Bu gün saat 17:00-da Eçmiədzin şəhərində Ümumerməni Katolikosu II Qareginin istefası tələbi ilə etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
Ermənistan Apostol Kilsəsinin mərkəzi sayılan Eçmiədzin ətrafında günün birinci yarısından etibarən ciddi gərginlik müşahidə olunur. Hadisə təkcə dini müstəvidə deyil, eyni zamanda Ermənistanın daxili siyasi balansı baxımından da diqqətlə izlənilir.
Son aylarda kilsə daxilində narazılıqların artması artıq gizli mərhələni keçib. Müxtəlif ruhani qruplar, kilsəyə yaxın ictimai fəallar və bəzi millətçi çevrələr Katolikos II Qaregini kilsəni zəiflətməkdə, onun tarixi və ideoloji mövqelərindən geri çəkilməkdə ittiham edirlər.
Xüsusilə də Qarabağ müharibəsindən sonrakı dövrdə kilsənin mövqeyi, susqunluğu və Paşinyan hakimiyyəti ilə açıq qarşıdurmadan yayınması narazı kəsimlərin əsas arqumentinə çevrilib.
Etirazların mərkəzində duran əsas tələb II Qareginin istefasıdır.
Aksiya təşkilatçıları iddia edirlər ki, mövcud katolikos artıq erməni kilsəsinin “milli-messianist” xəttini qorumaq gücündə deyil və hakimiyyətin təzyiqləri qarşısında geri çəkilir. Bu mövqedə olan qruplar hesab edirlər ki, kilsə Ermənistan cəmiyyətində yenidən radikal ideoloji rol almalı, xüsusilə də dövlətin regional siyasətinə təsir imkanlarını bərpa etməlidir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, erməni Apostol Kilsəsində müşahidə olunan daxili böhran, ilk baxışdan institusional və dini xarakter daşısa da, əslində Paşinyan hakimiyyətinin ölkədaxili siyasi balansı yenidən qurmaq cəhdləri ilə sıx bağlıdır:
“Bu proses, hökumətin kilsəni dini müxalifət mərkəzi kimi neytrallaşdırmaq və onun siyasi təsir imkanlarını məhdudlaşdırmaq strategiyasının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Tarixi kontekstdə erməni kilsəsi yalnız dini institut funksiyasını yerinə yetirməyib, eyni zamanda erməni milli kimliyinin və siyasi-ideoloji xəttinin formalaşmasında mühüm rol oynayıb.
Xüsusilə, uzun əsrlər ərzində kilsə erməni millətçi ideologiyasının əsas daşıyıcılarından biri olub və regiondakı türk-müsəlman dövlətlərinə qarşı müxtəlif dövrlərdə Rusiya, Fransa, İngiltərə və digər böyük güclərlə strateji yaxınlıq və əməkdaşlıq xətti yürüdür”.
Hüseynov qeyd edib ki, müstəqillik dövründə isə bu siyasi-mədəni yaxınlıq daha çox Rusiya ilə münasibətlər üzərində cəmlənib:
“Paşinyan hakimiyyətinin əsas xarici-siyasi hədəflərindən biri Ermənistanın Rusiya asılılığını azaltmaq və ölkənin geosiyasi orientasiyasını qismən dəyişmək olduğundan, kilsənin bu kontekstdəki mövqeyi ciddi maneə kimi ortaya çıxır.
Erməni cəmiyyətində kilsənin tarixi, sosial və ideoloji çəkisinin yüksək olması nəzərə alındıqda, bu təsirin aradan qaldırılmasının yalnız siyasi qərarlarla deyil, institusional və struktur xarakterli islahatlar yolu ilə mümkün olduğu anlaşılır.
Bu baxımdan, kilsə daxilində gedən proseslər Paşinyan hökumətinin daha geniş siyasi transformasiya gündəminin tərkib hissəsi kimi qiymətləndirilməlidir”.













