Ermənilər bundan sonra Azərbaycan himnini dinləyəcəklərbackend

Ermənilər bundan sonra Azərbaycan himnini dinləyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının dövlət himni Azərbaycanın istənilən ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda səsləndirilə bilər”.

NOCOMMENT xəbər verir ki, bu sözləri modern.az-a Şuşanın yüksək ərazilərində səsgücləndiricilər vasitəsilə Azərbaycan himninin və musiqilərinin səsləndirilməsindən danışan Xankəndi seçki dairəsinin deputatı Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan ərazilərində həyata keçirilən bu cür mədəni tədbirlər heç bir təəccüb doğurmamalıdır: “Himnimiz Azərbaycanın işğaldan azad edilən ərazilərində də səsləndirilir. Şuşada dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasından uvertüra, milli muğamlarımız, musiqilərimiz də səsləndirildi.

Qarabağ bizim mədəniyyət paytaxtımızdır. 2022-ci il həm də Şuşa ili elan olunub. Ona görə, xüsusilə bu il mədəni tədbirlərə daha çox ehtiyac var. Azərbaycan öz mədəniyyət paytaxtında hələ çox mədəni tədbirlər keçirəcək. İncəsənəti, musiqini təbliğ edən addımlar atılacaq, festivallar təşkil olunacaq”.

Xankəndidə yaşayan ermənilərin də musiqilərimizi dinlədiyini vurğulayan deputatın fikrincə, Azərbaycanın öz ərazilərində keçirdiyi mədəni tədbirlər ermənilər tərəfindən tamamilə normal qarşılanmalıdır: “Hesab edirəm ki, sevinclə, fərəhlə Azərbaycan musiqisini, himnimizi səsləndirməyimiz ölkənin istənilən bölgəsində yaşayan insanlar üçün fərəhləndirici haldır. Buna qarşı heç kimin etiraz etməyi mümkün deyil”.

Qeyd edək ki, Şuşa şəhərində səsgücləndiricilər vasitəsilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Himnimizin sədası geniş əraziyə yayılıb. Xankəndi şəhərində yaşayan ermənilər də Azərbaycanın himnini eşidiblər.