Ermənistanda siyasi böhran dərinləşir – Qarabağ klanı Baqrata qoşulur – ŞƏRHbackend

Ermənistanda siyasi böhran dərinləşir – Qarabağ klanı Baqrata qoşulur – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda bir müddətdir davam edən “Vətən uğrunda Tavuş” hərəkatı nəhayət toqquşma və təxribatlar seriyasına start verib. 12 iyun tarixində Ermənistan parlamenti qarşısında baş verən təxribatlar nəticəsində 100-dən çox şəxs xəsarət alıb. Onların arasında təhlükəsiz xidmətinin əməkdaşları da var. Hadisələrin gedişatı isə göstərir ki, Baqrat Qalstanyan məqsədinə nail olmaq üçün kütləvi qan tökməkdən, polis, ordu qüvvələri və xalq arasında ciddi toqquşmalardan belə əl çəkməyəcək. Əgər erməni keşişin fikir babasının Ermənistanın ikinci prezidenti Robert Koçaryan olduğu faktını nəzərə alsaq, bu, mümkün ssenaridir. İlk olaraq söyləmək lazımdır ki, Koçaryanın sifarişi ilə Ermənistanda 2008-ci il, 1-2 mart tarixlərində bənzər hadisələr yaşanıb. 10 nəfərdən çox şəxsin ölümü, 200-dən çox şəxsin ağır yaralanması ilə nəticələnən və hələ bu gün də İrəvan məhkəmələrində çəkişməsi gedən mart hadisələrinin təkrarlanması mümkün ola bilər. Eyni zamanda 12 iyun tarixindəki təxribatlarda Koçaryan dəstəsinin, oğlunun mühafizəçisinin iş başında olması da buna dəlalət edir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, daxili boğuşmalardan cana yığılan Ermənistanın siyasi elitası diqqəti sərhədə yönəltmək üçün iki gündür ki, Naxçıvan istiqamətində atəşkəsi pozur. Burada da iki ehtimal var. Birincisi, daxili gərginliyi azaltmaq üçün diqqəti sərhəd istiqamətinə cəlb etmək erməni siyasi elitasının dəfələrlə baş vurduğu taktikadır. İkincisi isə sərhəd delimitasiyasını sürətləndirmək üçün bu vasitəyə də baş vurula bilər. Tavuş istiqamətində delimitasiya başa çatdıqdan sonra sakitliyin yaranması, təhlükəsizliyin bərpa olunması barədə erməni hökumətinin müxtəlif şəxsləri dəfələrlə açıqlama veriblər. Bu dəfə də sərhəd müəyyənləşdirməsini sürətləndirmək üçün də bu üsula əl ata bilərlər.

Qeyd etmək yerinə düşər ki, Baqratın aksiyalarında Vitali Balasanyan, Metakse Akopyan, Samvel Şahramanyan kimi Qarabağ separatçılarının digər üzvlərinin dəstəkverici açıqlamaları da Paşinyan hökumətinin nəzərindən yayınmayıb. Artıq tərəflər arasında söz savaşı yeni məcraya qədəm qoyub. Parlamentdə çıxışı zamanı baş nazir məsələyə toxunub və bildirib ki, Qarabağın klerikal-feodal elitasına klan məqsədlərinə çatmaq üçün qarabağlılardan istifadəsinə imkan verilməyəcək. Bu, birbaşa Şahramanyan və onun dəstəsinə hökumətin mesajı idi. Bu yaxınlarda separatçı rejimin bir neçə özünə mer ünvanı verən şəxslərinin həbsi də bu məsələyə dəlalət edir. Sözügedən şəxslər qarabağlıları təşkilatlandıraraq aksiyalara cəlb edə biləcəkləri üçün əvvəlcədən həbsə göndəriliblər.

Bununla belə, Baqratın 12 iyun təxribatından ilhamlanan Samvel Şahramanyan Paşinyana qarşı kəskin açıqlamalar verib. Açıqlamalarda diqqəti ən çox çəkən məqamlardan biri də separatçı rejimin “özünümüdafiə ordusu” ilə bağlı hissəsidir. Samvel bildirib ki, son saniyələrə qədər bu ordu Ermənistanın Müdafiə Nazirliyinə tabe olub və ərazi üzrə hissəsi sayılıb. Bu açıqlama əslində çox şeyi dəyişdirə bilər. İlk olaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı konkret olaraq cinayət işi açılmalı, Azərbaycana qarşı təcavüzə görə törədilən hərbi cinayətlərə görə bir sıra şəxslər, dövlət aparatı cavab verməlidir. Şahramanyan isə bu açıqlaması ilə Paşinyana eyham vurur ki, əlimdə müxtəlif kartlar var və bu kartları açmağım heç də yaxşı nəticələnməz. Çünki separatçı bu mövzuda Azərbaycanın siyasətini, iradəsini və qəti mövqeyini, həssaslığını gözəl bilir. O, gözəl dərk edir ki, belə kartların açılması ilk olaraq, gedən sülh danışıqlarına zərbə ola bilər.

