Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Zəngəzur dəhlizinə nəzarət edə bilər. Bundan öncə də o, gah Ermənistanın özünün, gah da özəl şirkətlərin kommunikasiya xəttinə nəzarətini istəyirdi.
Bəs Paşinyan indi niyə Rusiyanın adını çəkir?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, Ermənistan sərhədini qoruyan qüvvələrin dəhlizə göndərilməsi problem ola bilər.
“44 günlük müharibədən sonra imzalanan üçtərəfli bəyanatda təbii ki, həmin dəhlizin açıldığı təqdirdə onun Rusiya tərəfindən qorunması nəzərdə tutulmuşdu. Həmin vaxt Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları kommunikasiya xəttini qoruya bilərdi. Lakin Ermənistan tərəfi dəfələrlə dəhlizin həm gömrük orqanları tərəfindən, həm digər istiqamətdə qorunması iddiası ilə çıxış etdi. Hətta özləri üçün bir mühafizə qurumu da yaratmışdılar ki, Ermənistan hökuməti buna nəzarət edə bilsin. Son vaxtlar İran dəhlizlə bağlı hər hansı problemi qaldırdıqda, İrəvan hətta Ermənistan sərhədini hazırda qoruyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının oradan çıxarılması məsələsini gündəmə gətirdi və düşünürəm ki, burada ən böyük problem ola bilər ki, həmin sərhədi qoruyanları dəhlizə tərəf yönəltsinlər” – deyən deputatın fikrincə, bu, həm də Rusiyaya xoş getmək üçün atılan addımdır:
“Eyni zamanda hökumət belə düşünür ki, bu yolla Ermənistan vətəndaşlarını sakitləşdirə bilər ki, Rusiya artıq sərhədi qorumayacaq”.
Arzu Nağıyev hesab edir ki, bütün bu məsələlər müəyyən siyasi gedişlərdir.
“Qərb də paralel olaraq məlumdur ki, Rusiyanı oradan sıxışdırmağa çalışır və eyni zamanda vizual kəşfiyyatçı adından sərhəddə çoxsaylı hərbi qurumlar yığmağa başlayıb. Yəni bunun hamısı təbii ki, siyasətdir, siyasi gedişlərdir. Qərb birmənalı şəkildə Rusiyanı regiondan çıxartmaq üçün bu addımları atır və bu problemlərin həlli istiqamətində öz məkrli siyasətini həyata keçirmək istəyir. Ermənistan da məhz çalışır ki, guya özünə xas şəkildə balanslı siyasət aparsın. Lakin məlumdur ki, onların nə daxili, nə xarici siyasəti müstəqildir. Ona görə də bu yolla müəyyən qədər öz vətəndaşını sakitləşdirməyə çalışır”, – deyə komitə sədri bildirdi.