Ermənilər sülh istəsəydilər, Paşinyana yox, Ter-Petrosyana səs verərdilərbackend

Ermənilər sülh istəsəydilər, Paşinyana yox, Ter-Petrosyana səs verərdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda iyunun 20-də keçirilən parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyan və onun partiyası qalib gəldi. Erməni xalqının Paşinyanı seçməsi analitiklər tərəfindən fərqli dəyərləndirilir, ekspertlər hesab edir ki, erməni xalqı sülhə və əməkdaşlığa meyl etməyə başlayıb.

Bəs Paşinyan hakimiyyətinin yeni dövründə hansı siyasəti üstün tutacaq?

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Nikol Paşinyanın planlarının müəmmalı olduğuna işarə edib.

Onun fikrincə, azərbaycanlı ekspertlər erməni xalqının sülh istədiyini düşünməkdə tələsirlər: “Bizdə qələmə verirlər ki, Paşinyanın qələbəsi Ermənistan xalqının sülh istədiyinə işarədir. Düşünürəm ki, ermənilər sülh istəsəydilər, əslində Levon Ter-Petrosyana səs verməli idilər. O, yeganə namizəd idi ki, Türkiyə və Azərbaycanla əlaqələrin normallaşdırılmasını istəyirdi.

Nikol Paşinyan isə populist siyasətçidir. O, hakimiyyətə gələndə ümidverici şüarlar, vədlər səsləndirirdi ki, Qarabağ məsələsini həll etmək niyyətindədir. Halbuki, sonradan “Qarabağ Ermənistandır” kimi radikal şüarlar səsləndirməyə başladı”.

F.Şəfiyevin fikrincə, erməni xalqı seçkilərdə Paşinyanın xeyrinə deyil, daha çox Robert Köçəryanla Serj Sarkisyanın əleyhinə səs verməyə çalışıblar: “Köçəryan və Sarkisyan hakimiyyəti təkcə müharibə revanşizmi platforması deyildi. İnsanlar daha çox istəmirdilər ki, Ermənistan həmin rəhbərlərin vaxtına qayıtsın. Korrupsiya, rüşvətxorluq, iqtisadiyyatda geriləmə yenidən baş alıb getsin.

Nikol Paşinyanın hansı siyasət yürüdəcəyinə gəlincə isə külək hansı tərəfə vurdusa, ora əsəcək. Müəyyən dərəcədə Paşinyan dərk edir ki, Ermənistanın iqtisadi gələcəyi yoxdur, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa məcburdur. Amma burada bir sıra faktorlar var. Ermənistan cəmiyyəti güzəştlərə getməyə hazırdır. Hətta delimitasiya ilə bağlı hansısa prosesə başlasalar belə, Qarabağda yaşayan ermənilər üçün imtiyaz iddialarından əl çəkəcəklər. Çünki seçkilərdən əvvəl Nikol Paşinyan deyib ki, ermənilər oradan ayrılmalıdırlar. Amma onun köklü şəkildə verdiyi vədlərə əməl etdiyini görməmişik”.

Ermənistanın Rusiya və Amerika ilə münasibətlərinə gəlincə, mərkəz rəhbəri vurğulayıb ki, durum indikindən əsaslı şəkildə fərqlənməyəcək: “Rusiyanın Ermənistanda təsir mexanizmləri var. Rusiya bu vəziyyəti tam həll olunmamış saxlamaq istəyir. Amerikanın isə hələ də Cənubi Qafqazla bağlı normal siyasəti yoxdur, bəyan etməyib. Orada erməni diasporunun təsiri var, Amerika Administrasiyası daxilində daha rasional düşünən məmurlar təmsil olunurlar. Amma onlar üçün erməni məsələsi prioritet deyil. Amerikanlar bütün regionlarda “qayıdış”larını bəyan edirlər. Amma Əfqanıstana və digər bölgələrə baxanda aydın olur ki, resursları başqa istiqamətə səfərbər etmək istəyirlər. Əvvəlki maraq dairələrindən uzaqlaşıb, daha çox Çinlə bağlı siyasət aparmağa çalışırlar.

Ermənistanın siyasətinin bundan sonra necə olacağını dəqiq söyləmək çətindir. Amma hər bir halda mən Nikol Paşinyanı nə demokrat, nə də sülhpərvər sayıram.

Tam olmasa da, belə ümumiləşdirə bilərik ki, Ermənistanın Rusiyadan asılılığı qalacaq və bu dövlət bir neçə ölkə istisna olmaqla, bütövlükdə Qərbin diqqətini ciddi şəkildə özünə çəkə bilməyəcək”.