Ermənistan ordusunda intizamsızlıq, əsgər ölümləri yerli medianın əsas müzakirə mövzularından biri olaraq qalır. Narahatlıq və narazılıq o həddə çatıb ki, ölkənin nüfuzlu nəşri – “Qolos Armenii” bu məsələni baş nazir Nikol Paşinyan hökumətinin ən ciddi problemlərindən biri kimi qabardıb.
Qeyd olunur ki, əsgərlər arasında mənəvi-psixoloji durum ürəkaçan deyil.
“Səbəblər çoxdur. Şübhəsiz ki, ilk yerdə İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı zəfər gəlir. Məhz qələbədən və Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra bu hal kütləvi xarakter alıb. Statistik məlumatlar da bunu təsdiq edir. Ötən dörd il ərzində Ermənistanda əsgər ölümlərində ciddi artım müşahidə edilib”, – nəşr vurğulayıb.
Ümumiyyətlə, sözügedən KİV-in “Əsgərlərimiz niyə özlərini öldürürlər? başlıqlı məqaləsində ölkədə əsgər ölümlərinin səbəbləri araşdırılıb və ortaya çox maraqlı nəticə qoyulub. Onlardan bəzilərinə diqqət edək;
“13 oktyabrda Mehri hərbi hissəsində Aqasi Dallakyanın odlu silahdan yaralanmış cəsədi tapılıb. Bu, oktyabr ayında döyüş olmayan şəraitdə baş verən əsgər ölümünün ikinci halıdır. Xatırladaq ki, oktyabrın 6-da Vaqe Arutyunyanın cəsədi tapılmışdı və istintaqın versiyasına görə o, intihar etmişdi. Ümumilikdə isə bu il orduda döyüşsüz itkilərin sayı artıq üçüncü onluğu keçib”, – nəşr yazıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hakimiyyətin baş verənlərə heç nə olmamış kimi reaksiyası da məqalədə sərt tənqid edilir. Bu hal hakimiyyətin dili ilə özünəməxsus formada təqdim olunur. Bildirilir ki, hər yeni faciədən sonra hakimiyyətin reaksiyası çox sakit və hətta, demək olar ki, laqeyddir.
“Bəli, əsgər intihar edib. Nə olsun ki? Nə baş verib ki belə dəhşətli? Hansı fəlakət? Bəlkə göylər yarılıb? Açıq səmada ildırım çaxıb? Yox, heç bir kataklizm yoxdur, sadəcə əsgər özünə atəş açıb. Bunun bizə nə dəxli var? Məgər biz günahkarıq? Bu alçaqlar üçün (hakimiyyət nəzərdə tutulur) vətənin müdafiəçisi olan əsgərin həyatı heç nəyə dəymir. Hər növbəti faciədən sonra hakimiyyət nümayəndələrindən nə eşidirik? Məsələn, müdafiə nazirinin müavini, keçmiş polis işçisi Arman Sarkisyan laqeyd şəkildə qeyd edir: “Belə hallar olub və bu gün də var”, – rişxəndlə vurğulanır.
“İntiharlar, qətllər adi hala çevrilib, hakimiyyət baş verənlərə laqeyd yanaşır”
Nəşrdə hərbi ekspert Armen Xaçatryanın da fikirlərinə yer verilib. O bildirib ki, siyasi məsuliyyət məsələsi ordudakı bədbəxt hadisələr və ya cinayətlərlə birbaşa əlaqələndirilsə, həftədə bir dəfə müdafiə nazirini dəyişmək lazım gələr.
