Ermənistan destruktiv mövqeyini davam etdirir. Belə ki, artıq mövcud olmayan “Dağlıq Qarabağ” və onun qondarma parlamentinin qondarma deputatları Ermənistanda bir araya gələrək 19 sentyabrın “Arsax”ın və onun xalqının Soyqırımı Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Onlar bununla bağlı növbədənkənar iclas keçirərək “Bayram və anım günləri haqqında” qanuna dəyişiklik ediblər.
Bu, əlbəttə, təxribatdır. Birincisi, ona görə ki, “Dağlıq Qarabağ”, yaxud “Arsax” deyilən inzibati ərazi vahidi yoxdur. Rəsmi Bakı bu reallığı artıq bütün beynəlxalq ictimaiyyətə qəbul etdirib. İkincisi, hansısa soyqırımından, etnik təmizləmədən söhbət gedə bilməz. Belə ki, nə İkinci Qarabağ müharibəsi dövründə, nə də 2023-cü il antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri insanlıq əleyhinə bir dənə də olsun cinayət törətməyib. Erməni tərəfi bununla bağlı sözdə bir çox bəyanatlar versə də, reallıqda bir dənə də olsun ortalığa fakt qoyulmayıb. Əks halda Azərbaycan əleyhinə hər bir məqamdan istifadə edən beynəlxalq insan haqları təşkilatları bunu beynəlxalq aləmdə ən yüksək səviyyələrə qədər qaldırardılar.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Ermənistan isə bir çox havadarının təhrik və təzyiqi ilə dağıdıcı ritorikasını davam etdirir. Çünki “Dağlıq Qarabağ Parlamenti” kimi özünü təqdim edən qondarma qurumun Ermənistanda peyda olması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş məqsədyönlü fəaliyyətdir. Azərbaycanın tələblərinə müvafiq olaraq konstitusiya dəyişikliyi etmək əvəzinə, Ermənistan ərazi iddialarını davam etdirir. Və bu üslubunu getdikcə daha da həyasızlaşdırır.
“Dəyirmanın suyu”nun haradan gəldiyi bəllidir: ABŞ və Fransa kimi dövlətlər özlərinin təhrikedici addımları, o cümlədən silah tədarükü ilə Ermənistanı revanşa sövq edirlər. Beləliklə, rəsmi İrəvan sülh gündəliyindən uzaqlaşır və sərsəm intiqam barədə düşünür. Halbuki bu, Ermənistan üçün yaxşı nə isə vəd etmir.
Görünən odur ki, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan digər tərədən Azərbaycanın suverenliyinə qarşı fəaliyyəti dəstəkləyir. Deməli, Ermənistan sülh sazişi məsələsində səmimi deyil, o, vaxt qazanıb Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. Bu isə Ermənistanın dövlətçiliyini də artıq sual altına qoyur. Yəni savaş başlasa, nə olacaq? Ermənistan bunun altından çıxa biləcəkmi? Nəinki Ermənistanın havadarları, heç yerli hakimiyyət də bu barədə düşünmür.
Keşiş Baqrat Qalstyan bu günlərdə öz tərəfdarlarını toplayaraq tədbir keçirib. Tədbirdə hərəkatın əsas iki məqsədi kimi “Dağlıq Qarabağın” beynəlxalq gündəliyə qaytarılması və Azərbaycanda həbsdə olan keçmiş qondarma rejim nümayəndələrinin azad olunması əsas prioritet elan edilib. İlk etiraz aksiyası isə bir neçə gün sonraya, oktyabrın 2-nə təyin edilib. Müxalifətin əsas məqsədi “Dağlıq Qarabağ” və ora qayıdış narrativin qorunub saxlanılması və inkişaf etdirilməsidir.
Bu isə açıq-aydın o deməkdir ki, Ermənistan müxalifəti sülhün yox, yeni gərginliyin tərəfdarıdır. “Dağlıq Qarabağ” məsələsinin yenidən gündəmə gətirilməsi Azərbaycanın bağladığı səhifənin açılması deməkdir. Görünən odur ki, son ayda Ermənistan siyasi diskursunda “Dağlıq Qarabağ” narrativi daha çox müzakirə edilməyə başlayıb. Bu isə həm iqtidar, həm də müxalifət düşərgəsində revanşist canlanmadan xəbər verir.
Bu tendensiya davam edərsə, gələcəkdə sülh gündəliyinin dondurulması istisna deyil. Diplomatiyanın imkanları tükənəndə isə hərbçilər danışacaq.
Əgər Ermənistan hakimiyyəti xarici havadarlarının və müxalifətin təzyiqi ilə revanşist mövqeyini davam etdirərsə, yaxın gələcəkdə regionda yeni hərbi gərginlik yarana bilər. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir.