Ermənistanın sərhəddə növbəti TƏXRİBATI: İrəvan sülh istəmirbackend

Ermənistanın sərhəddə növbəti TƏXRİBATI: İrəvan sülh istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycanla həmsərhəd Qafan şəhərində müntəzəm relslərin açılacağını açıqlayıb.

Beynəlxalq təcrübəyə əsasən iki dövlətin sərhədində yerləşən hava limanları unikal coğrafi mövqelərinə görə fərqli tənzimləmə tələblərinə tabedir. Azərbaycan- Ermənistan sərhədində hava limanı tikilərkən və fəaliyyət göstərərkən mütləq şəkildə qonşu ölkə ilə koordinasiya və razılaşmalar nəzərdən keçirilməlidir.

Ermənistan Qafan hava limanının fəaliyyətə başlayacağını elan edərkən bununla bağlı Azərbaycanı məlumatlandırmayıb. Ermənistanın bu hava limanından gələcəkdə hərbi məqsədlərlə istifadə etmək niyyətinin olduğunu istisna etmək olmaz.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Ermənistanın Qafanda aeroport tikməsi qeyri-qanunidir və gərginliyi artırmaq məqsədi daşıyır:

“Ermənistan Naxçıvana yaxın ərazidə zavod tikmək cəhdi ilə də təxribatçı addım atmşdı. Bu zavodun tullantıları Araz çayına axıdılır və oradan istifadə edən ölkələrin insanlarının birbaşa zəhərlənməsinə xidmət edir. O cümlədən bu aeroportun tikilişi qeyri-qanunidir. Çünki beynəlxalq normalara uyğun olaraq  bu, bütün sərhəd ölkələri ilə razılaşdırılmalıdır. Bunların hamısı vəziyyətin gərginləşməsinə, sülh müqaviləsinin imzalanmasının uzadılmasına xidmət edir. İstər Avropa Birliyində, istərsə də ABŞ-da əldə olunan razılıqlardan sonra  Ermənistan geriyə addım atır. Bu da sülh müqaviləsinin  pozulmasına, 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməməsinə səbəb olur. O baxımdan da düşünürəm ki, Ermənistan beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət etməlidir.

S.Novruzov hadisədə 3-cü dövlətlərin əlinin olduğunu vurğulayıb:

“Burada 3-cü qüvvələrin təsiri var. Laçın dəhlizində oynalınan şou, ondan sonra Avropa İttifaqının müşahidə missiyasının sərhədə gətirilməsi, onların guya sərhəddə baxış keçirməsi, BMT-də bu məsələlərin qaldırılması, bütün bunların hamısı 3-cü qüvvələrin təsiri altında Ermənistanın atdığı addımlardır”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə vurğulayıb ki, ermənilər bundan sonra da silsilə təxribatlar həyata keçirə bilər:

“Bu, növbəti bir təxribatdır. Ola bilsin ki, ermənilər bundan sonra da silsilə təxribatlar törətməyi planlaşdırır. Onlar Azərbaycanla razılaşdırmadan 19 yük avtomobilini Azərbaycan ərazisinə keçirmək istədilər alınmadı. BMT-yə Azərbaycanı pisləyən qətnamənin qəbulu üçün getdilər, ancaq alınmadı. İndi də Qafan da aeroport açmaq istəyirlər. İndiyə kimi niyə bu aeroportu açmırdılar? Bu istiqamətdə iş görmürdülər. Bu onlara təxribat üçün lazımdır. Dünyada bir qayda olaraq, aeroprtlar qonşu ölkə ilə sərhəddən kənarda tikilir. Çünki təyyarələr enmə və qalxma zamanı istər-istəməz qonşu ölkənin hava məkanına daxil olurlar”.

