edirəm.

Təbiidir ki, fəqli münasibətlər olacaq, Azərbaycanda azad cəmiyyət mövcuddur. Hamı eyni cür düşünmür, bütün fikirlərə hörmətlə yanaşmaq lazımdır, amma qəbul edib-etməmək fərqli bir mövzudur. Problemi görmədən, onu yaradan səbəbləri bilmədən, onun həllinə çalışmadan təhsilimizi irəli apara bilmərik. Buna görə də təhsil sistemindəki problemləri açıq şəkildə deməliyik, həll yolu tapmalıyıq”.

Deputat Etibar Əliyev isə bildirib ki, indiki cəmiyyət özünü sanki ekspert kimi aparır: “Təhsil sahəsində xeyli ekspert var, mən onlara hörmətlə yanaşıram. İstər nazir olsun, istərsə də ekspert, bir şəxsin fikri müzakirə olunmalıdır. Hər kəsin məsələyə fərqli yanaşma tərzi var. Nazirin fikirlərinin təhlil olunması normaldır. Təhlil etmə qabiliyyəti isə təcrübəyə və biliyə söykənməlidir. Təhsil elə bir dinamik sistemdir ki, orada hər hansı problemin dərinləşməsi özü ilə başqa bir problem gətirir, mənfi fəsadları daha çox olur. Emin Əmrullayev Milli Məclisdəki təqdimatında da xeyli tənqidi fikirlər səsləndirdi. Hər nazir öz sahəsindəki çatışmazlıqları deməlidir. Birinci, problem nədən yaranır, yaranma səbəbi nədir? İkinci, problemi necə aradan qaldırmaq olar? Üçüncüsü isə birgə əməkdaşlıqdır, problemin həlli üçün dəstək verilməldir. Tənqidi çıxışlar və təhsildəki problemləri dilə gətirmək müsbət haldır”.

Parlamentin elm və təhsil komitəsinin digər üzvü Ceyhun Məmmədovun fikrincə, əsas məsələ nazirin ölkə təhsilindəki problemlərlə bağlı fikirlərini açıq şəkildə deməsidir.

“Təhsil cəmiyyət üçün həssas məsələdir. İllərdir ki, təhsil sistemindəki problemlər yığılıb qalıb. Həmin problemlərin həlli istiqamətində addımlar atılır. Burada nazirliyin üzərinə ciddi vəzifələr düşür. Problemlər səsləndirilir, ancaq konkret nəticələrin şahidi olmuruq. Cəmiyyət tərəfindən verilən reaksiya isə kommunikasiyaların düzgün qurulmamasından asılıdır”, – deyə deputat vurğulayıb.