Ermənilərin Bərdəyə vurduğu ziyan araşdırılırbackend

Ermənilərin Bərdəyə vurduğu ziyan araşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəyib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Bərdə rayonunun sakinləri də erməni vandalizmindən əziyyət çəkib. Hazırda Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun raketlərdən atəşə tutulması nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi işləri davam etdirilir.

Bərdə rayonu üzrə işçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elçin İbrahimov müxbirimizə bildirib ki, ilkin məlumata görə Bərdə şəhərində və rayonun altı kəndində 160 subyektə ziyan dəyib. Artıq Bərdə rayonunun 6 kəndində dəymiş ziyan qeydiyyata alınıb, vətəndaşların iştirakı ilə aktlar tərtib edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.