Erməni mediası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının “hünəri”ndən DANIŞIRbackend

Erməni mediası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının “hünəri”ndən DANIŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adama neynir, özününkü edir. Eynən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov kimi. 44 günlük müharibədən sonra qazandığımız şanlı qələbənin dadını-duzunu qaçırdı. S.Mikayılov səhlənkarlıq və məsuliyyətsizliyi ucbatından düşmənin ağzına söz verdi. Bu gün əksər erməni xəbər portalları və televiziyaları Süleyman Mikayılovun “fəaliyyətini” eninə-uzununa işıqlandırırlar. Yayımladıqları 11 dəqiqəlik şərhsiz videonun aşağı küncündə isə Azərbaycan xalqının və ölkə başçısının ünvanına hədyanlar yazırlar.

Məsələn, ”Panorama.am” yazır ki, “18 şəhid Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki qəbiristanlığın uzaq küncündəki bir bataqlıqda dəfn edildi”.

İndi soruşuram: Ay Süleyman müəllim, bu, bizə lazım idi? 11 ildir bu rayona rəhbərlik edirsiniz. Nəinki rayonun, hətta hər qəsəbənin bəndinə, yoluna bələdsiniz. Bəs niyə Vətən uğrunda, böyük qələbəmiz naminə şəhid olan qəhrəmanlarımıza belə urvatsız münasibət göstərirsiniz? Sizin şəxsi imkanınız var ki, 18 şəhidi urvatla, üsuluyca və ən hörmətli şəkildə Qaradağın ən mənzərəli hissəsində dəfn edəsiniz. Oranı da Dağüstü parkdakı Şəhidlər xiyabanı kimi əzəmətli bir memoriala döndərəsiniz. Amma nəyə görəsə bunu etmək istəmədiniz: ya pulunuza qızırğalandınız, ya da “mənə nə” dediniz. Nəticədə düşmən dəyirmanına su tökdünüz.

Bir media mənsubu kimi mən erməni mətbuatını davamlı şəkildə izləyirəm. Amma son 5 ayda ermənilərin bizi utandıracaq və yaxud üstümüzə çamur ata biləcək əsaslı bir fakt görməmişdim. Bu faktı ermənilərə siz verdiniz! Və yəqin ki, ermənilər uzun müddət bu videonu “raskrutka” edəcək, hisslərimizlə oynayacaqlar. Nədi, nədi, Süleyman Mikayılov vəzifə səhlənkarlığı edib. Və indi bir Mikayılova görə 10 milyon azərbaycanlı erməni həyasızlığı qarşısında xəcalət təri tökməlidir. Niyə?

Şəxsən mən 18 şəhidimizin dəfn olunduğu ərazini görməmişəm. Amma ermənilərin yayımladığı videodan görünür ki, yer elə də uğurlu seçilməyib. Baxmayaraq ki, Qaradağ ərazisinə görə Bakının ən böyük rayonudur. Amma neyniyəsən ki, Süleyman Mikayılov bu böyüklükdə rayonda 18 şəhidə layiqli yer tapa bilməyib. Bu, məsələnin bir tərəfi…

Məsələnin ikinci tərəfi daha çox hiddət doğurur. Belə ki, qəbirlərin üzərindəki məzar daşları keyfiyyətsizliyi və səliqəsizliyi ilə diqqət çəkir. Məzarların ətrafına ən adi çınqıl daşı belə döşənməyib. Hər tərəfdə, o cümlədən məzarın üstündə yağışdan sonra gölməçələr əmələ gəlib… Bu mənzərə üçünsə vicdanı olan hər kəs xəcalət çəkir…
Məsələnin maraq doğuran digər tərəfi isə odur ki, şəhid valideynləri vəziyyətlə uzun müddətdir barışmırlar. Və yəqin ki, buna görə də onlar Süleyman Mikayılov başda olmaqla bir çox vəzifə adamına narazılıqlarını bildiriblər. Yaxşı, bəs bu insanlar niyə eşidilməyib? Niyə onlarla ortaq məxrəc axtarılmayıb? Deməli, Süleyman Mikayılova belə bir biabırçılıq sərf edir. Niyəsini isə Mikayılov özü bilir. Amma bu “sərf” millətin və xalqın, eləcə də onun liderinin heysiyyatına toxunur. Gədə-güdənin, xüsusilə də düşmənlərimizin ağzına söz verir…

Bunu Qaradağdan deputat seçilən Aydın Hüseynov da deyir: “Bu halları qabardanlar düşmən dəyirmanına su tökərək, şəhidlərin adından istifadə edərək, özlərini gündəmə gətirirlər”.

Aydın müəllim bu rayonun xalq elçisidir. Amma o da elçiliyi düzgün aparmır. Birincisi, ona görə ki, bu problemi bilə-bilə uzun müddət susub. Heç bir təşəbbüs göstərməyib. İkincisi isə onun münasibəti məsələnin həllinə yox, icra başçısının müdafiəsinə yönəlib. Neyləyək ki, bu da Azərbaycan reallığıdır. İşdir-şayəd, sabah bu məsələyə görə Süleyman Mikayılovu işdən çıxarsalar (yəqin ki, çıxaracaqlar), onda hörmətli deputatımız deyəcək ki, ”mən bu məsələyə görə dəfələrlə başçı ilə üz-üzə gəldim. Axırıncı dəfə də qapısını çırpıb çıxdım”.

Bəli, bundan sonra Qaradağda çox şey dəyişəcək. Şəhidlərimiz və onların valideynləri layiq olduqları hörmət və ehtiramı görəcəklər. Amma təəssüf ki, ermənilər bunu görməyəcək. Daha doğrusu, görmək istəməyəcəklər. Çünki yarasalar işıqdan qorxur, onlar qaranlıq və pislik sevdalısıdırlar. Və çox təəssüf ki, bu ləzzəti onlara yaşadan Süleyman Mikayılov kimi məmurlarımızdır…

Konkret.az