Ermənistan iki yol arasında qalıb: konstitusiya dəyişikliyi, yoxsa Qərbə boyun əymək? – ŞƏRHbackend

Ermənistan iki yol arasında qalıb: konstitusiya dəyişikliyi, yoxsa Qərbə boyun əymək? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması bu gün heç vaxt olmadığı qədər yaxındır. Çünki sülh sazişinə mane olan əsas problemlər artıq həllini tapıb. Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazi bütövlüyünü təmin edib. Həmçinin, Qarabağda separatçı rejimin varlığına son qoyulub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, rəsmi Bakının mövqeyinə görə, indi sülh sazişinə mane olan əsas amil Ermənistan konstitusiyasında öz əksini tapmış Azərbaycana qarşı ərazi iddialarıdır.

Ümumiyyətlə, Ermənistanda keçirilən son sorğular bu ölkədə revanşizm meyillərinin gücləndiyini göstərir. Mahiyyət etibarilə, aydın görünür ki, etibarlı təminatlar olmadan Ermənistanla davamlı sülhə getmək mümkün olmayacaq.

Qərb, xüsusilə ABŞ və Fransa sözdə sülhü dəstəklədiklərini desələr də, əməldə bunun əksini edirlər. Paris və Vaşinqtonun İrəvanla bağlı siyasəti aydındır: onu şirnikləndirməklə öz tərəfinə çəkmək, özündən asılı vəziyyətə salmaq. Bundan sonra isə Qərb Ermənistan vasitəsilə özünün regional maraqlarını təmin etməyə çalışır.

Regional əməkdaşlıq mühitinin təmin olunması Qərbin maraqlarına cavab vermir. Çünki bu, perspektivdə üçüncü güclərin bölgəyə müdaxiləsinin qarşısının alınması deməkdir. Elə buna görə də bəzi aktorlar Ermənistana təzyiq və təhriklər vasitəsilə regional gərginliyin qorunmasına çalışırlar.

Yeri gəlmişkən, xatırladaq ki, iyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək. Bildirilib ki, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır.

Bu isə o deməkdir ki, Ermənistan artıq siyasi poliqon olub. Regionda Azərbaycanla Ermənistan arasında birbaşa təmasların intensivləşməsi, əldə olunan nəticələr və proseslərin sülh sazişinə doğru getməsi ABŞ-ni narahat etməmiş deyil. Çünki üçüncü güclər ancaq gərginlik sayəsində bölgədəki mövcudluqlarını qoruya bilərlər. Ağ Ev hər nə qədər sülhü dəstəklədiyini desə də, əslində, səmimi deyil. ABŞ mümkün qədər çalışacaq ki, sülhün və Rusiyanın regiondakı təsir gücünün artmasının qarşısını alsın. Əgər bunu bacarmasa, onda “B” variantı üzərində çalışacaq və sülh sazişinin öz vasitəçiliyi ilə imzalanmasına səy göstərəcək.

Ümumiyyətlə, ABŞ-Ermənistan təlimləri yaxşıya əlamət deyil.

Bu, bir tərəfdən dünyada gedən qütbləşmənin növbəti təzahürüdür. İkincisi, ABŞ maksimum çalışır ki, Ermənistanı “öz ayağına bağlasın”. Bu isə gələcəkdə Ermənistanın ABŞ və Rusiya arasında hərbi poliqona çevrilməsi ilə nəticələnə bilər. Eynilə Ukrayna kimi… Belə təhriklər nəticəsində payıza doğru bölgədə yeni gərginlik yarana bilər.

Sülh sazişi bağlanandan sonra Qərb və Ermənistanın yenidən və daha aqressiv formada Qarabağ mövzusunu gündəmə gətirməməsi və sülhə etibarlı zəmanət yaratması üçün Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər olmalıdır. Konstitusiyadan ərazi iddiaları, milli və dini ayrı-seçkiliyə yol açan müddəalar çıxarılmalıdır.

İndi Ermənistan faktiki olaraq iki yol arasındadır: ya ən qısa vaxtda konstitusiya dəyişikliyinə getməklə sülhün təmin olunmasına şərait yaratmalıdır, ya da Qərbin təhriklərinə boyun əyməlidir.

Görünən budur ki, Qərb Ermənistanı qızışdırır və onu revanşizmə sürükləyir. Bu, Ermənistanın dövlətçiliyini təhdid altına alır. İrəvan hakimiyyəti Ukrayna və Gürcüstanın aqibətindən dərs çıxarsa, yaxşı olar. Əks halda rəsmi Bakının dəfələrlə xəbərdarlıq etdiyi kimi, revanşist cəhdlərin cavabı ağır olacaq. Regionda sülhün qarşısının alınması istiqamətində cəhdlər olacaqsa, bunun qarşısı qətiyyətlə alınacaq.