“Ərk” Azərbaycan İnsan Hüquqları Cəmiyyəti BMT İnsan Haqları Şurasının 2025-ci il martın 18-də Cenevrədə keçiriləcək 58-ci sessiyasında beynəlxalq ictimaiyyəti güney azərbaycanlı tədqiqatçı, həkim-alim Əhməd Rza Cəlalinin vəziyyətinə diqqət yetirməyə çağıracaq.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, İranda 9 il həbsdə olan yeganə Avropa vətəndaşıdır.
“Ərk” Cəmiyyəti bildirib ki, xarici dövlətlər onun azadlığa buraxılması üçün heç bir təsirli addım atmayıb. O, müalicədən məhrumdur, dəri, sümük və ürək-damar xəstəliklərindən əziyyət çəkir. Məlumata görə, Əhməd Rza Cəlalinin bu şəraitdə saxlanılması mümkün deyil: “O, tezliklə azad olunmalı və İsveçə qaytarılmalıdır”.
Onun keçmiş kamera yoldaşı Louis Arno məhbus alimin vəziyyəti barədə deyib: “O, sadəcə bir kölgədir”.
Cəmiyyət İsveç hökumətindən də əməli addımlar atmasını tələb edib: “Çox gec olmadan hərəkətə keçin!”
Qeyd edək ki, İran Ali Məhkəməsinin qərarı ilə İsrailin xarici kəşfiyyatına (Mossad) casusluqda ittiham olunan İran və İsveç vətəndaşı, əslən Azərbaycan türkü Əhmədrza Cəlali barəsində edam hökmü 2022-ci ildə çıxarılıb.
Ali Məhkəmə Əhmədrza Cəlalinin İsrailin xeyrinə casusluq etdiyi üçün barəsində çıxarılan edam hökmünü təsdiqləyib.
Məlumata görə, onun İranın nüvə proqramı ilə bağlı İsrailə ötürdüyü məxfi informasiyalar nəticəsində iranlı iki nüvə alimi öldürülüb. Onlardan birinin İranın aparıcı nüvə fiziki Möhsün Fəxrizadə olduğu iddia edilir. Alim 2020-ci ilin noyabrın 27-də öldürülüb. İranın iddiasına əsasən, onun ölümündə İsrailin xüsusi xidmət orqanları iştirak edib.
Güney Azərbaycandan olan alim Əhmədrza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfəri zamanı saxlanılıb. Əhmədrza Cəlali 1971-ci il sentyabrın 15-də paytaxtı Təbriz olan Şərqi Azərbaycan əyalətinin Sarab şəhərində anadan olub. O, İtaliyanın Şərqi Pyemont Universitetinin professorudur.