A.Mirzəzadə söyləyib ki, Azərbaycan qonşu ölkənin hava məkanından istədiyi kimi, istifadə etməsinə imkan verə bilməz:

“Azərbaycanla Ermənistan hələ sülh müqaviləsi bağlamayıb, diplomatik əlaqələri yoxdur. Hər hansı məsələdə razılıqları yoxdur. Belə olan halda Azərbaycanın razılığı alınmadan təyyarənin  enib-qalxmasının planlaşdırılması təxribatdır.  Azərbaycan bildirib ki, belə olacaqsa, bununla əlaqədar qəti tədbirlər görüləcək.  Biz qonşu ölkənin hava məkanımızdan istədiyi kimi istifadəsinə razı ola bilmərik. Bu təyyarələrin hərbi, yaxud mülki olmasının fərqi yoxdur. Ermənistan hay-küy qaldıracaq. Məqsəd sülh müqaviləsinin ləngidilməsidir.  Onlara  hələ də elə gəlir ki, hansısa “güclü dayı” gəlib onların çirkin əməllərini  yerinə yetirəcək. Bunu vaxtilə çar Rusiyası, Sovet hökuməti edirdi. 1990-cı illərin əvvəllərində xaricdə  anti-Azərbaycan mərkəzləri  bunu edirdi.  İndi bunlar yoxdur. Ancaq onlarda hələ də bu çirkin, xəstə təxəyyül qalıb”.

Deputat Azərbaycanın görəcəyi tədbirlərdən də söz açıb:

“Açığı mümkündür ki, Ermənistan o uçuşu həyata keçirməsin. Çünki Azərbaycan öz sərt cavabını verəcək. Qayda belədir ki, ilk növbədə xəbərdarlıq edilir. Sonradan Beynəlxalq Mülki Aviasiya Mərkəzinə rəsmi müraciət edilir. 3-cü addım isə hərbi təyyarələrin havaya qaldırılması ilə qanunsuz uçuşların qarşısının alınması olacaq”.

Milli Məclisin digər bir deputatı Kamran Bayramov Qafanda aeroport açılmasının növbəti erməni təxribatı olduğunu vurğulayıb:

“Əgər hansısa qonşu dövlətin sərhədi yaxınlığında belə bir layihə reallaşdırılırsa, bu həmin dövlətin aidiyyəti qurumları ilə razılaşdırılmalıdır. Çünki aeroport sərhəddə tikilirsə, orada təyyarələrin uçuş zamanı qonşu dövlətin ərazisinə daxil olması təhlükəsi artır. Bu da xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu Ermənistanın növbəti təxribatıdır. Bir müddət əvvəl də Arazdəyən ərazisində zavodun tikilməsinə cəhd göstərildi. Bunun özü də təxribat idi. Burda görünür ki, ermənilər əllərindəki bütün təxribatlardan istifadə edir ki, sülh danışıqları və  normallaşma prosesini daha da uzatsın. Məlum olduğu kimi, ermənilərin təhriki ilə BMT-də keçirilən iclasda dünya ictimaiyyəti bir növ Ermənistana tövsiyə verdi. Regionda sülhün yaranması, təhlükəsizliyin təmin edilməsi alternativ yoldan və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinin reinteqrasiyasından keçir. Ermənilər bu tövsiyələrə məhəl qoymadan bu cür təxribatçı addımlara əl atır.  Ancaq nəticələri fəsadları düşünmür”.

K.Bayramov Azərbaycanın göstərə biləcəyi reaksiyalara da toxunub:

“Sabah belə addımların atılması xoşagəlməz əks tədbirlərə gətirib çıxara bilər, təxribat və provakasiya görünür, Ermənistanın dövlət siyasətinin bir xəttidir. Çünki bu ölkənin Baş naziri bu məsələlərə dəstək göstərir.

Qonşu dövlətin, üstəlik müharibə apardığımız dövlətin uçuş aparatların, təyyarələrinin bizim hava məkanına daxil olması nə ilə nəticələnə bilər? Təbii ki, burada müxtəlif senarilər ola bilər.  Hava məkanının təhlükəsizliyi üçün istənilən tədbir həmin uçuş aparatlarının məhv edilməsinə qədər davam edə bilər. Bu bizim suveren hüquqmuzdur. Mən düşünürəm ki, Ermənistan Azərbaycanın mövqeyindən və bəyanatlarından nəticə çıxaracaq. Bu cür provaktif addımlara əl atmayacaq. Biz buna ümid edirik, ancaq inanmırıq. Vaxtaşırı Ermənistan tərəfindən bu cür addımlar atmaqdır.  Biz ayıq-sayıq olmalıyıq”.

Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasında səmimi deyil:

“Hər fürsətdə təxribatlar törətmək və sülh müqaviləsinin imzalanması prosesini uzatmaq, vaxt qazanmaq istəyirlər. Prosesləri öz xeyirlərinə dəyişmək istəyirlər. Bəzən Ermənistanın havadarları bu proseslərə açıq formada dəstək göstərirlər. Misal üçün 44 günlük Vətən müharibəsindən sonra Ermənistana dəstək məqsədilə İran Qafanda öz konsulluğunu açdı. Daha sonra Arazdəyəndə Naxçıvanla sərhəddə iri metallurigiya zavodu tikmək qərarına gəldilər. Sonradan Azərbaycanın təzyiqi ilə bu metallurigiya zavodunun başqa əraziyə köçürülməsi  məsələsi gündəmə gəldi. Ümid edirik ki, deyilənlər həqiqət olacaq və Azərbaycanla sərhəddə belə bir metallurigiya zavodu tikilməyəcək. Bu birbaşa Azərbaycan ekologiyasına zərbədir. Regionda ciddi ekoloji böhran yarada biləcək”.

Deputatın fikrincə, Qafanda aeroport tikilməsinə cəhd növbəti təxribatdır:

“Ermənistan Qafan ərazisində aeroport açmaq istəyir. Qafan birbaşa Azərbaycanla sərhəddə yerləşir. Buna görə də, Aeroportun tikilməsi Azərbaycanla razılaşdırılmalıdır.  Düşünürəm ki,  bu Ermənistanın növbəti təxribat addımıdır. Ermənistanın hazırki maliyyə vəziyyətini nəzərə alsaq, bu aeroportun bu ölkənin yox, onun havadarlarının birbaşa dəstəyi ilə həyata keçirilə bilər. Yəqin ki, yaxın dövrdə bu ideyanın, layihənin həyata keçirilməsinin arxasında duran və maliyyə ayıran tərəflər kimdir. İstənilən halda belə təxribat addımlarının həyata keçirilməsinin mümkün olmayacağını düşünürəm”.

N.Həmzəyev vurğulayıb ki, Ermənistan daxili audtoriya üçün bu addımı atır:

“Çünki Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdikdən sonra  Zəngilanda və Füzulidə Beynəlxalq Hava Limanlarının açılışını həyata keçirdi.  Hazırda Laçın rayonunda  üçüncü beynəlxalq hava limanının tikintisi gedir. 2024-cü ilin sonunda  onun  istifadəyə verilməsi gözlənilir. Ermənistan yeni Hava Limanının tikilməsi ideyasını ortaya atmaqla öz daxili  auditoriyasına onların da regionun inkişafı  üçün  nəsə etdiyklərini göstərmək istəyirlər. Bu ərazilərə beynəlxalq təşkilatları və şirkətləri gətirməklə bir növ  qarantiya almaq istəyirlər ki, bu ərazilər onların tam nəzarətində olsun. Həmçinin Zəngəzur dəhlizini işə salmaq əvəzinə, burada alternativ logistik mərkəzlər qurmaq istəyirlər.  Ermənilərin bu layihəsi də iflasa uğrayacaq. Ermənistan daha yaxşı olar ki, diqqət və marağını Zəngəzur dəhlizinə yönəltsin. Çünki Azırbaycan  bunun üçün çox böyük investisya ayırıb.  Azərbaycan böyük layihələr həyata keçirib. Bu baxımdan Azərbaycanın  bu ərazidə formalaşdırdığı kommunikasiya şəbəkəsi fonunda Ermənistanın hansısa  alternativ xətləri işə salması heç bir effekt verməyəcək. Bu layihə də vaxtından əvvəl dayandırılacaq. Bu Ermənistanın növbəti uğursuz addımı kimi yadda qalacaq”.