Ermənistanda rüşvət qalmaqalı – hakim partiyaya ianələr toplanılır – ŞƏRHbackend

Ermənistanda rüşvət qalmaqalı – hakim partiyaya ianələr toplanılır – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ildə Corc Sorosun dəstəyi ilə hakimiyyətə gələn baş nazir Nikol Paşinyan gurultulu çıxışları ilə korrupsiyanı ləğv edəcəyini bəyan etmişdi. Buna baxmayaraq, son illər üzə çıxan faktlar əslində hakim “Vətəndaş müqaviləsi” partiyasının korrupsiya bataqlığında çabaladığından xəbər verir. İş o həddə çatıb ki, artıq müəyyən siyasi dairələrdə “qayınana-dost-tanış-ailə üzvü” zarafatı da məsələnin hansı səviyyədə olmasından xəbər verir. Hakim partiyanın vəzifədə olan şəxslərinin nəinki ailə üzvləri və yaxın qohumları, eyni zamanda dost-tanışları da müxtəlif yol və üsullarla korrupsiyada iştirak edir, dövlətə məxsus pulları həzm-rabedən keçirir. Dövlət xərcləri elə bir həddə çatıb ki, artıq Ermənistanın dövlət borcu şişərək 12 milyard dolları ötüb. Bir çox üsullarla yanaşı, “Vətəndaş müqaviləsi”nin istifadə etdiyi korrupsiya yollarından biri də partiyaya edilən ianələrlə bağlıdır. Partiyanı maliyyələşdirən bir sıra mənbələrin şübhəli olması ilə bağlı isə bir sıra faktlar üzə çıxıb.

Məsələn, 2022-ci ildə hakim partiya tərəfindən məlumat verilib ki, onun 140 donoru var. Onlardan 6 nəfərdən başqa digərləri elə sözügedən partiya tərəfindən şura seçkilərinə namizəd kimi göstərilmişdi. 31 nəfər isə ianə etdiyini boynundan atıb, bir çoxu isə cavab verməkdən yayınıb, ianə etdiyini xatırlamadığını bildirib. Ermənistanın 10 ayrı şəhərində 10 və ya daha çox yerli şura namizədi eyni gündə eyni məbləğdə pul göndərib. 26 halda ianələr donorların illik gəlirlərinin və aktivləri haqqında bəyannamələrə əsasən ümumi yığımlarının ən azı yarısını təşkil edirdi. Dörd ianə şəxs başına qanuni fərdi töhfə limitini 2,5 milyon dram (6,200 dollar) keçib. 2022-ci ildə “Vətəndaş müqaviləsi” təxminən 170 milyon erməni dramı, təxminən 420.000 dollar ekvivalenti ianə aldığını bildirdi ki, bu da partiyanın il üçün maliyyələşdirməsinin üçdə birindən çoxunu təşkil edir. Məbləğin qalan hissəsi isə üzvlük haqqı və dövlət maliyyələşdirilməsi hesabına baş tutub. Bundan əlavə, ianələrin əksəri rüşvət kimi verildiyi faktını da danmaq olmaz. Məsələn, Tsaxkahovit şəhərinin 1600 nəfərlik qəsəbəsində hakim partiya 2022-ci il yerli ağsaqqallar şurası seçkilərinə 2 gün qalmış 10 namizədin hər birinin 1 milyon dram, yəni 2500 dollar dəyərində ianə ödədiyini bildirib. Seçkilərə iki gün qalmış belə bir ianə nəyə işarədir? Eyni misalı Çarentsavanla bağlı da çəkmək olar. Partiyanın siyahısında olan ilk 10 namizəd seçkiyə bir gün qalmış yuxarıdakı məbləğdə ianə edib.

Siyahılara davam edək. İanə verən 69 donorun təqdim etdiyi aktivlərlə bağlı bəyannamələrdən görünür ki, onlardan 26-ı ümumi sərvətinin yarıdan çoxunu partiyaya bağışlayıb. Digərləri isə bəyannamədə göstərilən sərvətindən daha çox ianə edib. Misal üçün, Taşir vilayətinin ağsaqqallar şurasının üzvü Melin Sukiasyan 2022-ci ilin oktyabr və noyabr aylarında ümumi olaraq 3 milyon dram, yəni 7500 dollar ianə edib ki, bu da bəyannamələrə görə, onun gəlir və yığımlarından çoxdur. Vedi şəhərindəki namizədlərin biri isə 3700 dollar pul köçürüb ki, bu da onun bəyannamədə göstərilən gəlirlərindən 7 dəfə çoxdur. Belə hallar bir sıra mətləblərin üzə çıxmasına işıq tutur. Əminliklə söyləmək olar ki, sözügedən şəxslər mal və mülkləri, gəlirləri barədə düzgün bəyannamə tərtib etmirlər ki, bu da onların hakim partiyanın göstərişi və direktivləri ilə müəyyən qeyri-qanuni fəaliyyət göstərmələrindən xəbər verir. Bununla belə, 8 donor etiraf edib ki, “Vətəndaş müqaviləsi”nin əmri ilə göstərilən məbləği bağışlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 2024-cü ilin may ayının sonunda hakim partiya illik maliyyə hesabatını açıqlayıb. Donor siyahısında 80 nəfərin adı var və onlar məmurlar və onların ailə üzvləridir.