Bu isə yəqin ki, Şahramanyanın havadarlarına su və hava kimi lazımdır. Eyni zamanda Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün rəsmi Bakının atacağı addımlar İrəvanda qarışıqlığı daha da artıra bilər. Daxili problemlər məngənəsində aciz qalan hakim partiya yeni problemlə üzləşə bilər və müəyyən qüvvələr üçün fürsət yarana bilər. Bununla yanaşı, Şahramanyan dəstəsi 12 iyun hadisələrinə toxunaraq, tərəflərə çağırış edib. Əslində bu, separatçı rejim tərəfindən Qarabağ ermənilərini aksiyaya səsləyən çağırış kimi qəbul edilməlidir. Çünki son dövrlər susqunluğunu qoruyan Şahramanyanın birdən-birə Paşinyana qarşı kükrəməsi, Vitali Balasanyan, Metakse Akopyan kimi şəxslərin aksiyalarda boy göstərməsi də buna işarədir. Ehtimal etmək olar ki, tərəflər arasında danışıq və razılaşma əldə edilib. Belə olmasaydı, Şahramanyan “qarabağlılar Ermənistan vətəndaşları kimi, aksiyalarda iştirak etmək, fikirlərini bildirmək üçün bütün hüquqi və mənəvi haqqa sahibdirlər” fikrini səsləndirməzdi. Bu, aksiyaya çağırışdan başqa bir şey deyil.

Baqrat Qalstanyanın isə 17 iyun tarixinə yeni təxribat planlaşdırması verdiyi açıqlamalardan məlumdur. Bu tarixdə isə müxalif deputatların tələbi ilə Paşinyanın istefası ilə bağlı iclas keçiriləcək. Erməni keşiş bildirib ki, cümə, şənbə və bazar günləri müxtəlif siyasi qüvvələrlə görüşlər keçirəcək. Əgər Şahramanyanın birdən-birə ortaya atılmasını da nəzərə alsaq, bu görüşlərdən birinin məhz Qarabağ separatçıları ilə keçiriləcəyini ehtimal etmək olar. Kilsə tərəfindən tərk edilən və meydanda tək qalan Qalstanyan Qarabağ klanı və separatçılarının dəstəyinə ehtiyac duyur. Ehtimal etmək olar ki, iclasın fiasko ilə nəticələnəcəyini bilən Baqrat və dəstəsi məhz eyni tarixdə və eyni məkanda növbəti və qanlı təxribat hazırlaya bilər.

Bir məqamı da qeyd etmək yerinə düşər ki, Ermənistanın siyasi rəhbərliyi, konkret olaraq baş nazir Nikol Paşinyan yenidən bir-birini təkzib edən bəyanatlar səsləndirib. Bir neçə gün əvvəl siyasətçi bildirib ki, bir ay ərzində Azərbaycanla sülh müqaviləsini imzalaya bilər. Amma dünən yayılan məlumata görə isə Ermənistanın müdafiə nazirliyi İrəvandakı səfirliyi vasitəsilə Fransa hökumətinə rəsmi müraciət edib. Təcrübə mübadiləsi və fransız silahlarına texniki xidmət göstərmək üçün Fransa qoşunlarının məhdud kontingentinin Ermənistan ərazisində yerləşdirilməsi təklifi var. Fransanın Ermənistandakı hərbi bazasının yeri hələ müəyyən edilməyib. Aİ müşahidəçiləri adı altında Qərb kəşfiyyatçılarını sərhədə yığan Paşinyan hökuməti indi də fransız hərbi kontingentini ölkəyə dəvət edir. İki il əvvəl fransız sülhməramlıları Qarabağa dəvət edən və bu arzusu ürəyində qalan erməni baş nazirin bu istəyindən vaz keçmədiyi, fransız ordusunu ölkəsinə yerləşdirmək üçün gün saydığı məlum olub. Belə bir ssenarinin həyata keçirilməsi isə nə Azərbaycanın, nə Rusiyanın, nə də İranın xoşuna gəlməyəcək. Ehtimal etmək olar ki, fransız hərbi kontingenti üçün bazanın ayrılması Azərbaycanla aparılacaq sülh müqaviləsini ləngidə bilər. Rusiya ilə münasibətləri tam korlamaqla yanaşı, KTMT-dən və Aİİ-dən qovulmaqla da nəticələnə bilər. Eyni zamanda regionda xarici qüvvələrə qarşı həssas yanaşan İran da bu dəfə sırf bəyanatla kifayətlənməyəcək.

Başqa bir faktı da nəzərə alaq. İyunun 18-də EUROSATORY sərgisi çərçivəsində GICAT (Fransa Müdafiə və Təhlükəsizlik Sənayesi Təşkilatı) pavilyonunda Ermənistanın müdafiə ehtiyaclarına və Fransa ilə cari əməkdaşlığa həsr olunmuş Fransa-Ermənistan forumu keçiriləcək. Konfransda Ermənistanın müdafiə naziri Suren Papikyan, yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan, GICAT və onun üzvləri, həmçinin Fransa-Ermənistan Ticarət və Sənaye Palatasının üzvləri iştirak edəcəklər.

Bütün bu faktlar sübut edir ki, erməni hökuməti fransız boyunduruğuna girmək üzrədir. Belarusu Azərbaycana silah satdığına görə ittiham edərək, əlaqələri qoparmağa hazır olan Paşinyan hökuməti görəsən güzgüdə özünə baxırmı? Görəsən hakim partiyanın siyasi elitası Fransa ilə bu qədər yaxınlığın, xüsusən də hərbi sahədə əməkdaşlığın rəsmi Bakı tərəfindən xoş qarşılanmayacağını hesablaya bilirmi? Bütün bu suallara cavabı isə zaman verəcək. Qısaca demək olar ki, Ermənistan hökumətinin sülhlə bağlı bütün açıqlama və bəyanatları yalan və manipulativdir. Sülhə can atan hökumət ölkəsinə Qərbin hərbi kontingentini dəvət etməməli, ciddi silahlanma ilə bağlı addımlar atmamalıdır. Atırsa, deməli revanş üçün fürsət gözləyir.