Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdibackend

Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışını Azərbaycan Dövlət Televiziyasında yayınlanan “Əsas məsələ” proqramında iştirak edərkən izlədim. Türkiyə Cumhurbaşqanının çıxışından etdiyim qeydlər arasında mənim üçün ən çox yadda qala hissəsi 3+3 platformasıyla (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) bağlı idi. Bu ideya Rəcəb Tayyib Ərdoğana məxsusdur, müharibədən sonra bir neçə dəfə səsləndirib və Azərbaycan prezidenti İlham Əliyevin də dəstəyini alıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın Milli Məclisdəki çıxışını şərh edərkən deyib.

“Birincisi, Ərdoğan Şuşada olduğu kimi Milli Məclisdəki çıxışında yenə Ermənistana çağırış edərək bu platformadan Ermənistanın da qazanclı çıxa biləcəyini dedi. Ərdoğan Ermənistanın Zəngəzur dəhlizindən istifadə edərək Rusiyaya çıxış imkanı qazanacağını xatırlatdı. Ərdoğan bundan başqa Türkiyənin Ermənistanla sərhədi aça biləcəyinə işarə etdi. Türkiyə Cumhurbaşqanı onu da xatırlatdı ki, sərhədin açılması birinci növbədə Ermənistanın xeyrinədir.
İkincisi, Ərdoğan 3+3 formatında zəif bəndin heç də Ermənistan olmadığını, Gürcüstan olduğunu bildirdi və bu yanaşmasında haqlıdır. Rusiya Gürcüstanla 2008-ci il müharibəsindən sonra Abxaziya və Cənubi Osetiyanı faktiki ilhaq edib. İki dövlət arasında diplimatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan bugünlərdə Ankarada olan Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə təklif edib ki, onun ölkəsi də “altılıq platforması”na qoşulsun. Qaribaşvili düşünəcəyini desə də, Ərdoğan israrla təklifini xatırladıb. Əslində Ərdoğan bununla Gürcüstanla Rusiya arasında vasitəçilik təklif edib. Gürcüstan üçün qərar vermək çətindir. Çünki Rusiya Abxaziya və Cənubi Osetiyadan vaz keçən deyil.
Beləliklə, “altılıq formatı”nın işə düşməsi üçün birincisi Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı və Zəngəzur dəhlizinin açılmasına razılaşmalı, ikincisi, Gürcüstan Rusiya ilə nəqliyyat layihəsi üzərindən əməkdaşlığı qəbul etməlidir”, – politoloq qeyd edib.