Əsəd üçün gözlənilməz hadisə: Yanvarın 28-də Rusiyaya gəlirbackend

Əsəd üçün gözlənilməz hadisə: Yanvarın 28-də Rusiyaya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya Prezidenti Əhməd əl-Şaraanın yanvarın 28-dəə Rusiyaya planlaşdırılan rəsmi səfəri təsadüfi xarakter daşımır və bir neçə strateji məqsədlə izah olunur.

Mövcud regional və beynəlxalq kontekst göstərir ki, bu səfər Suriyada post-Əsəd dövründə formalaşan yeni siyasi reallıqlar fonunda Moskva ilə münasibətlərin yenidən tənzimlənməsi cəhdi kimi qiymətləndirilməlidir.

Bu sözləri NOCOMMENT.az-a Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Suriya Prezidenti Əhməd əl-Şaraanın yanvarın 28-də Rusiyaya edəcəyi səfəri şərh edərkən deyib.

Onun sözlərinə görə, səfərin əsas məqsədlərindən biri Rusiya ilə siyasi və iqtisadi əlaqələrin qorunması və yeni şərtlər daxilində davam etdirilməsidir:

“Rusiya uzun illər Suriyada əsas xarici aktorlardan biri olub və hərbi-siyasi mövcudluğunu bu gün də saxlayır. Yeni Suriya rəhbərliyi üçün Moskva ilə dialoqu kəsmək yox, əksinə, onu daha praqmatik müstəviyə keçirmək prioritetdir. Burada söhbət həm Tartus və Xmeymim bazalarının gələcək statusundan, həm də yenidənqurma, enerji və infrastruktur layihələrində Rusiyanın mümkün rolundan gedir.

İkinci mühüm məqam təhlükəsizlik və hərbi koordinasiya məsələləridir. Suriya daxilində hələ də tam sabitlik formalaşmayıb və müxtəlif silahlı qruplar, regional təsir mərkəzləri mövcuddur. Bu baxımdan Rusiya ilə təhlükəsizlik dialoqu həm ordunun yenidən təşkilatlanması, həm də ölkənin ərazi bütövlüyünün qorunması baxımından əhəmiyyət daşıyır.

Ən çox müzakirə olunan sual isə Bəşər Əsəd amilidir. Məlumdur ki, Əsəd hazırda Rusiyada himayə altındadır və yeni Suriya hakimiyyəti üçün bu məsələ həm daxili legitimlik, həm də beynəlxalq hüquqi müstəvidə simvolik əhəmiyyət kəsb edir. Əhməd əl-Şaraanın bu səfər çərçivəsində Əsədin taleyini gündəmə gətirməsi, hətta onun ekstradisiyası məsələsini qaldırması ehtimalı da istisna edilmir. Lakin reallıq ondan ibarətdir ki, Rusiya üçün Əsəd təkcə keçmiş müttəfiq deyil, eyni zamanda geosiyasi məsuliyyət məsələsidir. Buna görə də Moskvanın bu tələbi qəbul etməsi son dərəcə çətin görünür.

Ümumilikdə, əl-Şaraanın Rusiya səfəri daha çox yeni Suriya hakimiyyətinin xarici siyasətdə balanslı xətt yürütmək niyyətini nümayiş etdirir. Bu səfər nə Rusiyadan tam uzaqlaşma, nə də əvvəlki asılı modelə qayıdış deməkdir.

Məqsəd – keçmişlə məsafə saxlayaraq, real güc mərkəzləri ilə praqmatik dialoqu davam etdirməkdir.

Səfərin nəticələri isə Moskvanın yeni Suriyanı hansı çərçivədə qəbul etməsindən birbaşa asılı olacaq”.

Atilla Rzasoy