Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektini “növbəti Çernobıl” və “saatlı bomba” adlandıraraq beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırırlar.
NOCOMMENT.az “NTV”yə istinadən xəbər verir ki, 1976-cı ildə istismara verilən stansiya ölkənin elektrik enerjisi tələbatının təxminən 40 faizini təmin edir.
Obyekt 1988-ci il Spitak zəlzələsindən sonra altı il bağlı qalıb və 1995-ci ildə yenidən işə salınıb.
Cənubi Qafqaz üzrə mütəxəssis Piter Marko Tase “Daily Mail”ə açıqlamasında bildirib ki, stansiya texniki cəhətdən köhnəlib, iqtisadi səbəblərdən lazımi səviyyədə modernləşdirilmir və bu, böyük təhlükə yaradır.
“Bu reaktorun fəlakətə səbəb olma riski çox yüksəkdir. Partlayış halında Çernobılda olduğu kimi torpaq, su və hava çirklənə bilər”, – deyə Tase vurğulayıb. Mütəxəssislər stansiyanın aktiv seysmik xəttdə yerləşdiyini və struktur baxımından da dayanıqsız olduğunu bildirirlər. Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş nümayəndəsi Morris Rozen isə Metsamorun dizaynını “açıq-aşkar yetərsiz” adlandırıb.
Hazırda Metsamor stansiyası Rusiyanın dövlət nüvə şirkəti “Rosatom”un texniki dəstəyi ilə fəaliyyət göstərir. Dr. Tase hesab edir ki, bu, Kremlin Cənubi Qafqazda enerji siyasətinə birbaşa təsir imkanlarını gücləndirir.
2023-cü ilin dekabrında “Rosatom”la stansiyanın modernizasiyası üçün razılaşma imzalansa da, bu planın həyata keçib-keçməyəcəyi hələ də sual altındadır.
Dr. Tase vəziyyətin ciddiliyini vurğulayaraq, Avropa Birliyi və ABŞ-ni stansiyanın bağlanması üçün təcili tədbirlər görməyə çağırıb. Onun sözlərinə görə, Metsamor təkcə region üçün deyil, qlobal təhlükəsizlik üçün də ciddi risk yaradır.