Ermənistanda vergi terroru: Paşinyan sahibkarlara qarşı total hücuma start verib – ŞƏRHbackend

Ermənistanda vergi terroru: Paşinyan sahibkarlara qarşı total hücuma start verib – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər Ermənistanın müxalifət düşərgəsində aktivləşmə müşahidə edilir. Bir tərəfdən “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanın payızla bağlı çoxsaylı vədləri, digər tərəfdən də yeni partiya və koalisiyaların yaranması ilə bağlı çıxan xəbərlər erməni siyasi mühitində yeni təlatümlərin yaranacağına işarə edir. Baş nazir Nikol Paşinyan isə hadisələri izləyir və müvafiq addımlar atır. Məsələn, elə dünən məhkəmənin qərarı ilə Gorusun meri Aruş Aruşunyana 5 il müddətinə siyasətlə məşğul olmaq qadağan edilib, külli miqdarda cərimə təyin edilib. Aruşanyan isə qərarla razı olmadığını, məhkəməyə müraciət edəcəyini, sona qədər gedəcəyini bildirib. Mer bildirib ki, bu, siyasi qərardır və məqsəd seçkilərə qədər Gorus kimi kritik regiona Paşinyanın qərarlarını sözsüz icra edəcək şəxsin təyinatını təmin etməkdir. Bundan əlavə, bir sıra bölgələrdə hakim komandanın dedikləri ilə razılaşmayan yerli idarəetmə orqanlarının rəhbərləri ilə bağlı ciddi tədbirlər görülür, barələrində kompromat materiallar mediaya ötürülür, sonra isə cinayət işi açılır. Hətta bu məsələdə sözügedən şəxslərin ailə üzvlərinə də toxunulur.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, iki gündür isə Ermənistanda ən çox müzakirə olunan mövzulardan biri də Dövlət Gəlirləri Komitəsinin yeni qanun layihəsi ilə bağlıdır. Bir sıra şəxslər qeyd edir ki, komitə sədri Badasyanın təklif etdiyi qanun layihəsi ölümcüldür. Bu struktur cinayət məsuliyyətindən qurtulmaq üçün həvəsləndirici normalardan imtina etməyi təklif edir. Badasyanın fikrinə görə, həvəsləndirmə normalarının mövcudluğu vergi cinayətlərinin törədilməsinə şərait yaradır və cinayət nəticəsində vurulmuş əmlak zərərinin ödənilməsi yolu ilə cinayət məsuliyyətindən azad edilmə yeni vergi cinayətlərinin törədilməsinə səbəb olur. Bu səbəbdən də yeni layihəyə görə, vergi cinayətləri törədən iş adamları dərhal həbsə atılmalı, hətta zərər ödənilsə də, sözügedən şəxs həbsdən qurtula bilməyəcək. Maraqlıdır ki, 8 avqust tarixindən portala yerləşdirilən qanun layihəsi kifayət qədər mənfi rəy toplayıb və respondentlərin 80 faizdən çoxu sənədin əleyhinə olduğunu bildirib. Bəs belə bir sənədin qəbuluna erməni hökumətini vadar edən səbəb nədir? Qarşıdan gələn seçkilərə az qalmış Paşinyan biznes aləmində qorxu mühiti yaratmaq istəyir ki, onlar müxalifəti dəstəkləməyə cəsarət etməsinlər. Yəni, Paşinyan müxalifəti hüquqi resurslarsız qoymaq istəyir ki, 2025-ci və ya 2026-cı ildə, növbəti seçkilər zamanı böyük və nəhəng resursları hesabına yenidən hakimiyyətini bərpa edə bilsin. Qısacası, iş adamları dərk ediblər ki, hakimiyyət onları tələyə salmaq istəyir.

Yaxşı, bəs qanunda hansı müddəalar iş adamlarının qəzəbinə səbəb olub? Badasyanın təklifinə görə, hər hansı bir iş adamının fəaliyyətində 10 milyon dram (və daha çox), yəni 25 min dollar qanun pozuntusu aşkar edilsə, onu 3 il müddətinə həbs etmək lazımdır. Komitə cinayət məcəlləsinin 290-cı maddəsinin 5-ci bəndinin etibarsız hesab edilməsini təklif edir. Bu bənd isə iş adamlarını həvəsləndirən və cinayət məsuliyyətindən azad edən bənddir.

