Ermənistan niyə Çabahar limanına maraq göstərir?backend

Ermənistan niyə Çabahar limanına maraq göstərir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən günlərdə Ermənistanın İrandakı səfiri Arsen Avakiyan Çabahar limanından görüş keçirərək İrəvanın bu limanda investisiya yatırmaqda, eləcə də “Şimal Cənub” koridorunda aktiv rol almaqda maraqlı olduğunu bildirib.

İran və Ermənistan rəsmiləri xüsusilə Ukrayna müharibəsindən sonra yaranan yeni geo-siyasi şəraitdən faydalanmaq məqsədilə dəfələrlə görüşlərində “Şimal-Cənub” koridorunu müzakirə ediblər. Ən son oktyabr ayında iki ölkənin parlament spikerlərinin görüşündə, İran erməni tərəfinin kifayət qədər sürətli hərəkət etmədiyindən giləylənib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yük bazasını Hindistan və Körfəz ölkələrinin Rusiya, Skandinaviya bölgəsi və Şimali Avropa ölkələri ilə ticarəti təşkil edir və digər marşrutlarla müqayisədə ən optimal marşrutdur. Bu dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin iki dəfədən çox azaldılmasındadır.

Ermənistan niyə Çabahar limanına maraq göstərir?

Bir tərəfdən, Ukrayna savaşı və Qərbin Rusiyaya qarşı sanksiyaları, digər tərəfdən müharibədən sonra Qara dəniz yolunun bağlanması diqqətləri yenidən “Şimal-Cənub” dəhlizinə çevirib.

Moskva ilə strateji əlaqələri olan Hindistan Rusiya və regionun digər ölkələrinə çıxış üçün İranın Çabahar limanından istifadə edir ki, bu da MDB ölkələrinə konteyner daşımalarının xərcini beşə bir azaldır.

Hindistanın Müstəqil Dövlətlər Birliyi Təşkilatına üzv olan ölkələrə illik mal ixracının dəyəri 4-4,5 milyard dollara çatır ki, bunun da təxminən 2,85 milyard dolları təkcə Rusiyaya aiddir.

Ukrayna böhranı və Qərbin Rusiyaya qarşı sanksiyaları eyni halda “Şimal-Cənub” Dəhlizinin rəqibi sayılan Çinin İpək Yolu Təşəbbüsünün (Bir Kəmər Bir Yol Təşəbbüsü) şimal marşrutunu da ciddi problemlə üz-üzə qoyub.

Bu arada İranın yeganə okean limanı olan Çabahar limanı MDB ölkələrinin Hind okeanına və beynəlxalq sulara çıxışı üçün ən qısa tranzit marşrutudur.

Çabahar limanı tranziti layihəsinin (24 may 2016-cı ildə Hindistan, İran və Əfqanıstan arasında imzalanmış saziş) ABŞ sanksiyalarından azad edilməsi də MDB ölkələrinin bu layihəyə ciddi şəkildə maraq göstərməsinə səbəb olub.

Bu arada Çabahar limanının operatoru olan Dehli də bildirib ki, MDB ölkələrinin Hindistan və digər ölkələrlə ticarətini asanlaşdırmaq üçün Çabahar Limanının Şəhid Beheşti Terminalının xidmətlərindən istifadə etmək marağını alqışlayır.

Əslində, coğrafi mövqeyinə görə Çabahar limanı beynəlxalq ticarət dördyoluna çevrilmək potensialına malikdir. Bu limanın strateji mövqeyi onu həm regional ticarət oyunçuları, həm də trans-regional investorlar üçün cəlbedici edib.

Ermənistanın bu limanda investisya etməyi və Şimal-Cənub koridorunun bir hissəsi olmaq arzusu bu ölkənin mövcud potensialı və reallıqları ilə nə qədər üst-üstə düşür?

Reallıq budur ki, Şimal-Cənub koridorunun Ermənistan ərazisindən keçməsi üçün infrastruktur cəhətdən maneələr mövcuddur. Yüksək həcmli nəqliyyat üçün dəmir yolu nəqliyyatı avtomobil yolundan qat -qat sərfəli olduğu halda Ermənistanla İran arasında birbaşa dəmir yolu əlaqəsi yoxdur. Avtomobil yolu isə yüksək ərazilərdə yerləşir və qış mövsümündə istifadəsi çətinləşir. Üstəlik mövcud yolun Gorus və Qafan şəhərləri arasındakı bir hissəsi Azərbaycanın beynəlxalq cəhətdən tanınmış hüdudları daxilinə düşdüyündən 2020-ci ilin dekabrından Azərbaycan nəzarəti altındadır.

Ermənistan-İran tranzitini asanlaşdırmaq yeni Şimal-Cənub avtomobil yolunun tikintisi isə ancaq 2028-2030-cu illərdə tamamlanacaq.

Üstəlik Zəngəzurun dağlıq relyefini nəzərə alsaq, təxmin etmək olar ki, bu ərazidə işlək nəqliyyat xətlərinin tikilməsi və ya bərpası böyük xərc tələb edir.

Belə olan halda Ermənistanın trans-regional nəqliyyat layihələrində işitrakı ən az yaxın gələcəkdə absurd görünür.

Azərbaycana gəlincə, qeyd etmək lazımdır ki, 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında təməli qoyulan “Şimal-Cənub” nəqliyyat dəhlizi anlaşmasına ölkəmiz 2005-ci ildə qoşulub.

Dəhlizin Azərbaycandan keçən hissəsi hazırdır və Azərbaycanın coğrafi və geosiyasi mövqeyi eləcədə nəqliyyat infrastukturu Ermənistandan tam fərqli olaraq bu layihənin əsas parçası olmağa imkan verir. Azərbaycan öz iqtisadi potensialından istifadə edərək bu istiqamətdə böyük işlər görüb. Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti qısa zaman kəsiyində tikilərək istifadəyə verilib. Azərbaycan eləcə də İran Astarasında yük terminalının tikintisində fəal iştirak etdi və İrana Qəzvin-Rəşt dəmir yolunun Astara (İran) şəhərinə kimi çəkilməsi üçün 500 milyon dollar güzəştli kredit ayırdı.

Bu o deməkdir ki, İran tərəfi öz öhdəliyini yerinə yetirərək Rəşt-Astara dəmir yolu layihəsinin icrasını tamamladığı andan etibarən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi Azərbaycan ərazisindən keçməklə istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq. Başqa bir sözlə Ermənistanın trans-regional tranzit koridoruna çevrilmə xəyalı, xəyal olaraq qalmağa məhkumdur.

Umid Niayeş