Ermənipərəst rusiyalı ekspertin etirafı: Yaranmış situasiya Ermənistan ordusunun tam çöküşünün nəticəsidirbackend

Ermənipərəst rusiyalı ekspertin etirafı: Yaranmış situasiya Ermənistan ordusunun tam çöküşünün nəticəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox rusiyalı hərbi ekspertlər nə qədər ermənipərəst mövqe tutsalar da, Azərbaycanın hazırda davam edən Qarabağ müharibəsindəki şəksiz uğurlarını etiraf etməyə məcburdurlar.

NOCOMMENT azpolitika-ya istinadən xəbər verir ki, Rusiyanın “Nezavisimaya Qazeta” dərgisində Qarabağ döyüşləri barədə məqalə ilə çıxış edən tanınmış hərbi ekspert Aleksey Ramm Azərbaycanın hərbi uğurlarını ordumuzun malik olduğu hərbi dronlar və Ermənistanın hərbi rəhbərliyinin fərsizliyi, yarıtmazlığı iləəlaqələndirib.

Ermənipərəstliyi açıq sezilən hərbi ekspertin yazdığı “Azərbaycanın kamikadze dronları, deyəsən, Qarabağ münaqişəsində qalib gəlir” başlıqlı məqalədə göstərilir ki, Azərbaycan ordusu əsasən cənub istiqamətində cəbhəni bir neçə yerdən yarmaqla önəmli irəliləyiş əldə edərək, erməni silahlı qüvvələrini xeyli geri çəkilməyə vadar edib: “Hərbi uğurlar Bakının tərəfindədir. Cənubda Azərbaycanın hərbi uğurları açıq-aşkar görünür. Ağır döyüşlərlə də olsa, cəbhə yarılıb və erməni silahlı qüvvələri geri çəkilir. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ və İranla sərhədin tam nəzarətə götürüldüyünü bəyan edib”.

Ekspert qeyd edir ki, çoxları Azərbaycanın uğurlarını İsrail istehsalı olan kamikadze-dronlarla əlaqələndirsələr də, onun fikrincə, bu hərbi əməliyyatlarda Türkiyənin “Bayraktar” dronlarının xidmətləri daha çoxdur: “Hələ ki, Azərbaycanın ən önəmli aləti “Bayraktar”dır. Hansı ki, bu PUA-lar artilleriyanı və idarə olunan raketləri hədəfə yönəldir. İdlibdə olduğu kimi, Türk dronları cəbhə xəttinin üzərində uçaraq, erməni hədəflərini nəzarətə götürür və hücumların qarşısını alır”.

Daha sonra təəssüfünü gizlətməyən ekspert qeyd edir ki, Azərbaycanın uğurları Türk və İsrail PUA-larından daha çox Ermənistanın hərbi rəhbərliyinin uğursuz və yarıtmaz fəaliyyətilə bağlıdır: “Yaranmış situasiya Ermənistan silahlı qüvvələrindəki planlaşdırmanın tam çöküşünün nəticəsidir.”

A.Rammın fikrincə, Ermənistan ordusu öncədən planlaşdırmanı düz qurmayıb. O, iddia edir ki, Azərbaycan hərbi aviasiyası hələ ki, tam gücü ilə fəaliyyət göstərə bilmir, çünki erməni “S-300”ləri buna imkan vermir.

Ekspert hesab edir ki, Azərbaycan PUA-ları ilə effektiv mübarizə aparmaq üçün ermənilərin arsenalında Rusiyanın “Panser” və “Buk” zenit kompleksləri olmalı idi.

Lakin xatırladaq ki, Türkiyə “Bayraktar”ları xüsusilə Liviyada Rusiyanın “Panser” komplekslərini darmadağın etmişdi və Rusiyanın Liviyadakı hərbi varlığını da məhz bu fakt xeyli məhdudlaşdırmış oldu.

Odur ki, Dağlıq Qarabağda gedən döyüşlərdə erməniləri heç bir zenit kompleksi ordumuzun malik olduğu silahlardan və Azərbaycan əsgərindən xilas edə bilməyəcək.