Erməni deputatlar arasında qarşıdurma: Bu nöqtədən Azərbaycan ərazisi başlayırbackend

Erməni deputatlar arasında qarşıdurma: Bu nöqtədən Azərbaycan ərazisi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Məclisindəki müxalifət fraksiyaları Gorus-Qafan avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində yaranmış vəziyyətin müzakirəsini tələb etməkdə davam edirlər.

Bu müzakirələrdə Milli Təhlükəsizlik Xidməti rəhbərinin və müdafiə nazirinin iştirakı da tələb olunur. Oktyabrın 5-də müxalifət Milli Məclis sədrinin bu barədə vədini bir daha yada salıb.

Bunun cavabında Milli Məclis spikerinin müavini Ruben Rubinyan deyib ki, bu məsələyə spiker Alen Simonyan ezamiyyətdən qayıtdıqdan sonra baxıla bilər.

Müxalifət fraksiyaları bildiriblər ki, bugün gündəlikdə bir məsələ olmalıdır: ölkənin təhlükəsizliyi və Ermənistan sərhədlərini hədələyən təhlükələr.

NOCOMMENT-in xəbərinə görə, Azadlıq Radiosunun Erməni xidməti Azatutyun yazır ki, “maliyyə bərabərləşdiməsi” haqqında qanuna dəyişikliklər müzakirə olunarkən Ərazi idarəetmə və infrastruktur naziri Vaçe Terteryana ünvanlanan suallar daha çox “ərazi-inzibati bölgüsü” haqqında qanuna aid idi.

Müxalif millət vəkilləri yada salıblar ki, Nikol Paşinyan bundan əvvəlki bəyanatlarında Ermənistan-Azərbaycan sərhədi təsvirinin 2010-cu ildə qəbul edilmiş qanunda əks olunduğunu demişdi.

Paşinyan bununla xatırlatmaq istəmişdi ki, Azərbaycanla bugünkü sərhədləri Ermənistan özünün 2010-cu il qanunu ilə təsdiq edib. Ermənistan fraksiyasının deputatları Artsvik Minasyan və Artur Xaçatryan Terteryana verdikləri suallarla bu məsələyə aydınlıq gətirilməsini istəyirdilər.

Nazir Terteryan deyib ki, o sərhədlərin ərazi-inzibati bölgüsü qanunu ilə müəyyən olunmasının əsaslandırıldığını xatırlamır: “Heç kim belə bir söz deməyib. Hər halda mənim yadımda belə bir şey qalmayıb”.

Deputat Xaçatryan isə deyib ki, bu bəyanatların səs yazıları və iclasların protokolları var: “O vaxt deyilmişdi ki, azərbaycanlılar ona görə Şurnuxa gəliblər ki, 2010-cu ildə qanuna düzəliş qəbul olunub. Bu düzəlişdə deyilir ki, Şurnuxdan şərqdəki ərazi Azərbaycandır. Hərçənd Azərbaycanın Şurnuxdan nə qədər uzaqda olmasına dair konkret koordinatlar yoxdur”.

Mübahisəyə vitse-spiker Ruben Rubinyan müdaxilə edib: “Heç kim deməyib ki, sərhəd ərazi-inzibati bölgüsünə dair qanunla müəyyənləşir”.

Rubinyan bildirib ki, əvəzində başqa iddialar da var: “Bir vaxt həmin qanun layihəsinə səs verən deputatlar ordakı bu müddəanı da təsdiq ediblər. Sizin sözləriniz və əməlləriniz bir-birinə uyğun gəlmir. Çünki burda məntiq yoxdur: Bir siyasi qüvvə bir gün bir müddəaya səs verir ki, Sünikdə bu nöqtədən Azərbaycan ərazisi başlanır, sonra isə gəlir və deyir ki, siz xəyanatkarcasına Ermənistanın yaşayış məntəqələrini təhvil vermisiniz”.

Bu vaxt “Şərəfim var” müxalifət fraksiyasının deputatı Ayk Mamicanyan vitse-spikerə atmaca atıb: “Bizim hakimiyyətimiz vaxtı adamlar Sünikdə təhlükəsiz şəkildə hərəkət edirdilər…”

Deputatın bu atmacası hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından deputat Vladimir Vardanyanı qəzəbləndirib.

O soruşub ki, AŞPA-da Qarabağa dair mühüm məsələlər müzakirə olunanda müxalifət harada olub: “Mühüm layihə müzakirə olunurdu. Artsax, Dağlıq Qarabağ adlarını bərpa etmək, qaytarmaq lazım idi. Siz hardaydınız? Hörmətli həmkarlar, xahiş edirəm bu sərhəd müzakirəsini qurtarın. Bu yersizdir və sizin təsəvvür edə bildiyinizdən daha təhlükəli nəticələrə gətirib çıxarır”.