Ərdoğan Bakı ilə yeni müqavilələri anons etdi…backend

Ərdoğan Bakı ilə yeni müqavilələri anons etdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında yeni müqavilələrin imzalanacağını bəyan edib. Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağı gözlənilir. Bəs, söhbət hansı yeni müqavilələrdən gedə bilər?

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu suala millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov cavab olaraq Şuşa Bəyannaməsində əməkdaşlığın yeni istiqamətlərinin təsbit olunduğunu bildirib.

“Vacib istiqamətlərdən biri məhz bəyannamədə nəzərdə tutulduğu kimi, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsidir. Bu il martın 1-dən qüvvəyə minən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi artıq 15 mal qrupu üzrə qarşılıqlı güzəştlərin tətbiq olunmasını əhatə edir. Bu sahədəki anlaşmaların əsas məqsədi iki ölkə arasındakı ticarət dövriyyəsini hədəflənən həcmə çatdırmaqdan ibarətdir. Belə ki, qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bəyannamənin imzalanmasından sonra bu sahədə yeni addımların atılacağı gözləniləndir. Nəticədə iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı hədəflənir”, – deyə millət vəkili qeyd edib.

V.Bayramov bildirib ki, beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviq edilməsinin bəyannamədə nəzərdə tutulduğunu nəzərə alsaq, bu sahədə də əməkdaşlıq güclənəcək:

“Türkiyə və Azərbaycan beynəlxalq yükdaşımalar üzrə siyasətlərini əlaqələndirmək üzrə xeyli müddətdir ki, birgə fəaliyyət həyata keçirirlər. Dəhliz Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq və bu, hər iki ölkə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olacaq.

Bütövlükdə, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi və Şuşa Bəyannaməsinə uyğun olaraq yeni anlaşmaların olacağı gözlənilir”.