Ərdoğandan Ermənistana xatırlatma: Regionda sülhün alternativi yoxdur – ANALİZbackend

Ərdoğandan Ermənistana xatırlatma: Regionda sülhün alternativi yoxdur – ANALİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Türkiyənin xarici siyasət kursu bir neçə ildir ki koordinasiyalı şəkildə irəliləyir. Tərəflər artıq strateji müttəfiqlərdir. Bu, Bakı ilə Ankaranın müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda əməkdaşlığını daha da gücləndirir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Azərbaycanla Türkiyənin bölgə ilə bağlı əməkdaşlığının əsas istiqamətlərindən biri Ermənistanla münasibətlərin normallaşmasıdır.

İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, həmçinin regionda yaranan yeni geosiyasi reallıqlar Ermənistanla münasibətlərin normallaşması üçün yeni imkanlar yaratdı. Çünki vaxtilə Türkiyənin Ermənistanla əlaqələri dayandırmasının əsas səbəbi məhz Azərbaycan torpaqlarının işğalı idi. Ondan sonrakı dövrdə Ankara İrəvanla diplomatik münasibətlərin bərpası şərtini konkret formada ifadə etdi: Azərbaycanın ərazi bütövlüyünün təmin olunması. Bu, düz 30 ildən sonra reallaşdı.

Qarabağın azadlığının ardınca Ermənistanla həm Azərbaycan, həm də Türkiyə arasında münasibətlərdə yeni mərhələ başlandı. Hazırda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması paralel davam edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 6-da Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında deyib ki, Cənubi Qafqazda 30 ildən sonra sülh və sabitliyə gedən yolun qapıları artıq açılıb: “Azərbaycanın Vətən müharibəsində şəhidlər verərək əldə etdiyi tarixi nailiyyətlərin sülh müqaviləsi imzalanaraq masa arxasında da möhkəmlənməsinə ümid edirik”.

Doğrudan da, Ermənistanla Azərbaycan indi sülhə heç vaxt olmadığı qədər yaxındır. Sülh sazişinin imzalanması üçün, belə demək mümkünsə, unikal şərait yaranıb. Bunu hər iki tərəf bildirir. Həmçinin, ikitərəfli təmaslar sayəsində əldə olunan nəticələr də tərəflərin yekun sülh sazişinə doğru yaxınlaşdığını göstərir.

Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qrupun reqlamenti bu günlərdə təsdiqlənib. Ermənistan parlamentinin spikeri Alen Simonyan bu məsələni hər iki tərəfin ən böyük qələbəsi kimi qiymətləndirib.

İkitərəfli təmaslar bir çox cəhətdən faydalıdır. Birincisi, bu, göstərir ki, birbaşa təmasların alternativi yoxdur, yəni Bakı və İrəvan üçüncü tərəflərin iştirakı olmadan da münasibətləri normallaşdıra bilərlər. İkincisi, bu, qarşılıqlı etimad mühitinin formalaşmasına kömək edir. Üçüncüsü, xalqların münaqişə səhifəsini qapamalarına yardımçı olur.

İndi tərəflər arasında sülh sazişinə mane olan əsas məsələ Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı davam edən ərazi iddialarıdır. Belə ki, Ermənistan konstitusiyasında hər iki dövlətə qarşı konkret ərazi iddiaları var. Bu, o deməkdir ki, hətta bu gün sülh sazişi imzalansa belə, gələcəkdə Ermənistanın hazırkı və ya növbəti hakimiyyəti konstitusiyaya istinad edərək revanş niyyətinə düşə bilər. Bakı və Ankara bunu istəmir. Ona görə də haqlı və məntiqli olaraq Ermənistandan konstitusiyanı dəyişmək tələb olunur. Ermənistan ərazi iddialarından imtinanı konstitusiya səviyyəsində təsbit etmədikcə yekun sülh sazişinin imzalanması ağlabatan görünmür. Rəsmi Bakının bununla bağlı mövqeyi konkretdir.

Ümumiyyətlə, Ermənistan konstitusiyasını dəyişdirmədikcə Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması prosesi məhdud səviyyəyə qədər inkişaf edəcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın bir neçə gün əvvəl səsləndirdiyi fikirlər də bu baxımdan xarakterikdir. Belə ki, o, Türkiyə KİV-inə müsahibəsində Ermənistanla münasibətlərin normallaşması üçün şərti yenidən xatırladıb. Nazir söyləyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması halında Türkiyə – Ermənistan münasibətləri də normallaşacaq:

“Tərəflər arasında əldə olunmuş razılıqları regiondakı sülh və sabitlik baxımından önəmli hesab edirik. Tərəflər razılığa yaxınlaşır. Bunu görməkdən məmnunuq. Sərhəd məsələsində əldə olunan anlaşma bu irəliləyişin gözəl nümunəsidir”.

Müşahidələr və təhlillər onu deməyə əsas verir ki, həm Azərbaycan, həm də Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır. Bu, bütün regionun xeyrinədir. Bölgədə əməkdaşlıq mühitinin təmin edilməsi, həmçinin “3+3” regional platformasının daha rentabelli olması baxımından ikitərəfli münasibətlərin inkişafı, “soyuq küləklərin” səngiməsi şərtdir.

İndi sülh ən çox Ermənistana lazımdır. Çünki Azərbaycan ərazi bütövlüyünü artıq təmin edib və bu gün beynəlxalq geosiyasətin əsas oyunçularındandır. Rəsmi Bakıdan fərqli olaraq rəsmi İrəvan müstəqil xarici siyasət kursuna malik deyil. Ermənistan bu gün Qərblə Rusiya arasında siyasi poliqona çevrilib. Bu dövlətin gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi poliqona çevrilməsi də istisna deyil. Ümumiyyətlə, Qərb dövlətlərindən asılılıq, siyasi iradə ortaya qoya bilməmək Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Belə olan halda Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən optimal variant isə Bakı və Ankara ilə münasibətlərin normallaşması, həmçinin yekun sülh sazişinin imzalanmasıdır. Əgər belə olarsa, perspektivdə Türkiyə Ermənistanın təhlükəsizliyinə təminat da verə bilər. Ankaranın rəsmi Moskva və Qərb ölkələri ilə münasibəti belə düşünməyə əsas verir.

Beləliklə, indi vaxt Ermənistanın əleyhinə işləyir. Rəsmi İrəvan təhlükəsizliyi barədə düşünür və regional layihələrdə iştirak etmək istəyirsə, vaxt qazanmaq əvəzinə, siyasi iradə nümayiş etdirməli, təqdim olunan imkanları dəyərləndirməlidir.