Ermənilərin Şaxta babaya çevirdiyi Duma üzvü: Əlinə xurcun verib Xankəndiyə gətirdilər – FOTObackend

Ermənilərin Şaxta babaya çevirdiyi Duma üzvü: Əlinə xurcun verib Xankəndiyə gətirdilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tərəfindən adı “qara siyahı”ya salınan Rusiya Federasiyası Dövlət Dumasının deputatı Vitali Milonov növbəti dəfə Qarabağa qanunsuz səfər edib.

NOCOMMENT xəbər verir ki, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən ermənipərəst deputat Xankəndidə separatçıların başçısı Araik Arutyunyanla görüşüb.

Üstəlik, rusiyalı deputat böyük riyakarlıqla bu qanunsuz əməlini sosial şəbəkə hesablarında paylaşıb və səfərdən “məmnunluq” duyduğunu qeyd edib.

Bununla da kifayətlənməyən deputat Xankəndidə erməni məktəblilər üçün Yeni il şousu təşkil edib və baş rolu özü ifa edib. Şaxta baba libasını geyinən Milonov ermənilər üçün hədiyyə paylayıb.

Vitali Milonovun Azərbaycana qarşı mövqeyi və ermənilərə olan “isti” münasibəti hər kəsə bəllidir. Lakin sözügedən şəxs ilk növbədə öz ölkəsinin parlamentində təmsil olunduğunu unutmamalıdır. Artıq dəfələrlə bu cür təxribatlara əl atan deputat regionda sülhməramlı missiya həyata keçirən Rusiya dövlətinin də imicinə xələl gətirir.

Lakin Vitali Milonov kimi şəxslərin erməni sevgisinin arxasında dayanan məqamlar da gün kimi aydındır. Hər halda Milonovun riyakarlığına və qanunları kobud şəkildə pozmasına səbəbin təkcə sevgi olmadığını söyləmək çətin deyil. Çünki V.Milonov kimi xislətə sahib insanlar Rusiyanın erməni diasporunun maraqlarına heç də təmənnasız xidmət etmir. Belə olan halda isə göstəriş gəldikdə hətta öz dövlətinin sülhməramlı missiyasının xidmətinə kölgə sala biləcək addımlardan da çəkinmək mümkün olmur. Görünür V.Milonov üçün ermənilərin “hədiyyə”ləri hətta Kremlin maraqlarından belə önəmlidir.

Məhz həmin “hədiyyə”lər V.Milonovu “Şaxta baba” qiyafəsinə də, hətta qar qız libasına da büründürə bilər. Rusiyalı deputatın alət olduğu erməni təbliğat maşını isə bu dəfə onunla insaflı davranıb. Yəqin ki, göstəriş verənlər Şaxta baba ilə kifayətlənməyi seçiblər. Ancaq əminik ki, V.Milonovun sahib olduğu mənəvi xüsusiyyətlər ona hətta ikinci təklifə belə yox deməyə imkan verməzdi.

Azərbaycan tərəfindən sözügedən şəxs artıq “qara siyahı”ya salınıb. Odur ki, rəsmi Bakı artıq bu şəxsin dövlətlərarası münasibətlərə xələl gətirməsi barədə Kremlə mesaj ötürüb. Bu mənada V.Milonovun Xankəndiyə səfərində əsas günahkarlardan biri məhz Rusiyanın sülhməramlı kontingentidir. Nəzarətsizlikdən istifadə edən erməni havadarları rahatlıqla rusiyalı deputatın əlinə xurcunu verib, hədiyyə paylamağa gətirə biliblər.

Öz missiyalarına hər ötən gün daha da uzaqlaşan sülhməramlılar isə artıq daha kəskin narahatlıq doğurur. Hər halda bizim üçün bu kontingentin müvəqqəti məsuliyyət zonasında hansı işlərlə məşğul olduğu böyük və cavabsız sual olaraq qalmaqdadır.

Milonov kimi erməni təbliğatının əlaltısı olmağı seçənlərin bu cür təxribatlarına şərait yaratmaqla Rusiya sülhməramlıları həm öz öhdəliklərinə, həm də Rusiya dövlətinin maraqlarına xəyanət edir.

Ən maraqlısı isə budur ki, Milonov və onun kimi əlaltıların bu işdə “xeyri”nin nə olduğunu təxmin etmək asandı, sülhməramlıların isə bu aciz durumdan nə “qazancı” var söyləmək qəlizdir.