Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı əli sıxacaqmı?backend

Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı əli sıxacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyə prezidentləri Ermənistana barış əli uzadıblar. Niyyətimiz odur ki, Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutsun, dərhal regionda sabitlik təmin olunsun, bölgəyə sülh gəlsin və insanlar təhlükəsiz şəraitdə yaşasın”.

Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailə üzvlərini qəbul edərkən deyib.

Qeyd edək ki, son vaxtlar Azərbaycan regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atır. Ermənistanla sülh szaişinin imzalanması münasibətlərin normallaşdırılması gündəmdədir.

Hulusi Akarın bu çıxışına Ermənistanın reaksiyası necə olacaq? Ermənistan Türkiyə və Azərbaycanın barış əlini sıxacaqmı?

NOCOMMENT xəbər verir ki, yenisabah-la fikirlərini bölüşən “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini Nizami Cəfərsoy deyib ki, müharibədən sonra Ermənistanda revanşist qüvvələr müəyyən bəyanatlar versələr də, İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesinə getdikcə daha yumşaq və pozitiv yönlü siqnallar verməyə başlayır.

“Həm Azərbaycanın gücü, həm Türkiyə-Azərbaycan əməkdaşlığı, həm regionda Rusiyanın ümumi siyasi xətti yeni bir mənzərə formalaşdırıb. Paşinyan iqtidarı Ermənistanın düşdüyü sosial-iqtisadi, hərbi və demoqrafik girdabdan çıxarmaq üçün barışığa doğru getmək məcburiyyətindədir. Bu, ən doğru yoldur”.

Politoloq əlavə edib: “Ermənistan Azərbaycanın təkliflərinə asta da olsa müəyyən pozitiv cavablar verir. Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan regional müzakirələrin normallaşması üçün Türkiyə və Azərbaycanla görüşməyə, Bakı və Ankaraya getməyə hazır olduğu barədə açıqlama verib. Bundan əlavə, Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün “3+3” formatına qatılıb. Bu çərçivədə ilk görüş Moskvada keçirilib. Növbəti görüş Ankarada olacaq.

Armen Qriqoryan, əslində, sözügedən açıqlamanı Ankara müzakirələrində iştirak edə biləcəyini göstərmək üçün verib. Deməli, rəsmi İrəvan erməni cəmiyyətini buna hazırlaşdırır.

Hesab edirəm ki, Ermənistan bu barış əlini sıxaraq gələcəkdə bir sıra digər formatlarda da Türkiyə və Azərbaycanla iştirak edəcək”.

Politoloq Zərdüşt Əlizadə bu rəydədir ki, Ermənistan müəyyən şərtlər daxilində təbii ki, bu sülh təklifini qəbul etməlidir: “Bu, Ermənistanın milli maraqlarına cavab verir. Amma Ermənistanın gerçək milli maraqları ilə erməni xalqının xəyaları arasında müəyyən bir ziddiyətlər var. Bu ziddiyyət aradan qaldırılsa, bu, həm xalqa, həm də dövlətə xeyir verər və onlar bir çox müşkülünü həll edər”.

“Nə Türkiyə, nə də Azərbaycan Ermənistanın düşməni deyil. Məhz Ermənistan bizə qarşı düşmən mövqe tutmuşdu. Əminəm ki, 2022-ci ildə Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan münasibətləri xeyli irəli gedərək normallaşacaq. Buna çox böyük ümidim var”, – deyə siyasətçi fikirlərini yekunlaşdırıb.