Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə son dərəcə böyük əhəmiyyət daşıyır. Bu qələbə yalnız hərbi deyil, eyni zamanda geostrateji xarakter daşıyır. Belə ki, Azərbaycan 30 illik işğaldan sonra nəhayət öz ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tam təmin edib, bununla da dövlətin bütünləşməsi prosesini yekunlaşdırıb. Bu fakt onu göstərir ki, qarşıdakı mərhələdə Azərbaycanı əsasən inkişaf perspektivlərinə yönəlmiş strateji planlar gözləyir. Şübhəsiz ki, 44 günlük müharibədə qazanılan bu tarixi qələbənin əhəmiyyəti gələcək nəsillər tərəfindən daha dərindən təhlil ediləcək və ona layiqli qiymət veriləcək. Çünki Azərbaycan dövləti tarixində ilk dəfə məhz bu qələbə sayəsində həm ərazi bütövlüyünü, həm də sərhədlərini bərpa edib. Qeyd etmək lazımdır ki, bu nəticə 30 illik işğal dövründən sonra son dərəcə ağır və mürəkkəb şəraitdə aparılan 44 günlük müharibədə dövlətin qələbəyə doğru qətiyyətli addımları hesabına mümkün olub.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, mühüm məqamlardan biri də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində 30 il ərzində çoxsaylı ağır cinayətlər törətməsidir:

“Bu cinayətlərə şəhər, qəsəbə və kəndlərin tamamilə dağıdılması, yerli əhalinin öz doğma yurd-yuvalarından zorla qovulması kimi bəşəri cinayətlər daxildir”.
Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə əhaliyə qarşı göstərilən qəddarlıq baxımından da Ermənistan tərəfindən beynəlxalq səviyyəli hərbi cinayətlər törədilib:
“Buna misal olaraq bir sıra kütləvi qətliamları, xüsusilə Xocalı soyqırımını göstərmək olar. Bu qətliamlar beynəlxalq hüquqa əsasən hərbi cinayət hesab olunur və Ermənistan gec-tez bu cinayətlərə görə cavab verməlidir”.
Politoloq vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar başa çatsa da, iki ölkə arasında yekun sülh sazişinin mətni razılaşdırılıb və ötən ilin 8 avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflansa da, Ermənistanın Azərbaycana qarşı terror xarakterli fəaliyyəti faktiki olaraq hələ də davam edir”.
Elçin Xalidbəylinin sözlərinə görə, Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərində çoxlu sayda mina yerləşdirib və bu minalar müharibədən sonra da insanların həyatına ciddi təhlükə yaratmaqda davam edir:
“Rəsmi Bakı dəfələrlə minalanmış ərazilərin xəritələrini Ermənistandan tələb etsə də, qarşı tərəf qeyri-dəqiq və natamam xəritələr təqdim etməklə Azərbaycana qarşı mina terrorunu davam etdirmək niyyətini açıq şəkildə nümayiş etdirib. Nəticədə bu gün də Azərbaycan ərazilərində erməni minaları partlayır, insanlar xəsarət alır və həyatlarını itirir”.
Politoloq əlavə edib ki, bu faktlar Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərini hələ də davam etdirdiyini göstərir, mina savaşı və mina terroru əvvəlki kimi aktual olaraq qalır. Bütün bu məsələlərin beynəlxalq ictimaiyyətin diqqətinə ardıcıl və sistemli şəkildə çatdırılması son dərəcə vacibdir. Çünki hərbi cinayətləri törədən tərəf məhz Ermənistandır. Əgər bu faktlar beynəlxalq müstəvidə davamlı şəkildə təqdim olunarsa, ermənipərəst lobbi qruplarının bütün cəhdlərinə baxmayaraq, Ermənistanın hərbi cinayətləri tanına, onun əsl siması üzə çıxa və saxta erməni narrativləri öz əhəmiyyətini itirə bilər”.
Ekspert hesab edir ki, bu istiqamətdə görülən işlər davam edir və yaxın gələcəkdə daha təsirli nəticələrin əldə olunacağına şübhə yoxdur.













