Ərinə sevgilisinin olduğunu deyən qadının qanını çörək bıçağı ilə tökdülərbackend

Ərinə sevgilisinin olduğunu deyən qadının qanını çörək bıçağı ilə tökdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda 1985-ci il təvəllüdlü Cavid qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Afaqa (adlar şərti verilib – red.) xəsarət yetirib.

NOCOMMENT.az Teleqraf.com-a istinadən xəbər verir ki,  hadisə ötən il iyunun 15-də, saat təxminən 22 radələrində Abşeron rayonu, Masazır kəndində baş verib.

Cavid Ə.Vahid küçəsi ilə “Məzunlar evi” istiqamətinə gedən yolun kəsişməsində işıqforun yanında arvadı Afaqla qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı onun evlərinə qayıtmasına etiraz etməsi səbəbindən üzərində olan bıçaqla döş və qarın boşluqlarına iki dəfə zərbə vurub.

İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“Məni saxlayan var, get öz həyatını yaşa”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Afaq ilə 18 ildir rəsmi olaraq ailə qurub və iki övladı var:

“Ailə qurandan sonra Yevlax şəhərində yaşamışıq. Bir ilə yaxındır ki, Samux rayonu, Seyidlər qəsəbəsində dövlət tərəfindən verilən sosial evdə yaşadıq. 2023-cü ilin may ayının əvvəllərində Afaq ilə aramızda ailə məişət münasibətləri zəminində mübahisələrimiz oldu. Həmin mübahisədən sonra Afaq qızım Səidəni özü ilə götürərək Abşeron rayonu, Masazır kəndində “Məzunlar evi”ndə yaşayan bacısı Samirə və Sevilin yanına getdi. Təxminən 10 gün sonra Afaqı evə qaytarmaq məqsədi ilə arxasınca onun bacısının evinə getdim. Afaq mənimlə qayıtmaq istəmədiyini, “məni saxlayan var, get öz həyatını yaşa” deyərək cavab verdi. Afaqın bu sözü mənə pis təsir etdi. Mən bir neçə dəfə Afaqı evə aparmağa gəlsəm də, Afaq mənimlə getmədi. Onun Masazır qəsəbəsində kafedə işlədiyini öyrəndim”.

“Bıçaq qarın boşluğuna dəydi”

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 15-də, saat 10 radələrində Afaqın işlədiyi yerə yaxın yolun kənarında dayanıb və gözləyib ki, Afaq işdən çıxanda sonunla görüşüb, bir daha evə qayıtması üçün danışsın:

“Bir az keçəndən sonra Afaqın yolu keçdiyini gördüm. Ona tərəf getdim və evə qayıtmasını xahiş etdim. Afaqa uşaqların tək qaldığını, aramızdakı küskünlüyə son qoymasını istədiyimi bildirdim. Afaq evə qayıtmayacağını, öz həyatını yaşadığını dedi. Bu sözündən sonra əsəbiləşərək baş nahiyəsinə bir dəfə yumruqla zərbə vurdum. Sonra isə Afaqı özüm ilə aparmaq istədim. O, qışqıraraq ətrafdakı şəxslərdən kömək istədi. Mən bunu görərək cibimdə olan çörək bıçağını çıxardıb onun ayağına vurmaq istədim. Afaq əyildiyi üçün bıçaq qarın boşluğuna dəydi”.

Cavidin ifadəsinə görə, daha sonra yenidən bıçaqla Afaqın sol tərəfdən qarın boşluğuna zərbə endirib:

“Afaq bıçaqla vurduğumu gördü və vurmamağımı, evə qayıdacağını dedi. O, əli ilə qarnını tutaraq yerə yıxıldı. Mən isə oradan uzaqlaşdım və taksi ilə avtovağzala gəldim”.

“Qadının həyat yoldaşım olduğunu dedim”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin hadisədən təxminən bir həftə əvvəl Afaqın işlədiyi kafeyə gələrkən onun bacılarının “Cehvrolet Cruz” markalı avtomobillə gəldiklərini, Afaqın isə kafedən çıxaraq həmin maşına əyləşdiyini görüb:

“Onlara yaxınlaşdım və sürücüdən maşını saxlamasını tələb etdim. Bu vaxt Afaqın bacıları, həmçinin maşının sürücüsü mənimlə söz mübahisəsi etdilər. Mən sürücüyə avtomobildə olan qadının həyat yoldaşım olduğunu və maşından düşürməsini dedim. Həmin şəxs mənə “Bolt” taksi şirkətində işlədiyini, onları müştəri kimi apardığını dedi. Mən sürücüyə məsləhət gördüm ki, Afaqı maşından düşürsün. Bundan sonra Afaqın bacıları sürücüyə maşına əyləşib getməsini dedilər. Onunla söhbət etmək istədim. Amma sürücü maşını saxlamadı”.

“Sənə həddini bildirəcəm”

Cavid bildirib ki, həmin taksi sürücüsü onun nömrəsini baldızı Sevildən alaraq zəng edib.

“Sürücü dedi ki, guya maşınını saxlayanda qapının şüşəsinə toxunduğum üçün şüşə qalxıb-enmədi. Həmin nasazlığın pulunu mənim ödəməli olduğumu söylədi. Sürücüyə maşınına toxunmadığımı və heç bir pul verməli olmadığımı bildirdim. Sürücü ünvanıma söyüş işlətdiyi üçün mən də ona söyüşlə cavab verdim. O, mənə “əgər kişisənsə, nə vaxt Masazıra gəlsən mənimlə görüş, sənə həddini bildirəcəyəm” dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 15-də Masazıra gedəndə mağazadan bir ədəd mətbəx bıçağı alıb:

“Bıçağı aldım ki, həmin taksi sürücüsü ilə görüşəndə özümü müdafiə edim. Lakin taksi sürücüsünün mobil nömrəsinə zəng vursam da, həmin şəxs zəngimə cavab vermədi. Buna görə də həmin bıçağı şalvarımın kəmərinə keçirdim”.

“Məni hədələdi”

İş üzrə zərərçəkmiş Afaqın sözlərinə görə, əvvəllər əri Cavidlə mehriban olublar:

“Cavid son bir neçə ildir ki, pis vərdişlərə qurşanmışdı. Bundan başqa qadınlarla münasibətdə olması, mütəmadi içkili vəziyyətdə evə gəlməsi, bəzi vaxtlar evdə gecələməməsi səbəbindən aramızda mübahisələr yarandı. Artıq Cavidin hərəkətlərinə dözmədim və evdən getdim. Ailəmi dolandırmaq üçün Masazırda yerləşən ailəvi restoranda xadimə işlədim. Cavid mənim işləməyimə razı olmurdu. Mən isə Cavidə onunla birlikdə yaşaya bilmədiyimi deyirdim. O, məni sözlə hədələyirdi. Cavid məni narahat etdiyi və hədələdiyi üçün qorxdum və xadimə kimi işlədiyim restorandan çıxdım”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavid üç il azadlıqdan məhrum edilib.