Bu günə qədər isə, sui-istifadədə ittiham edilən iş adamı sözügedən məbləği, məsələn, 15 milyon dramı girov kimi ödəməklə biznesini davam etdirir və qərardan məhkəməyə şikayət edirdi. Yeni layihə ilə bu imkan ləğv edilir. Eyni zamanda həbsdə olduğu 3 il müddətində də qərardan şikayət etmək imkanı olmayacaq. Həbsdən çıxan şəxs məhkəməyə müraciət etsə, və haqlı olduğu təqdirdə hansı proses baş verəcək? Bax bu barədə layihədə heç bir müddəa yer almayıb. Nəzərə alsaq ki, təkcə ötən il İstintaq Komitəsi 900-dən çox pozuntu aşkar edib. Yeni qanun layihəsinə əsasən isə, bu şəxslər həbsə göndərilməli idi. Bu isə o deməkdir ki, yeni qanunla qısa müddət ərzində Ermənistanda bütün biznes strukturları bağlana bilər. Badasyan bildirir ki, yeni təkliflə bütün iş adamlarının bərabər şəraitdə olmasını istəyirlər. Amma burada ciddi suallar yaranır. Çünki yeni layihə ilə Paşinyan və komandasına yaxın olan şəxslərin biznesi daha da çiçəklənəcək, inkişaf edəcək. Çünki rəqabət meydanındakı bütün rəqibləri həbs etməklə oyundan kənarlaşdırmaq üçün yeni rıçaq yaranıb.

Maraqlıdır ki, biznes strukturlarını çökdürmək, iş adamlarını qorxutmaq, müxalifəti dayaqsız buraxmaq üçün atılan addımlar bununla kifayətlənmir. Rəsmilərin əlində olan biznes strukturlarını çiçəkləndirmək, cəzasız qalmaları üçün bütün bağlı qapılar Nikol Paşinyanın himayəsi altında mexaniki şəkildə açılır. Hətta hakim partiya ilə maraqları toqquşan rəsmi şəxslərə qarşı da cəza mexanizmləri işə düşür. Məsələn, Korrupsiyaya qarşı mübarizə komissiyası bir müddət əvvəl Vaqarşapat meri Diana Qasparyanı 300 min dram məbləğində cərimələyib. Komitədən bildirilir ki, Qasparyan qayınanasının şirkətinə tikinti icazəsi verdiyi üçün bu addım atılıb. Məlum olub ki, Diana Ruzanna Asatryana məxsus “Nare Pius” şirkətinə tikinti icazəsi verilməsi ilə bağlı 20 qərar qəbul edib. Amma sonradan məlum olub ki, sözügedən ərazidə tikinti aparmaq hakim partiyanın yüksək ranqlı məmurunun maraq dairəsində olub. Partiyadan Dianaya bununla bağlı xəbərdarlıq edilsə də, sonuncu bunu qulaqardına vurub. Bu zaman isə “qanuni yolla” mer cəzalandırılıb.

Faktlar bununla da bitmir. Təkcə bu ilin birinci yarısında Ərazi İdarəetmə və İnfrastruktur nazirliyi “EuroAsphalt” şirkəti ilə 6 müqavilə imzalayıb. Müqavilələrin dəyəri 4 milyard 674 milyon 538 min dram (təxminən 21 mln. dollara yaxın) olub. Müqavilələrin və xidmətlərin satınalma predmeti respublika əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri və ya avtomobil yollarının orta və əsaslı təmiri işləridir. “EuroAsphalt” tikinti şirkətinin baş direktoru Milli Assambleyanın sədri Alen Simonyanın qardaşı Karlen Simonyandır. Alenin əlaqələri sayəsində tenderdə iştirak edən şirkətlər min bir bəhanə ilə uzaqlaşdırılır, meydan Karlenə qalır. Məlum olub ki, nazirliyin tenderinə müraciət etmək istəyən iki şirkətdə qəflətən vergiyoxlama proseduru başladılıb və bir neçə milyon dram vergidən yayınma məsələsi üzə çıxıb. Bu isə sözügedən sahibkarların tenderdən uzaqlaşdırılması ilə nəticələnib.

Başqa bir misal, hakim partiyanın deputatı Arsen Torosyanın həyat yoldaşı Vardanuş Tevanyan əri parlament üzvü seçildikdən sonra qəflətən “Mibs” MM-nin direktoru təyin edilib. Bu şirkət də Səhiyyə nazirliyi ilə xidmətlərin göstərilməsi üçün müqavilələr imzalayıb. Ümumi məbləği 200 milyon drama yaxın olan iki müqavilə üçün isə tenderdə iştirak edən digər şirkətlər müxtəlif üsullarla susdurulub.

Bu faktları artırmaq olar. Görünən odur ki, Paşinyan komandası vergi terror vasitəsilə həm müxalifətə dəstəyi azaltmaq, həm də öz şirkətlərinə rəqabətsiz mühit formalaşdırmaq niyyətindədirlər. Eyni zamanda son 3 ildə əksər dövlət tenderlərinin məmurların şirkətlərinə verilməsi, rəqiblərin başına açılan oyunlar da bu fikri daha da qüvvətləndirir. Yəqin ki, “Mülki müqavilə”nin siyasi elitası hakimiyyəti itirməkdən qorxduqları üçün bütün sahələri, hətta kiçik biznes sahəsini də monopoliyaya almaq niyyətindədirlər.