Ermənistanın Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırmağa çalışdığı son dövrlərdə paralel şəkillə intensiv silahlandığı məlumdur. 2020-ci ilin 10 noyabrında 44 günlük müharibə zamanı Azərbaycan qarşısında kapitulyasiya edən Ermənistan 2021-ci ildən bəri aktiv şəkildə silahlanır.
Bəzən Ermənistan və silah almaq üçün müraciət etdiyi ölkələr bu barədə rəsmi açıqlama yayır, bəzi hallarda isə silah sövdələşməsi rəsmi anons edilməsə də, mediaya sızdırılan məlumatlara əsasən ictimaiyyətə açıqlanır. Bəzən real əsasa malik, bəzən isə sadəcə dezinformasiya xarakteri daşıyan bu məlumat axınından müəyyən ümumiləşdirmələr etmək mümkündür. İlk növbədə, Ermənistanın doğrudan da sürətlə silahlandığını və 2020-ci il müharibəsinə qədər Azərbaycanla mövcud olan müəyyən hərbi balansı və silah paritetini bərpa etməyə çalışdığını konstatasiya etmək lazımdır. Xüsusilə, rəsmi İrəvan 44 günlük müharibə zamanı və 2023-cü ilin sentyabrında Ordumuzun həyata keçirdiyi 24 saatlıq uğurlu antiterror əməliyyatından sonra ciddi itkilər verdiyi hava hücumundan müdafiə sistemləri (HHM), zirehli texnika və artilleriya qurğularını artırmağa çalışır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Rusiya və üzvü olduğu əsas hərbi blok – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri donduran Ermənistan Qərb ölkələri, ilk növbədə Fransa və ABŞ-ın dəstəyi ilə intensiv silahlanma yolu tutur.
Önəmli məqam ondan ibarətdir ki, Ermənistanın silahlanma sürəti, aldığı silahlar, imzaladığı müqavilələr və həmin silahların həcmi elan etdiyi hərbi büdcəsinin real həcmi ilə ciddi tərs mütənasiblik təşkil edir. Belə ki, 2024-cü il üçün Ermənistanın hərbi büdcəsinin 1,42 milyard dollar olacağı açıqlanıb. Həmin xərclərin əsas hissəsini hərbi qulluqçulara və Müdafiə Nazirliyində çalışan mülki şəxslərə əmək haqlarının verilməsi təşkil etməklə yanaşı, hərbi təlimlərin keçirilməsinə, tibbi yardım xərclərinə, ordu arsenalında olan silahların saxlanma xərclərinə kifayət qədər maliyyə lazımdır.
Bununla belə, Ermənistan istər Qərb ölkələrinin yardımı ilə orduda ciddi islahatlar aparır, istər Azərbaycanla sərhəddə geniş miqyaslı mühəndis-istehkam işləri görür, istərsə də Qərb ölkələrindən ən müasir silahlar almağa vəsait tapır.
Bu il iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki tərəf arasında 36 ədəd “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalandı. Ən son modifikasiyada alınacaq bu artilleriya sistemlərinin hər biri 5,5 milyon avro dəyərindədir. Beləliklə, 36 artilleriya sistemi və həmin sistemlər üçün mütləq 155 mm-lik mərmilər əldə edən İrəvan azı 200 milyon avro vəsait xərcləyib.
Bu siyahıya Parisin həmin müqavilədən bir müddət öncə İrəvana satdığı və hər biri 14 milyon avro dəyərində olan 3 ədəd GM200 radar sistemi və 20 milyon dollara “Bastion” zirehli transportyorlarını əlavə etsək, tərəflərin hərbi-texniki əməkdaşlığının çox ciddi rəqəmlərə çatdığını söyləmək olar.
Fransa “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair Ermənistanla müqavilə imzaladığını nəzərə alsaq, tərəflər arasında silah müqavilələrinin 400 milyon avrodan çox olacağını söyləmək olar. Çünki “Mistral” sistemlərinin qiyməti Fransa tərəfindən məxfi saxlanılsa da, onun yüksək dəyərə malik olduğu, təkcə bu sistemlərin buraxdığı 1 raketin qiymətinin 300 min dollar təşkil etdiyi məlumdur. Paralel olaraq, Fransanın İrəvana gecəgörmə cihazları, müasir snayper tüfəngləri və s. tədarük etdiyini nəzərə almaq lazımdır.
Amma Ermənistanın qeyri-real hərbi xərcləri, beynəlxalq silah bazarında aktivliyi Fransa ilə məhdudlaşmır.
Bu ilin 24 iyulunda Hindistanın IADN agentliyi 2024-2025-ci maliyyə ilində Ermənistanın Hindistandan aldığı silahların həcminin 600 milyon dollara çatdığını açıqladı. 2021-ci ildən əldə edilən silahların yer aldığı silah müqavilələri “Akaş” hava hücumundan müdafiə kompleksi, “ATAGS” və “MArG 155” özüyeriyən haubitsaları, “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Konkurs” tank əleyhinə raketləri və s. ibarətdir. Hərbi əməkdaşlığın aktiv şəkildə davam etdiyi, bu il Hindistanın Ermənistan aviasiyasının balansındakı Su-30SM təyyarələrini modernləşdirmək və təyyarələri öz istehsalı olan Astra BVRM və Smart Anti-Airfield Weapon (SAAW) kimi müasir raketlərlə təchiz etməyi müzakirə etdiyi məlumdur.
