Ermənilərin niyyəti nədir? – Azərbaycanla 3 yerdə sərhəd keçid məntəqəsi…backend

Ermənilərin niyyəti nədir? – Azərbaycanla 3 yerdə sərhəd keçid məntəqəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumiyyətlə, dövlətlər arasında sərhəd keçid məntəqəsi qurulursa, ya insanların istifadəsi, yaxud da tranzit yüklərin daşınması məqsədilə qurulur”.

NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

Politoloq erməni tərəfinin Azərbaycanla sərhəddə 3 yeni sərhəd keçid məntəqəsi yaratmaq istəməsi faktına münasibət bildirib.

Xatırladaq ki, Ermənistanın İctimai Radiosunun verdiyi məlumata görə, Ermənistan MTX Azərbaycan-Ermənistan sərhədinin bəzi nöqtələrində sərhəd keçid məntəqəsi yaratmağı təklif edib.

Belə ki, layihəyə əsasən, ilk məntəqə Qubadlı rayonu ərazisində yerləşən Eyvazlı kəndi yaxınlığındakı Vorotan (Şahverdilər) qəsəbəsi ətrafında olacaq. İkinci keçid məntəqəsi Vardenis (Basarkeçər)-Kəlbəcər istiqamətindəki Zod aşırımında, üçüncü keçid məntəqəsi isə Yerasx (Arazdəyən)-Sədərək istiqamaətində yerləşəcək.

Məsələyə aydınlıq gətirən politoloq əlavə edib: “Görünür, Ermənistan tərəfi ilə müəyyən razılıqlar əldə olunub ki, bir yox, üç istiqamət üzrə keçid məntəqəsinin qurulması nəzərdə tutulur. Çox güman, Azərbaycan tərəfindən də qarşılıqlı olaraq sərhəd keçid məntəqələri qurulacaq. Hər halda bu, tərəflərin razılığının ilkin nəticəsi kimi də olacaq.

Biz bunu Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar kimi də göstərə bilərik. Bəlkə də Zəngəzur dəhlizi açılanda ilk vaxtlarda başqa adla təqdim edə bilərlər. Yəni Paşinyan hökuməti cəmiyyətdə gərginliyin artmaması üçün bu adı istifadə etməz, lakin müəyyən bir vaxtdan sonra Zəngəzur yoluna dəhliz statusu verilə bilər”.

Ekspertin sözlərinə görə, Ermənistan tərəfi anlayır ki, ermənilərin yenidən Qarabağda yaşamaları üçün ən yaxşı variant Azərbaycanla münasibətləri normallaşdırmaqdır: “Bu gün oradan çıxan ermənilər də deyir ki, biz burada yaşamaq istəyirik. Bunun üçün də ən potensial variant Azərbaycanla dil tapmaqdır.

Buna görə də 3 dənə sərhəd keçid məntəqəsinin yaradılması layihəsinin irəli sürülməsi ona xidmət edir ki, həmin vətəndaşlar orada yaşayanda Ermənistana daha rahat gedib-gəlmək imkanı əldə edə bilsinlər”.