Təhsil sektoru Azərbaycanda ən çox muzdlu (maaşla) işçinin çalışdığı sahə ünvanını əldən verib.
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, son aylara qədər daha çox işçi təhsil sektorunda çalışırdı. Amma artıq ticarət sektoru liderliyi ələ alıb.
Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, 2024-cü il iyulun 1-də muzdlu işçi sayı 1,761 milyon olub. Onların 331,3 min nəfəri ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışıb. Başqa sözlə hər 100 işçinin 19-u bu sahədə işləyir.
Uzun müddət daha çox işçinin çalışdığı təhsil sahəsində isə 326 min işçi var.
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanların sayının daha çox olması əmək münasibətlərinin şəffaflaşdırılması ilə bağlıdır. Təhsildən fərqli olaraq bu sahədə uzun müddət işçilərlə münasibətlər qeyri-şəffaf şəkildə həyata keçirilib. Amma son illərdə ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunda işçilərin dəqiq uçotunun aparılması bu sahə ilə bağlı statistikada dəyişikliklərə səbəb olub.