Müasir dövrdə diş və diş əti xəstəlikləri ilə tez-tez rastlaşırıq. Bəs belə hallarda nə etmək olar?
Mövzu ilə bağlı stomotoloq-üz çənə cərrahı Yaşar Verdiyev NOCOMMENT.az-a müsahibə verib.
-Yaşar bəy, bir çox hallarda dişlərimizi fırçaladıqda qanadığını müşahidə edirik. Bu diş əti xəstəliyinin yaranması deməkdir?
-Diş əti xəstəliklərində ilk və ən əhəmiyyətli əlamət diş ətinin qanamasıdır. Dişlərdə qaşıntı, narahatlıq hissi, diş əti çəkilmələri, dişdə laxlamalar, ağız qoxusu, ağızda da və dişdə qızarma, şişkinlik xəstəliyin simptomudur. Bununla bərabər çənə sümüyünün yatması ilə qarşılaşa bilirik. Və dişlərimizi itirmə problemi yaranır.
-İtirilmiş dişlərin vaxtında əvəzlənməməsi hansı problemlərə səbəb ola bilər?
-Bu problem çənə sümüklərinin əriməsinə gətirib çıxara bilər. İtirilmiş dişləri implant ilə bərpa etmək mümkündür. Əlbəttə, implant ilə bərpa olunmadıqda çənə sümüyündə problem yaradır. Nəticədə insan sağlamlığına zərər vurmaqla yanaşı, üzdə assimetriyaya və çənədə defektlərə səbəb olur. Bu da gələcəkdə pasiyentin həmin nahiyəni əvvəlki kimi bərpa etməsində çətinlik yaradır.
– İmplant dişlər nədir və hansı üstünlükləri var??
– İmplant əsl dişlərə bənzəyən, oxşar funksiyası olan, əskik və ya zədələnmiş dişləri yenidən formalaşdırmaq üçün bir metoddur. Diş müalicəsinə uyğun olmayan protez və köklərə ən yaxşı alternativ olaraq seçilir. Həm estetik, həm funksional olaraq çox gözəl nəticə verir. Həmçinin implantlar normal qidalanma – qidanın tam xırdalanması funksiyasını çox yaxşı yerinə yetirir.
– İmplantasiya əməliyyatlarında planlama nə dərəcədə önəmlidir?
İmplant əməliyyatı əvvəlcədən 2D və ya 3D aparılaraq sümüyüm keyfiyyəti müəyyən olunur. Çənə sümüyünün hündürlüyünə baxılır, eni nəzərə alınır və bundan sonra implantlar yerləşdirilir. Planlama əməliyyatın doğru aparılması və yaxşı nəticə əldə etmək üçün vacibdir. Planlama işimizin keyfiyyətidir.
-Bəs, breketlərin hansı üstünlükləri var?
Breketlərlə müalicə zamanı dişlərdə və çənədə olan bir sıra problemlər aradan qaldırılır. Məsələn, dişlərin sıxlığı breketlər vasitəsilə müalicə edilir. Bununla yanaşı bu vasitə dişlərin funksional olaraq tam birləşməsində, estetik əyrilik və qüsurların müayinəsi üçün istifadə olunan müalicə metodudur.
– Estetik stomatologiyada hansı müalicə metodları tətbiq olunur?
– Estetik görünüş əldə etmək üçün ən ideal variant vinir qapaqlardır. Çünki vinir dişlər yonulmadan, sinir çıxarılmadan estetik görünüşü əldə etmək olur. Həmçinin zirkon qapaqlarla da istədiyimiz görüntünü, təbəssümü əldə edə bilirik.
– Bəzən elə pasiyentlər olur ki, stomotoloji cihazları gördükdə qorxur. Belə hallarda nə edirsiniz?
– Həmin cihazın nə işə yaradığını izah edirik. Çünki alətin nə işə yaradığını bilməmək insanı daha çox qorxudur. Nəticədə insan bir aparatın hansı işi icra etdiyini öyrəndikdə daha özgüvənli, rahat bir şəkildə gözəl təbəssüm və gülüşə sahib olacağına inanır və qorxuları qalmır.
– Sizcə, diş həkimi olmaq üçün insanda hansı xüsusiyyətlər olmalıdır?
– Diş həkimi olmaq üçün yaxşı əl bacarıqları, eləcə də, insanlarla münasibətdə incəlik önəmlidir. Axı həkim təkcə diş müayinəsi ilə məşğul olmamalı, həm də xəstələr ilə ünsiyyət qurmalıdır.
NOCOMMENT