Daha sonra 2023-cü ilin yanvarında Geqarkunik vilayətinin Azat kəndində baş verən dəhşətli faciədən sonra mühəndis-istehkam rotasının 15 hərbi qulluqçusunun yanğında həlak olmasına toxunulub. Bildirilib ki, bu, erməni ordusunun tarixində ən böyük döyüşsüz itki idi. Nəşr yazır ki, buna baxmayaraq, müdafiə naziri Suren Papikyan hələ də öz kürsüsündə oturub:
“Bəli, ikinci ordu korpusunun komandiri, onun müavini və bir neçə nəfər vəzifələrindən azad edilib, məhkəmələr hələ də davam edir, lakin faciənin əsas günahkarları, “yanğını təşkil edənlər” – Paşinyan və Papikyan heç nə olmamış kimi davranırlar. Yadınızdadırmı, hakimiyyət nümayəndələri buna necə reaksiya vermişdilər? Məsələn, spiker Alen Simonyan bəyan etmişdi: “Müdafiə naziri Suren Papikyanın Azat kəndindəki hadisələrə heç bir aidiyyəti ola bilməz. Mən bu siyasi spekulyasiyaları boş və yersiz hesab edirəm”. Qoy müxalifət “böhtan atsın”. O, əvvəllər də “böhtan atırdı”, nə dəyişdi ki? Təəssüf ki, etiraf etmək lazımdır ki, ordumuzda intiharlar, bədbəxt hadisələr və qətllər, demək olar ki, adi hala çevrilib və hakimiyyət baş verənlərə laqeyd yanaşır”.
Politoloq Stepan Danielyan isə hesab edir ki, intihar edən əsgərlərin işləri üzrə təkcə onları intihara sürükləyən əsgər yoldaşlarına qarşı cinayət işləri açılmamalı, həm də bu hadisənin sosial səbəbləri, zabit heyətinin hazırlıq səviyyəsinin aşağı olması, cinayətkar səhlənkarlıq, müdafiə naziri və onun müavinlərinin, Baş Qərargah heyətinin peşəkarlığının olmaması ilə bağlı dərin araşdırmalar aparılmalıdır.
Ardınca da sual olunur: “Kim dərin araşdırmalar aparacaq? Papikyanın tutduğu vəzifəyə tam uyğun gəlmədiyi hamıya çoxdan məlumdur. Ordunun döyüş qabiliyyəti artırılmalı, orada hökm sürən abu-hava köklü şəkildə dəyişdirilməli, ölkənin müdafiə qabiliyyəti təmin edilməlidir. Orduda intiharların səbəblərinin dərin araşdırmalara ehtiyacı var. Axı xristianlıq intiharı şeytan qəzəbinin nəticəsi kimi qadağan edirdi, intihar edənin cəsədi kilsə oxuması olmadan dəfn edilirdi, intihar edənin vəsiyyətnaməsi qanuni qüvvəsini itirirdi. Niyə əsgərlərimiz özlərini öldürürlər? Və təkcə əsgərlər deyil, son illərdə ölkədə intiharların sayı kəskin şəkildə artıb. Yəqin ki, əsas səbəb cəmiyyətimizin vəziyyətidir”.
Deqradasiyaya uğramış cəmiyyətə xas bütün mənfi xüsusiyyətlər orduya nüfuz edib
Qeyd olunur ki, Paşinyan hakimiyyətinin cəmiyyətə nə etdiyi barədə danışmağa dəyməz: “Bu gün orduya deqradasiyaya uğramış cəmiyyətə xas olan bütün mənfi xüsusiyyətlər nüfuz edib: aqressiya, qəddarlıq, başqasının ağrısına laqeydlik, mərhəmətin tamamilə olmaması, üstəgəl, qeyri-insani şərait. Və onlardan bəziləri sadəcə dözə bilmirlər. Biz əsl faciə yaşayırıq”.
Sonda nəşr belə bir sualla çıxış edib – “Orduya xidmətə gedən çağırışçılar onların həyatı və taleyinin bu hakimiyyəti qətiyyən maraqlandırmadığını görəndə nə düşünməlidirlər? Oğullarını naməlumluğa göndərən valideynlər nə düşünməlidirlər? Biz hamımız nə düşünməliyik? Axı bizim susqunluğumuz da cinayətkar laqeydlikdir”.
Qeyd olunanlar erməni cəmiyyəti və ordusunda real vəziyyəti əks etdirir. Normal dövlətlərdə ordu xalqın qurur yeri kimi götürülsə də, Ermənistanda bunun tamamilə əksi müşahidə edilir. Qeyd olunanlar da deqradasiya prosesinin hələ çox çəkəcəyini göstərir.