Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Sabrina Məmmədovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
NOCOMMENT.az – ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxsin isə apellyasiya şikayəti qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hökmü ləğv edilib. Sabrina Məmmədova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasının çəkilməsi qadının himayəsində olan 2013-cü il tarixdə doğulmuş uşağının 14 yaşına çatanadək təxirə salınıb.
İttihama görə, hadisə 02 sentyabr 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinin kəsişməsində yerləşən “Green” kafenin həyətində qeydə alınıb.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Sabrina Məmmədova təxminən 7-8 il qeyri-rəsmi münasibətdə olduğu, zərərçəkmiş Səttar Balayevdən (adı, soyadı şərtidir) estetik əməliyyatlar üçün 10-15 min manat məbləğində pul tələb edib. Səttar isə bu tələbi yerinə yetirməkdən imtina etdikdə aralarında mübahisə yaranıb və onlar ayrılmaq qərarına gəliblər.
Hadisədən bir müddət sonra zərərçəkmiş dostu ilə birlikdə “Green Kafe”də olarkən Sabrina Məmmədova ora gələrək eks-sevgilisinə yaxınlaşıb. Məhkəmənin materiallarına əsasən, qadın yüksək səslə Səttarı təhqirlər yağdırıb və daha sonra masanın üzərindəki mobil telefonu götürərək bir neçə dəfə onun başına çırpıb. Nəticədə Səttar yüngül dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, qadının ondan dəfələrlə estetik əməliyyatlar və ev üçün pul istədiyini, bu səbəbdən münasibətlərində gərginlik yarandığını və hadisəyə görə onu bağışlamadığını deyib.
Məhkəmənin qərarı ilə Sabrina Məmmədova 800 manat cərimə edilib.