Ermənistanın ömürlük həbs etdiyi Azərbaycan əsgərinin anası: “Azərbaycan dövlətinə arxalanıram”backend

Ermənistanın ömürlük həbs etdiyi Azərbaycan əsgərinin anası: “Azərbaycan dövlətinə arxalanıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda əsir saxlanılan və bu gün ömürlük azadlıqdan məhrum edilən Azərbaycan əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova danışıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, sonuncu dəfə noyabrın 23-də oğlu ilə telefonla əlaqə saxlayıb, 3 gün sonra isə məktubu və videosu gəlib.

“Hamıdan hallalıq istəməyinə görə şübhələndik ki, nə isə var. Bu gün səhər eşitdim ki, oğluma ömürlük həbs cəzası veriblər. İnanmadım. Sonradan sosial şəbəkələrdə də xəbərlər oxudum”, – deyə Ş.Axundova bildirib

Hüseyn Axundovun anası hər zaman Azərbaycan dövlətinə arxalandığını bildirib: “Hələ də ümidimiz üzülməyib. Dövlətimizə inanırıq”.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.

Bu gün isə Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxıb və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.