Bu il mayın 31-də “Vətəndaş müqaviləsi” partiyası illik maliyyə hesabatını açıqlayıb, araşdırma nəticəsində məlum olub ki, partiyanın donorlar siyahısında 80 nəfər elan edilmiş şəxs var: məmurlar və onların ailə üzvləri. Bu barədə infocom.am yazır. Siyahıda nazirlərin, nazir müavinlərinin, deputatların və digər məmurların adı yer alıb. Məsələn, XİN başçısı Ararat Mirzoyanın bəyannaməsinə əsasən, 2 milyon 332 min dramın mənşəyi məlum deyil. Onun maaşı, və digər vəsaitləri nəzərə alsaq, partiyaya ödədiyi ianələri də əlavə etsək, xeyli miqdarda vəsaitin mənşəsiz olması faktı ortaya çıxır.

Digər bir fakt, Nor Nork inzibati dairəsi rəhbərinin müavini Armen Sarkisyanla bağlıdır. Məlum olub ki, 2023-cü ildə onun gəliri artıb. Məmur əmək haqqı və biznes gəlirlərini gəlir kimi bəyannamədə göstərib. Partiyaya isə 2.5 milyon dram ödəyib. Bundan əlavə, böyük torpaq sahəsi də alıb. Rəqəmlərə müraciət etsək, onun gəlirləri il ərzində çəkdiyi xərcdən 2.7 milyon dram azdır. Bəs bu pul haradan əldə edilib? Necə əldə edilib? Bütün bu sualların cavabı yuxarıda da qeyd edildiyi kimi, partiyanın tərtib etdiyi rüşvət və korrupsiya sxemi ilə bağlıdır. Tenderlərin udulması, verilməsi, icra olunması əsas korrupsiya gəlirini təşkil edir.

Sisianın ağsaqqallar şurasının 2 üzvü 1 milyon, bir üzvü isə 2 milyon dram partiyaya ianə edib. Bununla belə, sözügedən şəxslər gəlir bəyannaməsi təqdim etməyib və qazanclarının olmadıqlarını bildiriblər.

Siyahını kifayət qədər uzatmaq olar, ortaya çıxan faktlar göstərir ki, hakim partiyanın vəzifədə olan bütün məmurları partiyaya ara-sıra ianələr edir. Amma gəlir bəyannaməsi ilə xərclər qəti şəkildə üst-üstə düşmür. Bütün bu faktlara isə Ermənistanın dövlət gəlirləri komitəsi, Korrupsiya ilə mübarizə idarəsi sadəcə göz yumur. 2022-ci ildən bu yana müstəqil jurnalistlərin ortaya çıxardığı faktlarla bağlı nəinki həbsə göndərilən, heç idarəyə dəvət edilən partiyadaş belə yoxdur. Əslində isə sözügedən şəxslərin illik hesabatları, habelə vəzifəli şəxslərin bəyannamələrindəki gəlir və xərclərin uyğunluğu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən yoxlanılmalıdır. Qanuna görə, Komissiya audit hesabatını aldıqdan sonra 30 gün ərzində dövlətdən maliyyə almaq hüququ olan tərəflərin illik hesabatlarını yoxlamalıdır. Bununla belə, hakim partiyanın göstərişi ilə bu biabırçılığı ya unutdurmaq, ya da hansısa yolla təmizləmək üçün yeni göstəriş gəlib. 26 iyun tarixində Korrupsiyaya qarşı mübarizə üzrə komissiya illik bəyannamələrin yoxlanılması müddətini artıraraq 60 gün edib.

Bütün sadalanan faktlar sübut edir ki, Paşinyanın partiyası hazırda Ermənistanı korrupsiya bataqlığında boğmaqda davam edir. İş o həddə çatıb ki, adi kənd şurası seçkilərində iştirak edənlərdən ianə adı altında seçkidən 1-2 gün əvvəl rüşvət alınır. Bundan əlavə, vəzifədə olan nazirdən tutmuş, adi MKİS işçisinə qədər, hətta vəzifədə olan şəxslərin ailə üzvləri, yaxın qohumlarından da partiya üçün ianələr edilməsi tələb edilir. Bununla yanaşı isə adi vətəndaşların da xəbərləri olmadan maaş və pensiyalarından müəyyən məbləğ partiyaya ianə adı altında hesablardan silinir. Belə hesabatların üzə çıxması isə hakim partiya üçün yaxşı gələcək vəd etmir. Bununla belə, 2022-ci ildən ortaya çıxan faktlara nədənsə Qərbin müəyyən dairələri göz yumur. Bu da Paşinyanın onların maraqlarını tam təmin etməsindən xəbər verir. Əks halda, bir sıra qurumlar indi ağız-ağıza verərək, erməni dövlətinin çirkaba batdığı barədə onlarla hesabat hazırlayardılar.