Ermənilərin evini dağıtdığı ailə küçələrdə qalıb – VİDEObackend

Ermənilərin evini dağıtdığı ailə küçələrdə qalıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2020-ci il oktyabr ayının 17-də Gəncə şəhərinə raket atıldığı üçün evim qəzalı vəziyyətə düşdü. İcra nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətliləri və şəhərsalma nümayəndələri gəlib evimə baxdılar, qərar verdilər ki, qəzalı vəziyyətdədir. Evimin sökülməsinə qərar verildi. Sığınacaq yerim olmadığı üçün məni kirayə çıxardılar, kirayə pulu alırdım. Daha sonra kartımın müddəti bitdi, gedib yeni kart aldım. Yeni kartımın məlumatlarını təqdim etmək üçün İcra Hakimiyyətinə yaxınlaşdım. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəqani Əbdüləzimov dedi ki, gələn ay gələrsiniz. Gələn ay getdikdə isə bildirdilər ki, sizin eviniz mübahisəlidir, ona görə sizə kirayə pulu düşmür”.

NOCOMMENT.az xəbər verir ki, bu iddia ilə Yenisabah.az-a Gəncə şəhəri Ağa Mirzə Əhmədov küçəsində evi sökülən Gülzanə Həsənova müraciət edib.

G.Həsənovanın sözlərinə görə, qəzalı vəziyyətdə olan evi söküldükdən sonra onlar kirayə mənzillərə köçürülüblər. Lakin bir müddət sonra verilən kirayə pulu dayandırılıb:

“Mən 50 ildir ki, sözügedən evdə ailəmlə yaşayıram, orada qeydiyyatdayam. Həmin ünvanda nə su, nə işıq, nə də kanalizasiya var, evin heç bir şəraiti yoxdur. Xəqani müəllim isə deyir ki, sizə kirayə pulu verə bilmərəm, gedin öz evinizdə yaşayın. Sizə evin şəraitini videomaterial şəklində yollayıram, özünüz baxın. Evin işığı, suyu, sanitar qovşağı yoxdur. Döşəməsi vurulmayıb, icra hakimiyyətinin nümayəndələri gəlib evə baxış keçirsin, desinlər görək bu evdə yaşamaq olarmı? Ailəm 9 nəfərdən ibarətdir, bu evə ailə üzvlərimi necə gətirim?! Kirayə pulunu verə bilmədiyim üçün ev sahibi də məni evdən çıxarır. Xahiş edirəm aidiyyəti qurumlar ya mənim kirayə pulumu bərpa etsin, ya da məni yaşamağım üçün bir yerə yerləşdirsin”.

Şikayətçi dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının qəbuluna düşmək üçün müraciət etsə də, onun başçı ilə görüşməsinə şərait yaradılmayıb:

“İcra Hakimiyyətinə gedib deyirəm ki, kirayə pulumu kəsdiniz, yaxşı, heç olmasa, məni icra hakiminin qəbuluna yazın ki, mən başçıya dərdimi deyim. Mən Azərbaycan vətəndaşıyam və bu, mənim hüququmdur. Dəfələrlə müraciət etsəm də, şikayətim təmin olunmadı və artıq məsələni ictimailəşdirməyə məcburam”.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra hakimiyyətindən verilən məlumata görə, şikayətçi sözügedən mülkün rəsmi sahibi deyil, bu səbəbdən ona verilən kirayə pulu dayandırılıb:

“Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 8 ünvanında yerləşən fərdi yaşayış evi Ağayev Rafiq Məmməd oğlunun xüsusi mülkiyyətindədir. Vətəndaş Həsənova Gülzanə Tofiq qızı vaxtilə qeyd edilən evdə yaşayıb, amma mülk sahibi olmayıb. Hazırda tərəflər arasında mövcud olan mülki mübahisəyə dair məhkəmə işi getdiyindən, evin mülkiyyətçisi olan Rafiq Ağayevin tələbi əsasında kirayə haqqının ödənilməsi dayandırılıb. Loru dildə desək, ev Gülzanə xanımın adına deyil, evin yiyəsi var. Qeydiyyatda olmaq başqa, mülk sahibi olmaq isə başqadır”.

İcra Hakimiyyətindən vətəndaşların başçı ilə görüşməsinə imkan yaradılmaması məsələsinə də aydınlıq gətirilib:

“Bu iddia yanlışdır. Təbii ki, vətəndaşlar başçı ilə görüşə bilirlər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hər həftə sakinlərlə görüşür. Bundan başqa, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və icra başçısının müavinləri də həftə ərzində müəyyən olunmuş qrafik əsasında sakinlərlə görüşürlər”.

Əsmətxanım Rzazadə