Ermənistanın son illər gərginlik yaşadığı əsas hərbi-texniki tərəfdaşı Rusiyadan da silah aldığı barədə məlumatlar gəlməkdədir. Bir neçə gün öncə, Rusiyanın Ermənistana “Smerç” reaktiv yaylım atəşi sistemlərinin yeni partiyası tədarük etdiyi bildirildi. Bu fakt İrəvanın bütün mənbələrdən silah almağa davam etdiyini, həm Qərb, həm Rusiya tərəfindən silahlandırıldığı bir daha təsdiqləyir.
Rəsmi İrəvan bununla da kifayətlənməyərək, öz hərbi sənayesinə də ciddi yatırımlar edir, daxili hərbi istehsalı təşviq edir. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın öz hərbi-sənaye kompleksinə verdiyi sifarişlərin 2020-ci illə müqayisədə 100 qat artdığını açıqlayıb.
Ardınca, Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan ölkənin hərbi sənaye kompleksinin müəssisələrinə təxminən 440 milyon dollar dəyərində dövlət sifarişlərinin verildiyini, hazırda 27 yerli istehsalçı ilə 52 üç illik müqavilə bağlandığını elan etdi. Onun sözlərinə görə, yerli hərbi müəssisələrdə müxtəlif növ silahlar, ciddi texnoloji həllər əsasında idarəetmə sistemləri, PUA-lar, mərmilər və digər silah növləri istehsal olunur.
Bu situasiyada real sual yaranır: Ermənistanın hərbi büdcəsində nəzərdə tutulan xərclərə adekvat olmayan silah müqavilələrinin mənbəyi haradır?
Sualın cavabı Ermənistanın Maliyyə Nazirliyinin 2024-cü il hərbi büdcəsi ilə bağlı “Facebook”da yaydığı və geniş ictimaiyyətin diqqətini cəlb etməmək üçün maksimum qabardılmayan məlumatdadır. Belə ki, Nazirlik dövlət büdcəsini parlamentə təqdim edərkən dövlət büdcəsi layihəsində ölkənin əlavə ehtiyaclarını əks etdirən “prioritetlər əlavəsi” var. Həmin əlavəyə əsasən, Müdafiə Nazirliyinə 200 milyard dram (təxminən 500 milyon dollar) əlavə vəsaitin ayrılması planlaşdırılır.
Beləliklə, Ermənistanın hərbi büdcəsinin elan etdiyi kimi 1,4 milyard dollar deyil, 2 milyard dollara yaxın olduğunu bildirmək olar. Rəsmi İrəvan faktiki olaraq, hərbi büdcəsinin 30%-ni fərqli manipulyasiyalarla rəsmi büdcədən kənar formalaşdırıb. Bu bir daha Ermənistanın Azərbaycanla sülh danışıqlarını imitasiya etdiyini göstərir.
O da sirr deyil ki, Ermənistan təkcə öz pulu ilə deyil, Avropa Sülh Fondundan, Fransa və digər mənbələrdən pulsuz silah əldə edir. Bu silahların dəyəri, həcmini və təyinatını isə mümkün qədər gizli saxlamağa çalışırlar. Fransa və digər ölkələr bununla Ermənistanı Azərbaycana qarşı revanşa hazırlayır.
Rəsmi İrəvan isə prinsipial məsələlər, o cümlədən Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmadan sülh müqaviləsini imzalamağı təklif etməklə, iki ölkə arasında qalan problemi gələcəyə daşımaq və uyğun məqamda yenidən alovlandırmaq məqsədi daşıyır.
Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin rəhbəri Andranik Koçaryanın Ermənistanın Azərbaycanla sərhədlərində apardığı mühəndis-istehkam işləri ilə bağlı dediyi sözlər də revanşizm meyllərindən xəbər verir.
“Azərbaycan ona görə narahatdır ki, Ermənistan hökuməti və silahlı qüvvələri təhlükəsizliyimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa yönəlmiş genişmiqyaslı proqramlar həyata keçirir. Siz tikinti və möhkəmləndirmə işlərinin yalnız kiçik bir hissəsini görmüsünüz – bu proqramlar Ermənistan sərhədlərinin bütün perimetri boyunca həyata keçirilir. Mən yeni qurulan hərbi mövqeləri “qala” adlandırıram – onlarda olan şəxsi heyət daha çox qorunur və bu şəraitdə əks-hücuma keçmək daha asandır”, – deyə Koçaryan Bakıya açıq təhdid səsləndirib.
Amma rəsmi İrəvan unudur ki, xarici himayədarlarının açıq dəstəyi ilə ölümcül silahlar əldə edən və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan Ermənistan ərazisini bu addımlarla legitim hədəfə çevirir. Digər yandan, Azərbaycan rəsmi İrəvanın silah bazarındakı aktivliyini və aldığı silahların nomenklaturasını diqqətlə izləyir və buna uyğun daha modern və texnoloji silahlar alaraq bütün sahələrdə hərbi-texnoloji üstünlüyünü saxlayır. Odur ki, Ermənistan və onun himayədarlarının Cənubi Qafqazı hərbiləşdirmək və yeni gərginlik ocağı yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Rəsmi İrəvan bunu nə qədər tez anlasa, mümkün fəlakətlərdən özünü maksimum sığortalamış olacaq.
Prezident İlham Əliyev də yeni çağırış Milli Məclisin bu gün keçirilmiş ilk iclasında çıxışında Ermənistanı silahlandıranlara və Ermənistanın silahlandırılmasında iştirak edənlərə xəbərdarlığını çatdırıb. Bəyan edib ki, Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar!