Ermənistan növbəti dəfə MDB tədbirini boykot edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 102-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib.
Belə ki, rəsmi İrəvan Moskvanın “Prezident” hoteldə keçirilən MDB İqtisadi Şurasının 102-ci iclasına Belarusdakı səfiri Razmik Xumaryanı göndərib.
Adətən MDB İqtisadi Şurasının tədbirində Ermənistanı Baş nazirin müavini Mqer Qriqoryan təmsil edib. Bu dəfə də İrəvan tədbirə Belarusdakı səfirini göndərməklə kifayətlənib.
Qeyd edək ki, MDB İqtisadi Şurasının 102-ci iclasında Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edir. Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.
Xatırladaq ki, Ermənistan bir müddətdir ki, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakdan imtina edir. Rəsmi İrəvan MDB İqtisadiyyat Şurasının ötən ilin dekabrın 8-də keçirilən 100-cü yubiley iclasına və martın 29-da keçirilən 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina etmişdi. Həmin tədbirlərdə də Ermənistanı Belarusdakı səfiri təmsil etmişdi.
Ermənistan bu gün Qazaxıstanın Almatı şəhərində keçirilən KTMT XİN başçıları şurasının iclasını da boykot edib.