Ənənəvi təhsil il sonuna kimi davam edəcəkmi? – AÇIQLAMAbackend

Ənənəvi təhsil il sonuna kimi davam edəcəkmi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiyanın bütün sahələrdə olduğu kimi, təhsilə də vurduğu ağır zərbə göz önündədir. Ənənəvi təhsil demək olar ki, iki ilə yaxındır aparılmır. Doğrudur, müvafiq qurumlarımız vəziyyətdən çıxa bildilər, amma hamıya aydındır ki, məsafədən təhsil ənənəvi təhsilin keyfiyyətini vermir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. O bildirib ki, təhsil alanlar sinif, auditoriya mühitini, üzbəüz dərsləri az qala yadırğayıblar:

“Əvvəlki vəziyyəti bərpa etmək pandemiyanın səviyyəsindən asılı olacaq. Eyni zamanda biz bu vəziyyətlə yaşamağı öyrənməli və təhsilimizin geri getməsinin qarşısını almalıyıq. Dövlətimiz təhsil sahəsində böyük işlər görüb. Ən müasir məktəblər tikilib, avadanlıqlarla təchiz edilib. Təhsil daim xüsusi diqqət tələb edən bir sahədir. Çoxlu işlər görülməlidir. Ən başlıcası, islahatlar davam etdirilməlidir”.

Müsahibimizin sözlərinə görə, müasir tələblərə cavab verməyən, məktəbə gec-gec gedən, şagirdləri ali məktəblərə qəbul olmayan məktəb direktorları, direkor müavinləri islah olunmalıdır:

“Təhsil bütün cəmiyyətin işinə çevrilməlidir. Məktəb-valideyn əlaqəsini gücləndirmək lazımdır. Dərsliklərə ciddi əl gəzdirilməlidir. Çoxlu təşkilati, metodiki və psixoloji iş aparılmalıdır. Kəndlərdə kəsintisiz internet təmin edilməlidir”.