Erməni kəndləri BOŞALDILIR? – Daha bir HİYLƏGƏR PLANbackend

Erməni kəndləri BOŞALDILIR? – Daha bir HİYLƏGƏR PLAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan–Azərbaycan sərhədinə yaxın yaşayış məntəqələrində demoqrafik vəziyyətlə bağlı yayılan məlumatlar son günlər yenidən daxili siyasi müzakirələrin mərkəzinə çevrilib.

Müxtəlif müxalif dairələr sərhədyanı kəndlərin guya sürətlə boşaldığını iddia edir və bunu təhlükəsizliklə əlaqələndirməyə çalışırlar.

“Bizim yol” hərəkatının koordinatoru Narek Karapetyanın açıqlamaları da bu kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir. Onun sözlərinə görə, xüsusilə Gorus rayonu ətrafındakı kəndlərdə əhali azalır və əsas səbəb kimi Azərbaycan Ordusuna qarşı qorxu göstərilir. Karapetyan iddia edib ki, Teğ (Dığ) kəndi yaxınlığında artıq erməni əhali qalmayıb, prosesə işsizlik və sosial problemlər də təsir edir və bütün bunlar guya hakimiyyətin səssiz razılığı ilə baş verir.

Lakin bu iddialar rəsmi mövqelərlə və real vəziyyətlə üst-üstə düşmür. Xatırladaq ki, ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan Kirants kəndinə səfər edib, yerli sakinlərlə görüşüb və sərhədə yaxın mövqedə açıq çıxış edərək hərbi eskalasiyanın gözlənilmədiyini bildirib.

Paşinyan sülh prosesinin davam etdiyini vurğulayıb və kəndlərin boşaldılması ilə bağlı yayılan söz-söhbətlərin əsassız olduğunu qeyd edib.

Maraqlıdır ki, Narek Karapetyan Rusiyada həbsdə olan milyarder Samvel Karapetyana yaxın şəxs kimi tanınır və onun bu mövzuda səsləndirdiyi fikirlər Ermənistanda sülh gündəliyinə qarşı yönəlmiş siyasi təbliğatın bir hissəsi kimi dəyərləndirilir. Müxalifət düşərgəsi sərhəd bölgələrində yaşayan əhalini qorxu altında saxlamaq, Azərbaycanla normallaşma prosesinə qarşı ictimai narazılıq formalaşdırmaq üçün “təhlükə” tezisindən istifadə edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan VHP Ali Məclisinin katibi, siyasi ekspert Azər Canıyev qeyd edib ki, rəsmi dairələrin sülh çağırışları və bəyanatlarına baxmayaraq, revanşist dairələrin son vaxtlar Azərbaycan Ordusunun guya Ermənistanın cənubunu ələ keçirməyə hazırlaşdığı barədə iddiaları məqsədli və planlı xarakter daşıyır:

“Bu cür məlumatların mediada ardıcıl şəkildə tirajlanması təsadüfi deyil və konkret siyasi məqsədlərə xidmət edir.

Belə iddialar irəli sürülür ki, guya Azərbaycan Ordusunun Ermənistana girməsinə “ciddi hazırlıq gedir” və bu “hücum” yaxın müddətdə baş verəcək.

Hətta bir qədər də irəli gedilərək, uydurma ssenarilər qurulur, xəyali hərbi planlar “analiz edilir”, sonra isə bu saxta məlumatlara “ekspert rəyləri” əlavə edilərək informasiya manipulyasiyası tamamlanır. Əslində isə bu, faktlara yox, qorxu və təşviş yaratmağa hesablanmış klassik dezinformasiya texnologiyasıdır.

Məsələnin mahiyyətinə baxdıqda aydın olur ki, bu kampaniya iki əsas istiqamətdə hədəflənib. Bir tərəfdən, Ermənistan daxilində seçki ərəfəsində Paşinyan hakimiyyətinə qarşı aparılan qara piar və psixoloji təzyiq vasitəsidir. Digər tərəfdən isə Rusiyanın Zəngəzur dəhlizi üzərində mövcud nəzarətini itirməmək cəhdlərinin informasiya müstəvisində davamıdır”.

Azər Canıyev

Canıyevin sözlərinə görə, reallıq ondan ibarətdir ki, Ermənistan hazırda Zəngəzur dəhlizi məsələsində tamhüquqlu siyasi subyekt kimi deyil, daha çox böyük güclərin maraqlarının toqquşduğu “geopolitik obyekt” kimi davranmaq məcburiyyətindədir: “Paşinyan hakimiyyətinin Ermənistan dəmir yolları üzərində Rusiyanın “RJD” şirkətinə məxsus dövlət mülkiyyətini ləğv etmək istiqamətində siyasi iradə nümayiş etdirməsi mümkündür. Lakin bu addımın nəticəsində yaranacaq Kremlin iqtisadi təzyiqlərinə, artacaq təhlükəsizlik risklərinə və Rusiya ilə açıq qarşıdurmaya Ermənistanın tab gətirmə imkanları olduqca məhduddur.

Daha da önəmlisi, belə bir vəziyyətdə ABŞ və Qərbin Ermənistana real, həlledici və uzunmüddətli dəstək verib-verməyəcəyi sualı hələ də açıq qalır.

İndiyədək müşahidə olunan proseslər göstərir ki, böyük güclər regionda öz maraqları naminə Ermənistanı təşviq etsələr də, riskli mərhələdə onu tək buraxmaqdan çəkinmirlər”.

Azər Canıyev qeyd edib ki, beləliklə, Azərbaycan əleyhinə tirajlanan “Zəngəzur ssenariləri” nə real hərbi təhlükəni, nə də faktiki vəziyyəti əks etdirir:

“Bu iddialar daha çox daxili siyasi manipulyasiya, xarici geosiyasi hesablaşmalar və regionda süni gərginlik yaratmaq cəhdlərinin tərkib hissəsidir. Azərbaycan isə regional sabitliyin, suveren hüquqların və beynəlxalq hüquqa əsaslanan sülh gündəliyinin tərəfdarı olaraq qalır”.